Vəfa Quluzadə: «Qərb Türkiyə vasitəsilə Iranı özünün tərəfdaşına çevirmək istəyir»
Iranın prezidenti Həsən Ruhaninin Türkiyəyə səfəri bir sıra mühüm addımların atılması ilə nəticələnib. Ekspertlərin fikrincə, Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhaninin Türkiyə-Iran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Birinci toplantısındakı müzakirələri gələcək perspektivlər vəd edir. Yığıncaqdan sonra iki liderin razılıq əldə etdiyi ortaq bəyanatlar mətbuata yayılıb.
Məlumatda iki ölkə xalqlarının rifah səviyyəsini irəli aparacaq və regional sabitliyin inkişaf etdirilməsinə töhfə verəcək iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkilib.ÿTicarət dövriyyəsinin 2015-ci ilədək 30 milyard dollara çatdırılması hədəfə alınıb. Digər bir məsələ isə bank və enerji sahəsindəki iş birliyi olub. Iki ölkə arasındakı uçuşların sayının artırılması da diqqət mərkəzində olub. Məlumatda Türkiyə və Iranın nüvə və digər kütləvi qırğın silahlarından təmizlənmiş bir Orta Şərqi dəstəklədiyi bildirilir.
Toplantıda, Suriya, Iraq və Əfqanıstan daxil olmaq üzrə regiondakı anlaşılmazlıqların xalqların qanuni hüquqları istiqamətində siyasi həllini tapması və humanitar yardımlar çatdırılması mövzusunda danışıqlar olub.ÿ
Fələstin problemi isə ayrı bir müzakirə mövzusu olub. Bundan başqa, Iran, Türkiyənin 2015-2016-ci illərdə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyü namizədliyinə tam dəstək verdiyini bəyan edib.
Türkiyə ilə Iranın əməkdaşlığını bu səviyyədə dərinləşdirməsi regiona nə vəd edir? Iki böyük dövlətin əməkdaşlığı Azərbaycanın da yerləşdiyi regionun Qərbin inteqrasiyasını daha da sürətləndirə bilərmi?
Politoloq Vəfa Quluzadənin fikrincə, Iranla Türkiyə arasında yaşanan yaxınlaşma təsadüfi deyil. Ukrayna hadisələrinin fonunda regionda yeni situasiyanın yarandığını deyən V.Quluzadə vurğuladı ki, Qərb Rusiya ilə ciddi danışmağa hazırlaşır. Ona görə Qərb tədricən özünə bu istiqamətdə müttəfiqlər toplamaqdadır: “Qərb Şərqi Avropadakı qoşunlarının sayını artırır. Bundan başqa, Rusiyanın əsas enerji layihəsi olan ”Cənub axını”na zərbə vuruldu. Proseslərin bu cür cərəyan etdiyi bir zamanda Qərblə Iranın arasındakı qarşıdurma ikinci plana keçir. Qərb Türkiyə vasitəsilə Iranı özünün tərəfdaşına çevirmək istəyir. Əgər Iran qazı Türkiyə vasitəsilə Avropa bazarına çıxarılarsa, Qərbin Rusiyadan enerji asılılığına ciddi zərbə endirilə bilər”.
V.Quluzadə hesab edir ki, Türkiyə ilə Iranın yaxınlaşması Qərbin Rusiya ətrafındakı halqanı daraltma siyasətinin tərkib hissəsidir.
Xəyal


