Həkim səhvi uşağı Əzrayılın cənginə verdi…

Azərbaycanda ağır xəstəliklərə düçar olanların işi Allaha qalıb

Bakı sakini olan 8 yaşlı Şəhriyar Əliyevin valideynləri elə bir duruma düşüblər ki, bu düyünü nə dişləri ilə aça bilirlər, nə də dırnaqlarıyla. Təsəvvür edin, bu balacanın yaşaması üçün ailəyə nə az, nə çox – 250 min avro pul lazımdır. Övladının müalicəsinə görə bu günə qədər hətta evini də satmış valideynlər üçünsə həmin vəsaiti tapıb-düzəltmək mümkünsüz görünür.

Ölümün caynağında olan 8 yaşlı uşaq

Ən dəhşətlisi budur ki, balaca Şəhriyar həkim səhvi üzündən ölümlə mübarizə aparmaq məcburiyyətində qalıb. Bu, rəsmi şəkildə də təsdiqlənib. Amma indi nə həmin həkim bu ailəyə yardım göstərmək istəyir, nə də dövlət…

Övladının başına gələnlər barədə “Azadlıq”a danışan Şəhla Kərimova deyir ki, 2011-ci il avqustun 8-də azyaşlı oğlu Şəhriyar Əliyevi Nəsimi rayonunda yerləşən 3 saylı uşaq poliklinikasına aparıb. Poliklinikanın həkimi Fəryal Əliyeva uşağı müayinə edib və soyuqladığını bildirib. Sahə həkimi 4 gün ərzində 8 ampula antibiotik təyin edib. Qısa müddətdə azyaşlıya bu qədər antibiotikin vurulması şok effekti verib: “Gördük ki, uşağın vəziyyəti gündən günə pisləşir. Bakıdakı həm dövlət, həm də özəl xəstəxanalara müraciət elədik. Amma heç yerdə çarə tapılmadı. Məcbur olub Irana apardıq. Bir xeyli müayinələrdən sonra xəstəliyin səbəbi bəlli oldu. Sən demə, sahə həkimi uşağa səhv müalicə təyin edibmiş. Dərmanlar uşağın dalağında zədə əmələ gətirib. Indi övladımda sağalması çətin olan xəstəlik əmələ gəlib”.

Şəhla Kərimova deyir ki, balaca Şəhriyarın müalicəsi indi yalnız Danimarkada mümkündür: “Dedilər ki, müalicə Azərbaycanda mümkün deyil. Biz də bir neçə ölkənin xəstəxanalarına müraciət etdik, araşdırma apardıq. Məlum oldu ki, müalicə yalnız Danimarkada mümkündür. Xərci də ən azı 250 min avrodur. Bu müddətdə Şəhriyarın müalicəsinə görə evimizi də satmışıq”.

Səhiyyə Nazirliyi Şəhriyar Əliyevin valideynlərinin şikayətiniÿaraşdırıb. Nazirlik də təsdiqləyir ki, xəstə uşağın müalicəsi həqiqətən də səhv aparılıb. Buna görə 3 saylı poliklinikanın həkimi Fəryal Əliyevaya şiddətli töhmət verilib. Nazirlik bununla da işini bitmiş sayıb.

Şəhla Kərimovanın sözlərinə görə, xeyli şikayətlərdən, əzab-əziyyətdən sonra Səhiyyə Nazirliyinin nümayəndəsi gələrək, uşağın sənədlərini götürüb gedib. Elə o gedən olub…

Ananın sözlərinə görə, Şəhriyar vaxtında əməliyyat olunmasa, onun yaşamasına ümid yoxdur.

Dövlət xaricdə müalicəyə kimləri göndərir?

Azərbaycanda insanların həkim səhlənkarlığı, qeyri-peşəkarlıq üzündən əlil olması, dünyasını dəyişməsi halları çox ciddi problemdir. Amma deyəsən, dövlət bu problemi bir o qədər ciddiyə almır. Əks halda, bir adamı ölümlə üz-üzə qoymuş həkimə şiddətli töhmət verməklə kifayətlənməzdilər.

Məsələnin başqa bir tərəfi də var; ümumiyyətlə, dövlət ağır xəstəliklərə tutulmuş, bahalı müalicəyə ehtiyacı olan vətəndaşlarına sahib çıxmalı deyilmi?

Son vaxtlar Azərbaycanda bu cür xəstələrlə bağlı pulyığma kampaniyalarının aparılmasına tez-tez rast gəlirik. Bəzən belə kampaniyaların ictimai səs-küyü o qədər böyük olur ki, tanınmış incəsənət adamları, siyasətçilər, deputatlar da kampaniyaya qoşulur. Bu cür kampaniyalar əsasən sosial şəbəkələrdə aparılır. Aparılan kampaniyanın gücündən asılı olaraq, müəyyən qədər vəsait də toplanılır. Bəzi hallarda, hakimiyyətdə təmsil olunan və ya onların yaxınlarından biri çıxıb, hansısa xəstənin müalicəsini üzərinə götürür. Amma bu, vəziyyətdən çıxış yolu sayıla bilərmi? Nəzərə almaq lazımdır ki, ölkədə ağır xəstəlikdən əziyyət çəkən, lakin maddi imkansızlıq üzündən müalicə oluna bilməyənlərin heç də hamısı problemlərini ictimailəşdirə, mediaya, sosial şəbəkələrə çıxara bilmir. Bəs belə biçarələrin durumu necə olsun? Üstəlik, onların sayı az da deyil, minlərlədir.

