«Endirilən dinlə uydurulan dinin bu məsələyə baxışları fərqlidir»
Din və Demokratiya Mərkəzi 2014-cü il iyunun 14-də “İslamda ailə mədəniyyəti” mövzusunda konfrans keçirib.
“Ailə mədəniyyəti ənənələrini yabançı dini təmayüllərin mənfi təsirlərindən qorumaq yönümündə maarifçilik tədbirləri” layihəsi çərçivəsində keçirilən tədbirdə ilahiyyatçılar, jurnalistlər, müəllimlər və psixoloqlar iştirak edib.
Layihənin əlaqələndiricisi Vasif Sadıqlı xalqımızın tarix-mədəni irsinə müraciətlə iştirakçıların diqqətini ailə ənələrimizlə bağlı Azərbaycan tarixindən və ədəbiyyatından konkret nümunələrə yönəltdi. Məruzəçi eyni zamanda bu ənənələri təhdid edən məqamlara da aydınlıq gətirdi. Tədbirdə ekspert qismində iştirak edən tanınmış ilahiyyatçı ailm Nəriman Qasımoğlu qeyd edib ki, erkən evliliyi təbliğ edənlər saxta dini rəvayətlərdən başqa belə bir uydurma “dəlil”ə də istinad edirlər ki, guya müqəddəs Kitabımız Qurani-Kərimdə də azyaşlılarla evlənməyə icazə varmış. “Müasir teologiya müstəvisindən baxanda bu arqumentlərinin saxtalığı aydın olur. Müqəddəs Kitabımız erkən evliliyi birmənalı olaraq rədd edir. Quranda nikah yaşının yetkinlik yaş dövrünə aid olduğunu xatırladan ayələr var”. Sonra konfrans içtirakçıları müzakirə edilən məsələ ətrafında fikirlərini paylaşdılar. Bakı Dövlət Universitetinin müəlliməsi Qəmər Mürşüdlü, , QHT sədri Xanoğlan Əhmədov, ilahiyyatçı alimlər Ceyhun Məmmədov və Vüqar Qəhrəmanov, orta məktəb müəllimələri Sahilə Hacıyeva və Zöhrə Əliyeva, jurnalist Arzu Abdulla və başqaları ailə ənələrini təhdid edən təfərrüatlara diqqət çəkərək bu sahədə maarifçilik işinin gücləndirilməsi zərurətindən danışdılar. «Gündəlik Teleqraf» qəzetinin əməkdaşı Qurban Yaqubov bu maarfiçilik işinə dövlət proqramlarında xüsusi yer ayrılmasının vacibliyini vurğuladı.
Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilib.



