Avtobuslarda kart sistemilə ödəniş kimlərə sərfəlidir?

Sürücülər qeyri-müəyyənlik içindədir…

Bakıda metrodan sonra avtobuslarda da gedişhaqqının kartla ödənilməsi sisteminin tətbiqinə başlanıb. Rəsmi məlumatlara görə, bu il mayın sonuna qədər 100-ə yaxın avtobusda kart aparatları (validator) quraşdırılıb. 2015-ci ildə keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına kimi bu sistem tam işlək olmalıdır.

Nəğd ödəniş həm sürücülərə, həm də sərnişinlərə sərfəlidir

Ötən gün paytaxtın bir neçə ərazisində müşahidə apardıq. Metronun “Gənclik” stansiyasının qarşısında dayanan 133 saylı avtobuslara validatorlar quraşdırılıb. Ancaq bu sistemdən nə sürücülər, nə də sərnişinlər yararlanır. Səbəb kimi isə nəğd şəkildə gedişhaqqı ödənişinin daha rahat olmasıdır.

Eyni halla 77, 96, 165 saylı avtobuslarda da qarşılaşdıq. Sürücülərlə söhbət zamanı məlum oldu ki, kart sistemi onlar üçün əlverişli deyil.

“Bilmirik ki, kart sistemi quraşdırılandan sonra bizə nə qədər pul veriləcək. Aylıq maaşımızın məbləği barədə söhbət getmir. Deyiblər ki, sistem tam işə düşəndən sonra müqavilə bağlanacaq. Bilmirik ki, bu bizə sərf edəcək, yoxsa yox. Ancaq indiki şərtlərlə işləməyimiz daha yaxşıdır. Çünki gündəlik plan var, onu ödəyirik, iş bitir. Ya bizə ”London taksiləri”ndəki kimi plan qoyacaqlar, o pulu ödəyəndən sonra nə qalsa, sürücülərə çatacaq, ya da yığılan bütün pullar rəhbərliyə çatacaq, başqa xərcləri də özləri qarşılayacaqlar, biz isə aylıq maaş alacağıq. Aylıq maaş normal olsa, hamı razılaşar. Ancaq inanmırıq ki, Nəqliyyat Nazirliyi bunu eləsin. “London taksiləri”nin sürücülərinə də əvvəl deyildi ki, maaş alacaqsız, hətta bir müddət belə də oldu, sonradan bu sistemi yığışdırdılar”, – deyə sürücü Samir Quliyev bildirir.

Amma kart sisteminin qısa müddətdə işlək olmasını arzu edən sürücülər də var. Nadir Babayev deyir ki, kart sistemi işə düşərsə, sürücülərlə sərnişinlər arasında narazılıq kəskin azalacaq: “Indiki şərtlərlə, gündəlik planı çatdırmaq üçün sərnişin harda dayanırsa, biz də orada saxlamaq məcburiyyətində qalırıq. Çünki üzərimizə qoyulan gündəlik plan kifayət qədər yüksəkdir. Belə olan halda, biz özümüz də istəmədən yollarda tıxac yaranmasına səbəb oluruq. Ancaq kart sistemi olsa, bizə maaş verəcəklər. Ona görə dayanacaqdan kənar saxlamaq, planı çıxarmaq kimi məcuburiyyətimiz olmayacaq. Sərnişin də məcbur olub dayanacaqda gözləyəcək, ”svetofor”da qapının açılmasını tələb etməyəcək”.

“Bir gündə heç 2 manat yüklənmir”

Ekspertlər hesab edir ki, Bakıda bu sistemin tətbiqində ciddi problemlər var. Nəqliyyat sahəsi üzrə ekspert Məzahir Rüstəmov “anspress”ə açıqlamasında bildirib ki, sistemin düzgün qurulmadığı əvvəldən məlum idi. Ekspert bunun səbəbini sahibkarlarla sürücülər və nəqliyyat departamenti arasında münasibətlərin düzgün tənzimlənməməsində görür: “Unutmaq olmaz ki, arada maliyyə məsələsi var. Bu sistemin qurulmasına külli miqdarda vəsait xərclənib. Amma bu sistemi qurarkən sahibkarları nəzərə almadılar. Sahibkarların hüquqları da nəzərə alınmalıydı”.

Ekspertin fikrincə, Nəqliyyat Nazirliyi sahibkarların imkanlarını olduqca məhdudlaşdırır: “Sahibkarlar minnətli işləyir. Sürücülər də sahibkarlara minnətli qalır. Istər qəzaların artması, istərsə də sürücü mədəniyyətsizliyi buradan qaynaqlanır. Bütün bunların bir çıxış yolu var. Gərək Bakıda nəqliyyat sistemi kökündən dəyişdirilsin”.

Sahibkarlar da ekspertlərin fikirlərilə razılaşırlar. Onlar da, yeni qurulan sistemin işləməyəcəyini deyir.

Adının çəkilməsini istəməyən sahibkardan öyrəndik ki, artıq 6 aydan çoxdur avtobuslarda validatorlar quraşdırılıb. Ancaq kartlardan istifadə edənlərin sayı yox dərəcəsindədir. Bir gündə heç 2 manat yüklənmir.

Nəqliyyat Nazirliyi təkzib edir

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə deyilənlərlə razı deyil: “Hazırda 40-dan artıq avtobusda validator quraşdırılıb. Bakıda 300 mindən çox gedişhaqqı kartları satılıb. Hansısa sürücü deyir ki, aparat işləmir. Bu, Nazirliyin günahı deyil. Vətəndaşlar bununla əlaqədar Nazirliyə şikayət edərlərsə, biz tədbir görərik. Hələ yaxın günlərdə daha 30-dan çox avtobusa validator quraşdırılacaq. Bu sistemi ilin sonuna qədər yekunlaşdırmalıyıq”.

Mətbuat katibinin sözlərinə görə, hələlik həm nəğd, həm də kart vasitəsilə ödənişlər paralel olaraq həyata keçirilir. Bütün avtobuslarda aparatlar quraşdırılandan sonra birdəfəlik kart sistemi təyin olacaq.

“Hamısı boş şeydi…”

“Nə kart, hamısı boş şeydir. Yalandan quraşdırılıb, bəlkə də yoxlasan, işləmədiyi üzə çıxacaq. Kimdir kartla avtobusa minən… Camaatda pul var ki, əlavə bir manat da verib, kart alsınlar?! Dədə-baba qaydasıyla işləyirik. Bundan sonra da elə olacaq. Neçə ildir eşidirik ki, kart olacaq. Hamısı boş şeydi… Bir aydan çoxdur ki, aparatlar quraşdırılıb, indiyə qədər bir sərnişində də kart görməmişəm. Kimdir belə şeyə fikir verən. Deyirlər ki, gələn il Olimpiya oyunu var. Yəqin ki, bütün hoqqalar ona görədi. Uzaqbaşı bir-iki ay kartla işləyəcəklər, vəssalam”, – deyə sürücü Ilqar Qasımov bu sistemin işlək olacağına inanmır.

Ramin DEKO