Səhiyyə Nazirliyinin tərkibində 2005-ci ildən Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya fəaliyyət göstərir. Məlumata görə, hər il bu komissiyaya orta hesabla 2200-2500 xəstə xaricdə müalicə üçün müraciət edir. Bu müraciətlərin isə uzağı 5 faizinə müsbət cavab verilir. Həmin xəstələr də əsasən qonşu ölkələrə – Iran, Rusiya, Türkiyə, eləcə də Ukraynaya göndərilir.

Ümumiyyətlə, xaricdə müalicəyə ehtiyacı olanları dövlət hesabına iki nazirlik göndərə bilər – Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Maraqlıdır ki, bu qurumlar da məhz xaricdə müalicə məqsədilə ayrılan vəsaitin məbləği, eləcə də müalicəyə göndərilən adamların kimliyi barədə məlumatları açıqlamaq istəmirlər. Adıçəkilən nazirliklər vətəndaşların müalicə məqsədilə xaricə göndərilməsinə dövlət büdcəsindən ayrılan vəsait haqda da hər hansı məlumat vermirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deyirlər ki, bunu ayrıca müəyyənləşdirmək çətindir, çünki həmin məbləğ ümumilikdə nazirliyə ayrılan vəsaitə daxildir. Səhiyyə Nazirliyindən isə bildirirlər ki, ümumiyyətlə, xarici ölkələrdə müalicə üçün ayrıca vəsait nəzərdə tutulmayıb. Sadəcə, müəyyən ölkələrlə razılaşmalar var və qarşılıqlı anlaşma nəticəsində vətəndaşlar həmin ölkələrə müalicəyə göndərilir.

Xaricə müalicəyə göndərilən şəxslərin adları açıqlanmaması müəyyən söz-söhbətlərə səbəb olur. Belə fikirlər səslənir ki, bu imkan daha çox müvafiq strukturlarda yaxını, tanışı olanlar üçün əlçatandır.

Neft pullarından xəstə vətəndaşlara düşən pay

Göründüyü kimi, dövlət hesabına xaricdə müalicə çox az adamlar üçün əlçatandır. Bəs belə bir vəziyyətdə çıxış yolu nədir?

Bu yaxınlarda AXCP sədri Əli Kərimli bu məsələ ilə bağlı hökumətə çağırış etmişdi. Əli Kərimli xaricdə müalicəsi zəruri olan ağır xəstələrin maliyyələşdirilməsi üçün xüsusi fond yaradılması təklif edirdi.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da bənzər təkliflə çıxış etmişdi. Hüquq müdafiəçisi xaricdə müalicəyə ehtiyacı olanlar üçün Dövlət Neft Fondundan vəsaitin ayrılmasını mümkün sayır.

“Eyni zamanda, ilkin vəsaiti Neft Fondundan ayrılmaqla digər bir fond da yaratmaq olar. Insanlar illərdir neftdən gələn pullardan bəhrələnəcəyini gözləyirdi. Neft Fondundan müəyyən vəsaitin ayrılması şərti ilə fond yaradıla bilər. Daha sonra imkanı olan şəxslər o fonda vəsait köçürsün. Belə fondun yaranmasına ciddi ehtiyac var”, – deyə hüquq müdafiəçisi mətbuata açıqlamasında bildirib.

Mirvari Qəhrəmanlı onu da qeyd edir ki, normal ölkələrdə insanların tibbi sığortası var. Daha imkansız insanlara isə bələdiyyələr və digər dövlət qurumları kömək edir.

Məmurların marağı vətəndaşların başına bəladır

Tibbi sığortadan söz düşmüşkən, bu, Azərbaycanda uzun illərdir, düyünə düşmüş məsələlərdən biridir. Təsəvvür edin, az qala, 15 ildir qanun var, amma hələ də tətbiq olunmur.

Azərbaycanda “Tibbi sığorta haqqında” Qanun 1999-cu ildə qəbul olunub.ÿ2008-ci ildə bu qanuna bəzi əlavə və dəyişikliklər edilib. 2008-ci ildə həmçinin tibbi sığortanın tətbiqini sürətləndirmək məqsədilə dövlət başçısı Nazirlər Kabineti yanında Dövlət Tibbi Sığorta Agentliyinin yaradılması barədə sərəncam imzalayıb. Amma üstündən beş il keçsə də, prezidentin sərəncamı icra olunmadan kağız üzərində qalıb.

Yeri gəlmişkən, tibbi sığortaya dövlət büdcəsindən 2009-cu ildə 50 milyon manat, 2010-2011-ci illərdə 30 milyon manat ayrılsa da, vəsait istifadə olunmadığından ilin sonunda yenidən büdcəyə qaytarılıb.

