Insanlara şəfa verəni niyə edama məhkum etdilər?
Doktor Ceyms Rocers 1965-ci ildə “Massaçusset sınağı”na görə elektrik stulunda edama məhkum edilib. Ancaq edamdan iki gün əvvəl kamerada özünə qəsd edib. Pasiyentlərindən birinin ampulasını gətirdiyi sianid kaliumla özünü zəhərləyib.
Bu yaxınlarda isə doktor Rocersin işlədiyi “Massaçesut psixologiya və nevropatalogiya universiteti” rəsmən bəyan etdi ki, bu sınağın böyük elmi əhəmiyyəti var, effektivliyi isə danılmazdır. Bununla əlaqədar olaraq universitetin rektoru doktor Fill Rozentern Ceymsin sağ qalan qohumlarından üzr istəyib. Məsələ isə bundadır ki, doktor Ceyms Rocers müalicəsi mümkünsüz görünən xəstələr üçün unikal, özünün işləyib hazırladığı metodikadan istifadə edirdi. O, paranoyanı o dərəcədə gücləndirirdi ki, onun yeni dalğası əvvəlkini düzəldirdi. Başqa sözlə, əgər insan hesab edirsə ki, hər yerdə onun ətrafında böcəklər sürünür, doktor Rocers onu inandırırdı ki, əslində doğrudan da belədir və bütün dünyanı böcəklər bürüyüb. Bəzi çox həssas adamlar onları görür, digərləri isə buna o qədər öyrəşib ki, artıq sadəcə onları görmür. Dövlət də bütün bunlardan xəbərdardır, ancaq həyəcan yaratmamaq üçün bunu sirr olaraq saxlayır. Insan özünə tam əmin şəkildə çıxıb gedirdi və inanırdı ki, onunla hər şey qaydasındadır, vəziyyətlə barışıb və çalışır böcəkləri görməsin. Bir müddət sonra xəstə tədricən böcəkləri görməyi tərgidirdi. Yəni onları daha görmədiyini deyirdi.
Doktor Rocersə çıxarılan ölüm hökmü
Rocersin məhkəməsində onun yanında müalicə alan Aaron Platnovski adlı birisi çıxış edirdi. Bu şəxs özünü zürafə hesab edirdi. Heç bir məntiqi dəlillər, onun şəklini zürəfənin təsviri ilə müqayisə kömək etmirdi. Xəstə zürafə olduğuna tam əmin idi. O heç kimlə danışmır, yarpaqdan başqa yemək qəbul etməkdən imtina etmişdi.
Doktor Rocers tanış bioloqlardan birindən guya alimləri son dərəcədə heyrətləndirən son kəşfi az-çox elmi dildə izah edən kiçik məqalə yazmağı xahiş edir: təbiətdə insanlardan, demək olar, heç nə ilə fərqlənməyən zürafələr mövcuddur. Yəni fərq ancaq ondadır ki, onların ürəyi bir qədər böyükdür, öd kisəsi bir az balacadı. Ancaq davranışı və xarici görünüşü, hətta düşüncə obrazı tam eynidir. Alimlər bu informasiyanı çaxnaşma salmamaq üçün açıqlamır. Məqaləni oxuyan hər kəs isə onu yandırmalıdır. Bundan sonra xəstə sakitləşdi və adi həyata qayıtdı. Məhkəmə prosesi gedən zaman o, Koloradoda böyük firmada auditor işləyirdi. Ancaq təəssüf ki, məhkəmə doktor Rocersi şarlatan, sınağı isə qeyri-insani hesab etdi. Onu ölüm hökmünə məhkum etdilər. O, son söz deməkdən imtina etsə də, hakimə məktub verir və onu hansısa qəzetdə çap etdirməyi xahiş edir.
Doktorun ölümündən sonra çap olunan məktub
Məktubu “The Massachusetts Daily Collegian” nəşri dərc etdi. Məktub bu sözlərlə başa çatırdı: “Siz həddən artıq bir fikrə öyrəşmisiniz ki, hamı dünyanı eyni cür dərk edir. Ancaq bu belə deyil. Əgər siz bir yerə yığışıb sizin üçün adi və aydın təsəvvürləri bir-birinizə danışmağa cəhd etsəniz, onda anlayacaqsınız ki, hamınız tamamilə fərqli dünyalarda yaşayırsınız. Yalnız sizin komfortunuz psixoloji rahatlığınızı müəyyən edir. Bu halda özünü zürafə hesab edən adam və dünyada bu təsəvvürlər yaşayan adam otun yaşıl, səmanın isə mavi olduğunu hesab edən adam qədər normaldır. Sizlərdən kimsə UNO-ya, kimsə Allaha, kimsə səhər yeməyinə və bir fincan kofeyə inanır.
Öz inamınızla harmoniyada yaşayarkən siz tamamilə sağlamsınız. Ancaq öz nəzər nöqtənizi müdafiə etməyə başlayan kimi – Allaha inam sizi öldürməyə məcbur edəcək, UNO-ya inam – oğurlanmaqdan qorxu yaradacaq, səhərlər bir fincan kofeyə inam – dünya görüşünüzün mərkəzi olacaq və həyatınızı dağıdacaq. Fizik sizə öz dəlillərini gətirəcək ki, səma mavi rəngdə deyil, bioloq isə sübut edəcək ki, ot yaşıl deyil. Sonda siz boş, soyuq və sizə tamamilə tanış olmayan bir dünya ilə təkbətək qalacaqsınız. Bu da çox güman ki, bizim dünyamızdır. Ona görə də dünyamıza hansı kabusları məskunlaşdırmağınızın fərqi yoxdur. Hələ ki, siz onlara inanırsınızsa, onlar mövcuddur, hələ ki, siz onlarla döyüşmürsünüzsə – onlar təhlükəli deyil”.
azadliq.info


