Sakinlər Icra Hakimiyyətindən deyilən rəqəmlərin yalan olduğunu bildirirlər
Bakının “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 1650-ə çatıb. Bu barədə APA-ya Yasamal Rayon Icra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri, icra başçısının birinci müavini Səməd Islamov məlumat verib.
O deyib ki, 1126 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq 1094 əmlak sahibinin bank hesabına vəsait köçürülüb. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsilə aparılır.
Komissiya sədri söküntü ərazisinə düşən 3300 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, 204 mənzil və qeyri-yaşayış sahəsinin söküldüyünü də açıqlayıb.
Qeyd edək ki, “Sovetski” məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır.
“Azadlıq”a danışan “Sovetski” sakini Fuad Dərgahlı deyir ki, sözügedən ünvanda kimin mənzilinin sahəsi böyükdürsə, o, hökumətin təyin etdiyi kompensasiya ilə razılaşır.
“Mənim evimin sahəsi 16 kvadrat metrdir. Bir kvadrat metr üçün 1500 manat verirlər. Evimə görə, bizə düşən vəsait 24 min manat edir. Bu pulla hardan mənzil ala bilərəm? Bakıda qiymətlər günü-gündən bahalaşır. Bizim qonşuluqda yeni tikilən binada mənzillərin bir kvadrat metri 3 min manatdan aşağı deyil. Normal pul versinlər, çıxıb gedək”, – deyə “Sovetski” sakini bildirib.
Sakinlər hökumətlə razılaşanların sayı barədə icra başçısı müavininin səsləndirdiyi rəqəmləri inandırıcı saymırlar. Onların sözlərinə görə, “Sovetski”dən cəmi 500-600 ailə köçüb: “Yalan deyirlər ki, camaat köçür. Halbuki, hamı evindədir. Heç kim kvadratı 1500 manatla razılaşmır. Yayılan məlumatların heç bir əsası yoxdur. Bu cür xəbərləri yayırlar ki, camaat tez köçsün”.
Ramin DEKO


