Hakimiyyət Almaniyada tənqid hədəfi olub

Siyasi məhbuslarla bağlı Berlin toplantısında nələrdən danışılıb?

Xədicə İsmayıl: «Əsas fikir bu oldu ki, Avropa Azərbaycana qarşı münasibətini sərtləşdirməlidir»

Xəbər verdiyimiz kimi iyunun 2-də Berlində Almaniya Ombudsmanı və Avropa Sabitlik Təşəbbüsü (ESİ) təşkilatının təşkilatçılığı ilə “Siyasi məhbuslarsız Avropa yolunda” adlı konfrans keçirilib. Tədbirə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) üzvü Maykl Maknamara, Almaniyanın ombudsmanı, Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə keçmiş məruzəçisi Kristofer Ştrasser, Avropa Sabitlik Təşəbbüsünün rəhbəri Gerald Knaus, Rusiyaya qarşı “Maqnitski aktı”nın qəbul edilməsi üçün genişmiqyaslı kampaniya aparmış Bill Brauder qatılıb. Konfransda Azərbaycanı «NİDA» Gənclər Təşkilatından Turqut Qəmbər, «Meydan TV»nin rəhbəri Emin Milli, hüquq müdafiəçiləri Vüqar Qocayev, Rəsul Cəfərov, «Azadlıq radiosu»nun əməkdaşı Xədicə İsmayıl təmsil edib. 

Konfransda Azərbaycandakı siyasi məhbus problemi, siyasi repressiyalar geniş müzakirə olunub. 

Daha ətraflı məlumat almaq üçün «Azadlıq radiosu»nun əməkdaşı Xədicə İsmayıla müraciət etdik. X.İsmayıl qeyd etdi ki, tədbirdə ən maraqlı çıxışlardan biri M.Maknamaraya məxsus idi. O, çıxışı zamanı Azərbaycan hakimiyyətinin lobbistlərinin ona «yaxınlaşmasından» söz açdı: «Maykl Maknamara bildirdi ki, Azərbaycan hakimiyyəti öncə ona ölkəmizə səfər etməyi təklif edib. O, da qeyd edib ki, Azərbaycana səfər etmək istəyər. Çünki o bir neçə dəfə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun eksperti kimi Azərbaycanda olub. Bu cümləni işlətdikdən sonra Azərbaycan hakimiyyətinin ona marağı ölüb».

X.İsmayıl vurğuladı ki, tədbirdə əsas fikir bundan ibarət olub ki, Avropa Birliyi insan haqlarını pozan dövlətlərə qarşı münasibətini sərtləşdirməlidir. “Maqnitski aktı”nın ABŞ-da qəbul edilməsi üçün genişmiqyaslı kampaniya aparmış Bill Brauderin oxşar qadağanın Avropa məkanında  tətbiq edilməsinə çalışdığını deyən X.İsmayıl vurğuladı ki, tədbir Avropadakı siyasi məhbus probleminə həsr olunsa da, konfransda etiraf olundu ki, Avropadakı siyasi məhbusların yarısı Azərbaycandadır: «Tədbir iştirakçıları Azərbaycanda siyasi məhbuslarla bağlı son durumdan məlumatlı idilər. Kristofer Ştrasser xüsusilə siyasi məhbuslarla bağlı xüsusilə Anar Məmmədlinin adını qeyd etdi. O, bildirdi ki, Azərbaycanla bağlı siyasi məhbuslar hesabatı hazırlayarkən Anar Məmmədli ona yaxından kömək edibmiş. Çünki Ştrasser Azərbaycana buraxılmayan zaman Anar Məmmədli siyasi məhbuslarla bağlı geniş hesabat hazırlayaraq onunla Berlində görüşmüşdü».

X.İsmayıl onu da qeyd etdi ki, tədbirdə Azərbaycan hakimiyyətinin siyasi məhbus problemini çözmək niyyətində olmadığı açıq vurğulanıb: «Vurğulandı ki, Azərbaycan hökuməti özünü siyasi məhbus problemində çox arxayın hiss edir. Çünki ona bu problemi çözmək üçün kifayət qədər təzyiq edilmir. Ona görə Azərbaycan hakimiyyəti insanları siyasi görüşlərinə görə həbs etməkdə çox rahatdır. Vurğulandı ki, bu stuasiya dəyişməlidir. Bu konfransın təşkilatçılarının da qarşısına qoyduğu əsas məqsəd Avropanı siyasi məhbussuz məkana çevirməkdir».

Xəyal