Ömrünün son günlərini ailəsinin yanında keçirmək istəyən məhbuslar…

Azərbaycanda bürokratiya və korrupsiya bu məsələdə də insanların yolunu kəsir

Halbuki, qanun ağır xəstəlikdən əziyyət çəkən məhkumların vaxtından əvvəl azadlığa buraxılmasına imkan verir

Azərbaycanda ən problemli sahələrdən biri səhiyyədir. Bircə gün Azərbaycan-Iran sərhədində müşahidə aparmaq kifayətdir ki, ölkəmizdə bu sahədəki durumla bağlı müəyyən təsəvvür yaransın. Heç kimə sirr deyil ki, keyfiyyətsiz müalicə, qeyri-peşəkarlıq üzündən maddi imkanı olan xəstələr Qərbin inkişaf etmiş ölkələrindəki klinikalara, maddi durumu nisbətən zəif olanlar isə dəstə-dəstə Irana üz tutur. Əgər azadlıqda olan, “əli hər yerə çatan” adamlar müalicə üçün belə əziyyətlərə qatlaşmalı olurlarsa, həbsdə olan xəstələrin vəziyyətini təsəvvür etmək çətin deyil.

Hərçənd, məhkumların saxlanma şəraiti istər yerli qurumların, istərsə də beynəlxalq təşkilatların diqqətdə saxladığı məsələlərdəndir. 2000-ci ildə Azərbaycanda qanunvericilik bazası təkmilləşəndən, məhkəmə-hüquq islahatları aparılandan sonra bu sahədə müəyyən dəyişikliklər baş verib. Dövlətin ayırdığı vəsait də ilbəil artan xətt üzrə davam edib. Bütün bunlara baxmayaraq, penitensiar sistemdə korrupsiya, işgəncə, məhkumların saxlanma şəraiti, o cümlədən müalicəsi, xəstə dustaqlara münasibətlə bağlı onların özlərindən və ya yaxınlarından mediaya çoxsaylı şikayət məktubları daxil olur. Maraqlıdır, ağır xəstəliyə tutulmuş məhkumların müayinə və müalicəsi üçün cəzaçəkmə müəssisələrindəki tibb məntəqələrində, Penitensiar Xidmətin Müalicə Müəssisəsində şərait, imkan varmı? Qanunvericilik səhhətində ciddi problemlər olan məhkumlar üçün nə deyir?

Məhbus istədiyi həkimi dəvət edib, müalicə oluna bilər

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən “Azadlıq”a bildirilib ki, Azərbaycanda müalicəsi mümkün olan bütün xəstəliklər üzrə məhkumların müalicə almasına şərait və imkan var: “Bütün cəzaçəkmə müəssisələrində tibb məntəqələri fəaliyyət göstərir. Səhhətində nisbətən yüngül problem olan məhkumlar orada müayinə və müalicə oluna bilir. Xəstəliyi ciddi olanlar artıq Nərimanov rayonu, Böyükşor qəsəbəsində yerləşən Ədliyyə Nazirliyi Baş Tibb Idarəsinin Müalicə Müəssisəsinə köçürülür. Orada lazımi qaydada müayinə və müalicə olunmaq mümkündür, kifayət qədər peşəkar həkimlər çalışır, müasir tibbi avadanlıqlarla təchiz olunub, dərmanlar var. Bir də var, Ixtisaslaşmış Müalicə Müəssisəsi. Bu, Binə qəsəbəsində yerləşir. 3 saylı bu müəssisədə əsasən vərəmli məhkumlar müalicə olunur. Müəssisədə diaqnostik laboratoriya və aptek, rentgen aparatları və kameraları, ümumi yaşayış yerlərini maksimum səviyyədə təmiz hava ilə təchiz emək üçün quraşdırılmış mükəmməl ventilyasiya sistemi var. Bu müəssisədə DOTS-plus müalicə metodundan istifadə olunur. Bu metodla müalicə nəticəsində xəstəlik uzağı 9 ay ərzində tam sağalır”.

Qeyd edək ki, DOTS metodunun tətbiqinə Beynəlxalq Qırmızı Xaç Komitəsinin layihəsi əsasında başlanıb. Məlumata görə, layihənin tətbiqi nəticəsində vərəmdən dünyasını dəyişən məhkumların sayı dəfələrlə azalıb. Məsələn, 1995-ci ildə bir ildə cəzaçəkmə müəssisələrində 470 məhkum vərəmdən vəfat edirdisə, indi bu rəqəm ən azı 40 dəfə aşağı düşüb.

Penitensiar Xidmətdən onu da bildirdilər ki, baxmayaraq ki, Ədliyyə Nazirliyi Baş Tibb Idarəsinin Müalicə Müəssisəsində kifayət qədər peşəkar həkimlər çalışır, amma məhkum öz istəyinə uyğun olaraq, kənardan da etibar etdiyi həkimi dəvət edə, onun uyğun bildiyi metod və dərmanlarla müalicə oluna bilər. Hətta kənardan dəvət olunan həkim Müalicə Müəssisəsində məhkum üzərində cərrahiyyə əməliyyatı da apara bilər: “Özümüzün də peşəkar həkimlərimiz var, onlar ən müxtəlif xəstəlikləri müalicə edir, lazım gəldikdə cərrahiyyə əməliyyatı həyata keçirirlər. Hətta dəfələrlə böyrək əməliyyatları da olub. Amma məhkum özünün və ya yaxınlarının etibar etdiyi həkimin nəzarətində olmaq istəyirsə, buna da qadağa yoxdur. Hətta kənardan dərman alınıb gətirilməsinə də icazə var”.

