Fazil Məmmədovun baş nazir postuna hazırlığı davam edir

Paşayevlərin vergilər nazirini önə çıxarması iqtidar daxilində müzakirələrə səbəb olub

Hakimiyyətdəki ən güclü qruplaşmalardan olan Paşayevlərin vergilər naziri Fazil Məmmədovu baş nazir postuna hazırladığı barədə məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, artıq bir neçə ildir Paşayevlərin çətiri altına keçən vergilər nazirinin baş nazir olması üçün ciddi iş aparılır. Hətta Fazil Məmmədovun Avropa strukturlarında keçirdiyi görüşlər onun təqdimatı kimi dəyərləndirilir.

Hakimiyyət daxilində Paşayevlərin Fazil Məmmədova xüsusi diqqət müzakirə mövzusudur. Bu günlərdə baş verən bir olay vergilər nazirinin Paşayevlər tərəfindən baş nazir postuna hazırlanması barədə şübhələri daha da artırıb. Söhbət iyunun 13-15-də Bakıda Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika 30-cu Avropa çempionatının baş sponsorunun “ATA Holding” olmasından gedir. Bu barədə “ATA Holding” ASC Idarə Heyətinin sədr müavini Rəşad Rəsullu bildirib.

Qeyd edək ki, “ATA Holding” hakim ailəyə yaxın şirkət olsa da, onun idarəçiliyi Fazil Məmmədova verilib. “ATA Holding”in bütün fəaliyyəti vergilər nazirinin adı ilə bağlıdır. Elə bu səbəbdəndir ki, Azərbaycanda bu şirkətin vergilər nazirinə məxsus olması barədə rəy yaranıb. Beləliklə faktiki olaraq yarışın sponsorluğu Fazil Məmmədova tapşırılıb. Hakimiyyət daxilində bunu təsadüfi saymırlar. Gimnastika Federeasiyasının prezidentinin Mehriban Əliyeva olması və beynəlxalq və yerli medianın diqqət mərkəzində olacaq bu mötəbər yarışda Fazil Məmmədova etimad edilməsi onun baş nazirlik postuna hazırlığının tərkib hissəsi kimi qiymətləndirilir.