Tibbi sığortanın tətbiqi azsaylı problemlərdəndir ki, hətta hökumət səviyyəsində də etiraf olunur, vaxtaşırı dilə gətirilir. Məsələn, bir müddət əvvəl parlamentdə Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Tibbi sığorta haqqında” qanunun hələ də tətbiq olunmamasından narahatlığını ifadə etdi. O, hökuməti bu sahədə konkret addımlar atmağa çağırdı: “Bu qanun 1999-cu ildə qəbul edilsə də, hələ də işləmir. Qanuna əsasən, Azərbaycanda səhiyyə sığortasını həyata keçirmək üçün Nazirlər Kabineti yanında agentlik yaradılmalı, agentliyin əsasnaməsi hazırlanmalı idi. Nə agentlik yaradılıb, nə hökumətə əsasnamə verilib. Qanunu qəbul etmişiksə, onu tətbiq etməliyik. Kimə deyirsənsə, deyir ki, ağır məsələdir. Hansı məsələ ağır deyil ki? Körpü çəkmək, yol salmaq asandır ki?”

Ardınca digər deputat Fuad Muradov eyni problemi qaldırdı. Bildirdi ki, tibbi sığorta sistemi müalicəsi xaricdə mümkün olan xəstələrlə bağlı bəzi məsələləri həll etməyə imkan verəcək: “Bizim ölkədə müəyyən ağır xəstəlikləri və ya Azərbaycanda müalicəsi olmayan xəstələri xaricə göndərən xüsusi qurum var. Müraciətlər də çoxdur. Onlar da şikyətlənirlər ki, bütün müraciətlərə baxa bilmirlər. Tibbi sığorta olan zaman bunun da həllinə nail ola bilərik”.

Tibbi sığorta sahəsndə xeyli araşdırmalar aparmış ekspert Azər Mehdiyev hesab edir ki, bu günə qədər “Tibbi sığorta haqqında” Qanunun qüvvəyə minməməsi, Dövlət Tibbi Sığorta Agentliyinin yaradılmaması hökumətdə maraqların toqquşmasından irəli gəlir: “Icbari tibbi sığorta böyük vəsaitlərin dövr elədiyi mexanizmdir. Ona görə də ayrı-ayrı dövlət qurumları bu mexanizmin onun tərkibində fəaliyyət göstərməsini istəyir. Məsələn, Səhiyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və s. Bu cür maraq konflikti qanunun qüvvəyə minməsini ləngidir”.

Ekspert deyir ki, icbari tibbi sığortanın tətbiqi çətin həyata keçən prosesdir, amma cəmiyyət üçün çox vacibdir: “Bu, səhiyyə sistemindəki hərc-mərcliyin, korrupsiyanın aradan qaldırılmasına müəyyən qədər kömək edə biləcək. Məsələn, bu gün xəstə həkimin yazdığı dərmanların onun üçün nə qədər xeyirli olub-olmadığını bilmir. Həkim də istədiyi dərmanları yazır. Amma Tibbi Sığorta Agentliyini mövcud olsa, bu qurum xəstəyə təyin olunmuş müalicənin effektivliyindən tutmuş, dərmanlara qədər ən müxtəlif məsələləri nəzarətdə saxlayacaq. Müalicə və ya dərman səhv yazılıbsa, onun pulunu ödəməkdən imtina olunacaq. Həkimlə xəstə pul məsələsində birbaşa ünsiyyətdə olmayacaq. Bu agentlik, bir növ, xəstələrin hüquqlarının müdafiəsilə məşğul olacaq”.

Avropada dövlət vətəndaşının qayğısına necə qalır?

Maraqlıdır, vətəndaşların müayinə və müalicəsi məsələsində inkişaf etmiş ölkələrin təcrübəsi nə deyir? “Azadlıq”ın Niderlandda yaşayan əməkdaşı Fikrət Hüseynli deyir ki, Qərbi Avropanın hər bir dövlətinin bununla bağlı öz qaydası var. Konkret olaraq, Niderland Krallığında tibbi sığorta məcburidir. Əgər özün, çalışmırsansa, dövlət sənin əvəzinə aylıq sığorta pulu ödəyir. Minimum sığorta məbləği ayda 104 avrodur. Bir nəfər olaraq, illik gəlirin 14 min avrodan azdırsa, ödədiyin bu sığortanın 60-70 faizini vergi idarəsi geri qaytarır. Nəticə olaraq, ayda 32 avro tibbi sığorta üçün pul ödəyirsən. Xəstələnən zaman 350 avroya qədər xərcləri özün ödəməlisən. 350 avrodan yuxarı olan xərcləri isə, sığorta ödəyir. Bu sığortaya ildə iki dəfə dişləri təmizlətdirmək və yoxlatdırmaq da daxildir. Avropada dişin düzəldilməsi kifayət qədər bahalıdır. Lakin yenə də gəlirin aşağıdırsa, yaşadığın ərazinin bələdiyyəsinin tərkibində müəyyən qurumlara maddi yardım üçün müraciət edə və ya sosial sığorta bankından faizsiz kredit ala bilərsən.

Aytən Məmmədova