Vəziyyəti son dərəcə ağır olan, onkoloji və buna bənzər sağalmaz xəstəliyə tutulan şəxslərə gəlincə, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu cür məhkumlar məhkəmə qərarı ilə vaxtından əvvəl evə buraxılır.

Məhbuslar daha çox hansı xəstəliklərdən əziyyət çəkir?

Ədliyyə Nazirliyi Baş Tibb Idarəsinin rəisi Rəfael Mehdiyev mətbuata açıqlamasında deyib ki, məhkumlar arasında əsasən ürək və onkoloji xəstəliklər geniş yayılıb. Onun sözlərinə görə, yoluxucu xəstəliklər də nisbətən çoxdur: “HIV-ə, vərəmə yoluxmuş xəstələr də var. Bütün xəstə məhkumların müalicəsi tərəfimizdən həyata keçirilir”. R.Mehdiyev ağır xəstəliyə tutulmuş məhkumların vaxtından əvvəl azadlığa buraxılmasından da danışıb: “Bu il məhkumlar arasında xəstəlikdən ölənlər olub. Lakin bu cür halların sayı getdikcə azalır. Biz məhkumların sağlamlığı üçün adekvat addımlar atırıq. 2013-cü ildə 10 məhkum ağır xəstə olduğu üçün azadlığa buraxılıb. Yəni, Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş xəstəlik siyahısı var ki, o cür xəstələrin sağlamlığına məhkumluq təsir edir. Bu cür xəstələr azadlığa buraxılır”.

Ədliyyə naziri yanında Penitensiar Xidmətə Nəzarət üzrə Ictimai Komitənin üzvü Sahib Məmmədov deyir ki, son dövrlərdə məhkumların tibbi xidmətə çıxış imkanları xeyli yaxşılaşdırılıb: “Bu səbəbdən də məhkumlar arasında ölümün səviyyəsi azalıb.ÿDigər tərəfdən, məhkumların vərəmdən müalicəsi ilə bağlı irəliyə doğru addım var. Vərəmə qarşı müalicənin ən müasir üsulları tətbiq olunur”.

Sahib Məmmədovun sözlərinə görə, məhkumun müalicəsi Ədliyyə Nazirliyinin tabeliyində olan müalicə müəssisəsində mümkün deyilsə, bu halda, məhkumun müalicəsi üçün mülki müalicə xəstəxanalarına müraciət olunmasına imkan verilir.

Komitə üzvü məhkumların əsasən hansı xəstəliklərdən şikayətləndiklərini də açıqlayıb: “Mədə ağrısı, psixoloji problemlərdən şikayətlənənlər daha çox olur. Məlum olduğu kimi, narkotik maddələrin istifadəsilə məşğul olan, bu maddə ilə titulan şəxslər məcburi müalicəyə cəlb olunur. Heç kimə sirr deyil ki, cəzaçəkmə müəssisələrində belə məhkumların sayı həddindən artıq çoxdur. Amma Müalicə Müəssisəsində belə məhkumların müalicəsi üçün yer azdır. Ona görə də şikayətlənirlər ki, biz vaxtında müalicə oluna bilmirik, bu üzdən şərti vaxtından əvvəl azad olunma imkanından istifadə edə bilmirik. Bir də əlillik dərəcəsinin alınmasında yaradılan çətinliklərdən şikayətlənirlər. Bu problem cəzaçəkmə müəssisələrinin rəhbərləri də etiraf edir. Onlar da narazıdır ki, Tibbi Sosial Ekspert Komissiyası yarıtmaz fəaliyyət göstərir, vaxtında gəlmir. Vərəmli məhkumlara gəlincə, həbsdə olanlar arasında belə xəstələrin sayı qat-qat azdır, nəinki yeni həbs olunan, yəni, çöldən gələn dustaqlar”.

Sahib Məmmədov onu da qeyd edib ki, çarəsiz xəstəliyə tutulan, müalicəsi heç bir effect verməyən məhkumlarla bağlı əvvəllər xüsusi komissiya fəaliyyət göstərirdi. Bu komissiya vəziyyəti araşdırıb qiymətləndirir, verilən rəy və məhkəmə qərarı əsasında, həmin şəxslər ömrünün son günlərini yaxınlarının yanında keçirsin deyə, vaxtından əvvəl azadlığa buraxılırdı: “Fəaliyyətində sui-istifadə hallarına yol verildiyinə görə  komissiyanın fəaliyyəti dayandırıldı. O komissiyanın fəaliyyətinin sonradan bərpa olunub-olunmadığını bilmirəm. Amma vaxtından əvvəl şərti azad edilmə ilə bağlı bir komissiya fəaliyyət göstərir. Obyektivliyin təmin olunması üçün komissiyanın tərkibinə ictimaiyyət nümayəndələri də daxil edilib. Şəxsən mən də həmin komissiyanın üzvüyəm”.

Qanun nə deyir?

“Azadlıq”a daxil olan bir sıra şikayət məktublarında ağır xəstəlikdən əziyyət çəkən məhkumların yaxınları onların vaxtından əvvəl azadlığa buraxılması, ən azı, ömrünün son günlərini evində keçirə bilməsi üçün edilən müraciətlərə laqeyd münasibətdən gileylənirlər. Daha doğrusu, xəstə məhkumlar və onların ailə üzvləri bu prosesdə də bürokratiya, korrupsiya amillərilə üzləşməli olur.

Cəzaların Icrası Məcəlləsinin 167-ci maddəsində məhkumların cəza çəkməkdən azad edilməsi üçün nəzərdə tutulmuş əsaslardan biri məhz xəstəlikdir. Bundan başqa, Cinayət Məcəlləsinin 78.2-ci maddəsində göstərilib ki, cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad oluna bilər.

Aytən Məmmədova