Mingəçevir SES-lə bağlı qorxulu proqnoz

Fəqan Əliyev: «Qəza baş verəcəyi təqdirdə su yarım saatdan sonra 30 yaxın rayonu Xəzərə tökəcək»

Telman Zeynalov: «Səslənən fikirlərin heç bir əsası yoxdur və su anbarı seysmik zonada yerləşmir»

Son günlər mütəxəssislər Mingəçevir su anbarı ilə bağlı həyəcanlı fikirlər səsləndirirlər. Qeyd edək ki, Mingəçevir su anbarı 1953-cü ildə tikilib və ölkə enerjisinin 70 faizini SES təmin edir. Iyunun 10-da Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Mingəçevirdə baş verəcək zəlzələnin fəsadları haqqında danışıb. O bildirib ki, Kür daşqınları nəticəsində anbarda məcrasından çıxan hövzələrdə suyun axınının səviyyəsi aşağı salınmışdı.  O qeyd edib ki, həmin ərazi seysmoloji ərazidir: “Orada kompleks tədqiqatlar aparmaq lazımdır. Su anbarında monitorinq sistemi qurulmalıdır. Seysmiklik təhlükəli həddə qədər artmaqdadır”- deyə Qurban Yetirmişli bildirib.

Beynəlxalq Eko-Energetika Akademiyasının prezidenti Fəqan Əliyev isə “Bakı Xəbər”ə açıqlamasında bildirib ki, hər hansı qəza baş verəcəyi təqdirdə vurula biləcək zərərin dərəcəsi önəmlidir: “Dəqiq hesablamalara görə, qəza baş verəcəyi təqdirdə su yarım saatdan sonra 30 yaxın rayonu Xəzərə tökəcək. Çıxış yolu tdricən SES-dən imtina etməkdir”.

Mingəçevirdən seçilmiş millət vəkili Aydın Mirzəzadə “modern.az” saytına açıqlamasında bildirib ki, su anbarının zəlzələ zonasında olması çoxdan aydındır və heç bir həyəcan təbilinə ehtiyac yoxdur. Su anbarı inşa olunarkən bütün bu faktorlar nəzərə alınaraq inşa olunub. Ən güclü zəlzələnin belə anbara zərər vermə ehtimalı çox zəifdir. Fəaliyyət göstərdiyi 60 il ərzində müxtəlif gücdə zəlzələlər olsa da, su anbarına hər hansısa bir zərər vurmayıb. Digər tərəfdən, onu da qeyd edim ki, artıq bir neçə ildir su anbarının qorunması Fövqəladə Hallar Nazirliyinə verilib. Nazirlik anbarın qorunması ilə bərabər müvafiq qabaqlayıcı tədbirlər görməklə də məşğul olur”,- deyə A.Mirzəzadə əlavə edib.

Ekoloq Telman Zeynalov “Azadlıq”a açıqlamasında bildirdi ki,  Mingəçevir su anbarının seysmik zonada yerləşməsilə bağlı yayılan xəbərlər əsassızdır və bəzi adamlar nədən danışdıqlarının fərqinə varmırlar: “Əgər ora seysmik zona olsaydı, Mingəçevir SES-i o ərazidə tikməzdilər. Təbii ki, Mingəçevir SES partlasa, ölkə Xəzərə tökülər. Ancaq indi belə bir təhlükə yoxdur və başa düşmürəm ki, mütəxəssislər niyə ictimaiyyəti çaşdırırlar. Gündə bir savadsız mütəxəssis ortaya çıxır və əsası olmayan fikirlər səsləndirir. Pulnan alimlik dərəcəsi alanlar, dissertasiya müdafiə edənlər, gündə bir məlumat yayırlar. Fəqan Əliyev də bu sahə üzrə mütəxəssis deyil. Amma hər məsələyə münasibət bildirir. Əgər həmin zonada qəsdən partlayış törədilməsə, heç bir təhlükə olmaz”.

Akif