
Ukraynada baş verənlər bütün dünyanın gündəmini zəbt etdi və qlobal bir məsələyə çevrildi. Ukrayna xalqı Yanukoviç hakimiyyətinin Rusiyameylli siyasətinə etiraz etdi və avrointeqrasiya istəyini reallaşdırdı. Ölkədə yeni seçkilər keçirildi və Pyotr Poroşenko xalqın səsini qazanaraq, Ukraynanın prezidenti oldu.
Hadisələrin gedişində hiss olundu ki, Azərbaycan hakimiyyəti Ukraynada baş verənlərdən narahatdır və Ukrayna xalqının etirazını mənfi qiymətləndirir. Televiziyada aparılan təbliğat, hökumətin nəzarətində olan qəzetlərin yanaşması da ondan xəbər verdi ki, baş verənlər Azərbaycan ictimaiyyətinə “faciə” kimi təqdim olunur.
Ancaq, Rusiyanın Krımı işğal etməsi, 100-dən artıq ölkənin bu siyasəti pisləməsi, Azərbaycan hakimiyyətin məcbur etdi ki, könülsüz də olsa, BMT-dəki səsvermədə Ukraynanın ərazi bütövlüyünə səs versin. Bu səsvermədən sonrakı mərhələlərdə isə, hakimiyyət “gizlənməyə” başladı və sürüşkən ifadələrlə əsas mətləbdən yayınmaq yolunu tutdu.
Bütün bu yaxın keçmişə ekskurs etməyimizin məqsədi, Ukrayna prezidenti Pyotr Poroşenkonun inauqurasiya mərasimində Ilham Əliyevin iştirak etməməsinə işıq salmaqdır.
Bir qayda olaraq hakimiyyət Ukrayna ilə sıx əməkdaşlıqdan, qardaş ölkə olmağımızdan və səmimi münasibətlərdən ağız dolusu danışır. Digər tərəfdən hər iki ölkə GUAM-ın üzvüdür, Avropa Ittifaqı ilə birgə əməkdaşlıq edəcəklər və Ukraynanın tarixində yeni bir dönəm başlayır. Yəni, kifayət qədər məqamlar var ki, Ilham Əliyevin bu tədbirdə iştirakını zəruri edirdi.
Başqa maraqlı məqam ondan ibarətdir ki, Avrasiya Ittifaqının üzvü olan, Qərbə inteqrasiyadan yayınan Belarusun prezidenti Lukaşenko bu tədbirdə iştirak etdi və Krımın geri qaytarılmasının vacibliyini söylədi. Ümumiyyətlə, Ukraynada baş verənlərə Lukaşenko dəfələrlə qətiyyətli mövqe bildirib və Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edib. Bəs, Ilham Əliyev bu inaqurasiyada niyə iştirak etmədi?
Qeyd edək ki, Ilham Əliyev belə mərasimlərdə həmişə iştirak edir və dünya liderləri ilə yan-yana dayanmaqda həvəsli görünür. Nəzərə alsaq ki, Poroşenkonun inaqurasiyasında 20-dən çox ölkənin prezidenti, 56-dan çox ölkənin nümayəndələri iştirak edib, o zaman Ilham Əliyev bu kontingentin sırasında dayanmağa maraqlı olmalıydı.
Bəs, biz nəyin şahidi olduq? Nüfuzlu ITAR-TASS agentliyi məlumat yaydı ki, spiker Oqtay Əsədov Rusiya nümayəndə heyətinə dəstək vəd edib və Ukrayna məsələsində Rusiya ilə eyni platformadan çıxış edəcəklərini bildirib. Oqtay Əsədov bunu təkzib etsə də, bu günə qədər ITAR-TASS bununla bağlı təkzib verməyib.
Ümumi mənzərəni seyr edəndə aydın olur ki, Ilham Əliyevin Poroşenkonu şəxsən təbrik etməməsi, Rusiya faktoru ilə bağlıdır.
Baş verənlər həm də onu göstərdi ki, “bizim öz yolumuz var”, “heç kim bizim daxili işimizə qarışa bilməz”, “biz müstəqil siyasət yürüdürük” kimi ifadələr ölkə vətəndaşları üçün keçərlidir. Yəni, ölkə başçısı nə qədər həvəsli görünsə də, Rusiya faktoru Ukraynaya qədər getməyə imkan vermədi. Lukaşenko isə, nə qədər müstəqil, qətiyyətli olduğunu bir daha göstərdi. Ən azı sübut etdi ki, dediyi sözləri əməli ilə də təsdiqləməyə qadirdir.
Akif


