NATO generalı Rusiya təhlükəsinə qarşı tədbirlərdən danışdı

“Mənə Alyansın hərbi hazıqlıq səviyyəsini artırmaq və Baltik ölkələri, Polşa ilə əməkdaşlığı gücləndirmək tapşırılıb”

NATO-nun hərbi komandiri, ABŞ Hərbi Hava qüvvələrinin generalı Filip Bredlov bildirib ki, Rusiyanın Krımı ilhaq etməsilə əlaqədar Alyans öz qüvvələrini yerləşdirmək və onların hazırlığı məsələsini yenidən nəzərdən keçirməlidir.
ABŞ generalı yaranmış vəziyyətlə bağlı fikirlərini II Dünya Müharibəsi zamanı müttəfiq qüvvələrin Normandiya əməliyyatının 70 illiyi münasibətilə Fransada keçirilən rəsmi tədbirdən sonra “Amerikanın səsi” radiosuna açıqlayıb.
General qeyd edib ki, ABŞ və müttəfiqləri Rusiyaya 10 ildən artıq müddətdə tərəfdaş kimi baxıb. Lakin indi NATO Rusiyanın Ukrayna ilə sərhəddə hərbi qüvvə topladığının, Krımı zorla ilhaq etdiyinin şahidi olur. Bu isə o deməkdir ki, Alyans yeni yanaşma tərzinə malik olmadlır.
General məlumat verib ki, NATO-nun hərbi komandiri kimi ona Alyansın hərbi hazıqlıq səviyyəsini artırmaq və Baltik ölkələri, Polşa ilə əməkdaşlığı gücləndirmək işləri tapşırılıb. NATO Rusiyanın onunla sərhəddə yerləşən bu ölkələri öz nüfuzu altına almaq istəyə biləcəyindən narahatdır.