
Azərbaycan hökumətinin buraxılış ili 2005-ci ildən aşağı olan avtomobillərin ölkəyə idxalına qadağa qoyması Gürcüstanın maşın alveri bazarını çökdürüb.
Bu barədə “Exo Kavkaza” radiostansiyasının hazırladığı reportajda bildirilir.
Radiostansiya araşdırıb ki, digər tərəfdən də Ermənistanın Gömrük İttifaqına üzvlüyü prosesinin başlaması bu ölkəyə avtomobil ixracına zərbə vurub.
“Azərbaycanın tətbiq etdiyi məhdudiyyətlərdən sonra biz bir maşın da olsun sata bilmirik. Bu qadağa nəticəsində avtomobil biznesi ilə məşğul olan 20 min adamın və onların ailə üzvlərinin maraqları zərbə altına düşüb” – deyə avtodiler Mindiya Zakareişvili bildirib.
Radiostansiya bildirir ki, son bir neçə ildə Azərbaycan Gürcüstana daşınan avtomobillərin əsas bazarı olub. Statistikaya görə, 2013-cü ildə Gürcüstandan Azərbaycana on minlərlə avtomobil idxal edilib. Ancaq bu il Gürcüstan Azərbaycana cəmi 2500 maşın ixrac edə bilib.
Gürcüstan Avtomobil Federasiyasının rəhbəri Şalva Oqbaidze bildirib ki, bu il Ermənistana 17 min avtomobil ixrac olunub. Ancaq Ermənistanın Gömrük İttifaqına daxil olmasından sonra bir avtomobil üçün ixrac rüsumu orta hesabla 14 min dollar olacaq.
Nəticədə Ermənistana da işlənmiş avtomobillərin ixracının üstündən xətt çəkiləcək.
Reportajda deyilir ki, Gürcüstanın avtomobil dilerləri analoji vəziyyətlə 2009-cu ildə qarşılaşıblar. Həmin ilə qədər Gürcüstandan Qazaxıstana Azərbaycan üzərindən ildə orta hesabla 20 min avtomobil daşınırdı. Lakin Qazaxıstan Gömrük İttifaqına daxil olandan sonra Gürcüstandan bu ölkəyə avtomobil ixracı sıfra endi.
Minik avtomobillərinin idxal-ixracı Gürcüstanın xarici ticarət dövriyyəsində əsas bəndlərdən birini təşkil edir. Lakin indi Azərbaycan hökumətinin qadağası və Ermənistanın Gömrük İttifaqına girməsi Gürcüstan iqtisadiyyatına ciddi zərbə vurur (virtualaz.org).


