Fuad Qəhrəmanlı: «Novruz Məmmədovun açıqlaması manevr imkanı saxlamağa xidmət edir»
Rusiyanın mayın 29-da Astanada təsis edilmiş Avrasiya Iqtisadi Ittifaqına qoşulmaq üçün Azərbaycana rəsmi dəvət göndərməsinə hakimiyyətdən gələn reaksiya maraq doğurmaya bilməz. Bu barədə açıqlama verən Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Avrasiya Iqtisadi Ittifaqı dünya arenasında yeni “güc mərkəzi”inə çevriləcək. Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun bu məsələyə münasibəti sual doğurur. O, jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanın hələlik Avrasiya Ittifaqına qoşulmaq niyyəti yoxdur. Biz hələlik bu barədə düşünmürük.
Novruz Məmmədovun “hələlik” ifadəsi işlətməsi diqqətdən yayınmayıb. Ekspertlər hesab edir ki, Azərbaycan bu məsələdə kifayət qədər ehtiyatlı mövqe sərgiləməyə üstünlük verir. Amma o da vurğulanmalıdır ki, Azərbaycan ilk dəfə deyil ki, mühüm geosiyasi proseslərdə bu cür qeyri-müəyyən mövqe sərgiləyir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, Azərbaycanın Avrasiya İttifaqı ilə bağlı birmənalı mövqe ifadə etməməsi onunla bağlıdır hakimiyyət özü üçün manevr imkanlarını saxlamağa çalışır. F.Qəhrəmanlının fikrincə, N.Məmmədovun mövqeyini «Azərbaycanın hələlik fikri yoxdur» kimi ifadə etməsi onu deməyə əsas verir ki, Azərbaycanın hazırda belə bir niyyəti olmasa da bu mövqe gələcəyə şamil edilmir: «Novruz Məmmədovun dedikləri o anlama gəlir ki, Avroasiya İttifaqı ilə bağlı Azərbaycanın birmənalı mövqeyi yoxdur. Bu diplomatik yol ilə manevr saxlamaq metodudur. Digər tərəfdən birmənalı mövqeyin ifadə olunmaması onunla bağlıdır ki, Azərbaycan xarici siyasətində neçə ildir ki, məhz Rusiyaya istiqamətlənən xarici siyasət kursu nəzərə çarpır. Bununla hakimiyyət mövqeyindən Qərbə qarşı bir şantaj vasitəsi kimi də istifadə edir. Azərbaycan əslində Rusiya faktorundan istifadə edərək Qərbdən demokratiya ilə bağlı tələblərin qarşısını almağa çalışır».
F.Qəhrəmanlının qənaətincə, əgər bu şantaj nəticə vermiş olsaydı o zaman Azərbaycan yenə əvvəlki mövqeyinə qayıdaraq Qərblə əlaqələrini davam etdirəcəkdi. Amma hələlik Azərbaycanın bu xarici syiasətinin bir nəticə vermədiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, Qərbin mövqeyində nəinki Azərbaycana qarşı yumuşalma hiss olunmayıb, əksinə Azərbaycanın xarici siyasətindəki qeyri-sabitlik üzündən ölkəmizə yönələn təzyiqlər daha da artıb: «Əgər Azərbaycanla bağlı Qərbdən gələn təzyiqlərdə yalnız demokratiya məsələsi gündəmə gətirilirdisə, hazırda geosiyasi orentasiyanın dəyişdirilməsi də diqqət mərkəzindədir. Nəticədə Azərbaycana təzyiqlər daha da sərtləşib».
F.Qəhrəmanlı hesab edir ki, Azərbaycan son zamanlar xarici siyasətində Rusiyanın maraqlarına və Azərbaycan Avrasiya İttifaqına üzv olmasa da, Kremlin maraq və istəklərinə uyğun siyasət yürütməkdədir. «Bu münasibətlər o qədər dərinləşib ki, artıq Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü gündəmə gəlib», deyə F.Qəhrəmanlı vurğuladı.
Xəyal


