Məhbus anası Müslimat Rzaxanova: «Məhbusların prezidentə əfv ərizəsi ilə müraciət etməsi məgər «rejim pozuntusu”durmu?»
Son zamanlar Azərbaycan həbsxanalarında saxlanma şəraitinin dözülməz vəziyyətdə olması, məhbuslara qarşı törədilən qanunazidd hərəkətlər, işgəncə və korrupsiya halları artmaqdadır. Vəziyyətlə barışmayan bir sıra məhbuslar aidiyyəti qurumlara və ölkə başçısına müraciət edərək kömək istəyirlər. Penitensiar Xidmət müraciəti araşdırmaq, problemləri həll etmək əvəzinə müraciət müəlliflərinə divan tutmaq yolunu seçib.
Verilən məlumatlara görə, bir neçə gün öncə 12 saylı cəzaçəkmə müəssisəsində baş verən qanunsuzluq, korrupsiya və işgəncə halları barədə dövlət başçısına müraciət edərək onu adı çəkilən həbsxanaya dəvət edən məhbuslara müəssisənin rəhbərliyi təzyiqlər edir.
Aidiyyəti qurumlara etdikləri müraciətə görə təzyiqlərə məruz qalan məhbusların bir qismi də Qobustan qapalı həbsxanasında cəza çəkən ömürlük məhbuslardır. “Siyasi Məhbuslarsız Azərbaycan” Ictimai Alyansına sözügedən həbsxanada cəza çəkən məhbus Şakir Rzaxanovun anası Müslimat Rzaxanova rəsmi məktubla müraciət edib. Alyansdan “Azadlıq”a daxil olan məktubda şikayətçi yazır ki, oğluna işgəncələr verirlər.
“Qobustan həbsxanasında ömürlük cəza çəkən oğlum Şakir Rzaxanov məhv edilməsinə yönəldilmiş, ona qarşı təzyiq və işgəncələr davam edir, həyatına real təhlükə yaranıb. Bu ayın 6-da aldığım məlumata görə, Şakir çox çətinliklə görüş ala bildiyi vəkili Ilqar Abdullayevlə görüşündən dərhal sonra cəzalandırılaraq 15 sutkalıq cərimə təcridxanasına köçürülüb. Həbsxanada baş verənlər barədə dövlət başçısına, cəmiyyətə məlumat verərək, dövlətimizin qanunlarına əhəmiyyət verməyən həbsxananın rəisi Şahin Osmanova səhəri gün zəng edərək, oğlumun cəzalandırılması səbəbini soruşduqda o, ”Şakirin məhbuslardan dövlət başçısına və digər rəhbərlərə ünvanlanan müraciətə imza topladığını, televizora baxdığını, pencərəyə taxta parçası qoyduğunu, əsasən də saxlanma rejimindən əlaqədar rəhbərliklərə “yalan” məlumatlı şikayət ərizələr yazdığına, nəzarətçi ilə kobud danışdığına görə cəzalandırıldığını” bildirdi. Rəis eyni zamanda mənim məhbus yaxınları ilə əlaqə saxladığıma, guya məhbusların evlərinə çəkiliş qrupu göndərdiyimə də iradını bildirməklə, həqiqətən Şakirə qarşı qərəzli, ziddiyyətli münasibətini özü təsdiqlədi.
Eyni zamanda bildirdim ki, məhbusların prezidentə əfv ərizəsi ilə müraciət etməsi məgər “rejim pozuntusu”durmu? Televiziyaya bütün məhbuslar hər zaman baxır, istədikləri keyfiyyətli radioqəbuledicidən istifadə edirlər, nədənsə Şakirə bütün bunlara qadağa qoyulub”,- deyə şikayətçi məktubunda qeyd edir.
Müslimat Rzaxanova oğlunun yanına köçürülən məhbuslara dəfələrlə Şakiri vurmaq göstərişi rəis verdiyini bildirir: “Bunu Şahin Osmanova deyəndə ”Əcəb eləyirəm, mən buranın rəisiyəm, istədiyim göstərişi verirəm!” dedi. Əgər həbsxana rəisi qanunazidd hərəkətlərinə, məhbuslara işgəncə verməsinə məsuliyyətsizcəsinə “əcəb eləyirəm” deyirsə, məhbusa qarşı qəddarlıq edəcəyi şübhəsizdir. Bu günlərdə 12 saylı Cəzaçəkmə Müəssisəsindən məhbusların dövlət başçısına müraciət etmələri heç də adi hal deyil. Dözülməz vəziyyət başqa həbsxanalarda da var. 12 saylı Cəzaçəkmə Müəssisəsində ölkə başçısına məhbusların müraciətində göstərilənlər Qobustan həbsxanasında daha qəddarlıqla davam etdirilir, ancaq məhbuslar belə müraciətdən məhrum ediliblər”.
Məsələylə bağlı Pentensiar Xidmətin Ictimaiyyətlə Əlaqələr Şöbəsiylə əlaqə saxladıq. “Tanınmayan və dövlət qeydiyyatına alınmayan qondarma ”Siyasi Məhbuslarsız Azərbaycan” Ictimia Alyansının yaydığı hər hansı məlumata Pentensiar Xidmət şərh vermir”,- deyə şöbədən “Azadlıq”a bildirdilər.
Qurumdan onu da qeyd etdilər ki, “Siyasi Məhbuslarsız Azərbaycan” Ictimai Alyansına və onun fəaliyyətinə Pentensiar Xidmət münasibət bildirəcək.
Ramin DEKO


