Sağlam çevrə

Illər öncə ətraf mühit problemləri ilə bağlı tədbirdə bir ekoloqdan eşitmişdim ki, quşlar hava çirkliliyi yüksək olan şəhərləri tərk edirlər. Belə baxanda quşlar onsuz da bizdən daha çox şanslıdırlar. Ildə iki mövsüm bahar yaşayırlar. Zamanı gələndə köçlərini sürüb istədikləri yerlərə gedirlər. Əsas dərd bizimkidir. Bəzən uzun bir ömrü doğulub böyüdüyümüz şəhərdə başa vurub, başımızı kənara belə çıxara bilmirik. Elə bu üzdən də, həmin ekoloqun sözləri ürəyimə qurd saldı. Bütün qışı nigarançılıqla oturub baharı gözlədim ki, yaşadığımız tərəflərə bir-iki quş gəlib çıxacaq, ya yox…

O bahar biz tərəflərə quşlar gəldi gəlməyinə. Vəziyyət hələ quşları öldürəcək qədər də ümidsiz deyilmiş demək ki. Amma faktlar və gerçəklər də paytaxt havasının insanı öldürəcək şkalaya yaxınlaşdığı haqda siqnallar verir vaxtaşırı. Ekologoya və Təbii Sərvətlər Nazirliyinin ölkə üzrə apardığı qiymətləndirmədə ətraf mühitin çirklənməsinə görə Bakının birinci yerdə olduğunu açıqladığını unutmuş deyilsiniz hər halda. Ondan sonrakı yerlərdə də o biri böyük şəhərlər gəlirdi – Sumqayıt və Gəncə. Nazirliyin məlumatına görə, Bakı üzrə ətraf mühitə atılan tullantıların 65-70%-i nəqliyyat vasitələrinin payına düşür. Əgər təxmini hesablamalar paytaxtdakı nəqliyyatın sayının 1 milyona çatdığını göstərirsə, daha mübahisə edəcək məsələ yox. 

Ölkədə ətraf mühitin çirklənməsində payı olan amillər saysız-hesabsızdır. Unutmayaq ki, Bakı həm də neft-qaz şəhəridir. Bu amilin şəhərin havasına, dənizə və çevrəyə nə qədər təsir göstərdiyini kimsə dana bilməz. Dünya ölkələrinin ətraf mühit göstəriciləri reytinqində də Azərbaycan acınacaqlı yerlərdən birini tutur – 132 ölkə arasında 111-ci yer. Şübhəsiz, bu gün iqlim dəyişikliklərinin, ekoloji fəlakətlərin dünyanın problemi olduğunu da inkar etmək mümkün deyil. Amma istək olunca, bütün bu imkansızlıqlar içində öz havanı, suyunu, torpağını qoruyub təmiz saxlaya da bilərsən. Necə ki, bu sahədə Isveçrə, Latviya, Norveç, Lüksemburq, Kosta-Rika, Fransa, Avstriya, Italiya, Böyük Britaniya və Isveç kimi ölkələr dəyərlərini qoruyub saxlayıblar.

Ekoloji məsələlərlə bağlı dünyada hər il yüzlərlə konfrans keçirilir, proqramlar qəbul olunur, aksiyalar başlanır. Lakin Yer kürəsi üçün real ekoloji təhlükə yenə də ciddiliyini saxlamaqda davam edir. Dünya Səhiyyə Təşkilatının açıqlamasına görə, ildə 8 milyon adam hava çirkliliyinin gətirib çıxardığı xəstəliklər nəticəsində həyatını itirir.

Bu rəqəmdən ölkəmizin payına nə qədər düşdüyünü dəqiq söyləmək çətindir. Amma məlumdur ki, enerji hasil olunan yerlərdə yaranan hava çirkliliyi çox xəstəliklərin artmasına səbəb olur. Beynəlxalq Xərçəng Araşdırma Təşkilatı da dünya səviyyəsində hər il 223 min insanın hava çirkliliyi ilə bağlı xərçəngə tutularaq, həyatını itirdiyini qeyd edir. Bu qorxunc bəlanın son illər ölkəmizdə xeyli artdığı da dönə-dönə vurğulanır. Demək ki, insanlarının sağlamlığını düşünən ölkələrin bu sahəyə milyardlar xərcləməsi və çirkliliyə qarşı hər cür önləm almağa çalışması səbəbsiz deyil. 

Bu gün (dünən – red.)Beynəlxalq Ətraf Mühitin Mühafizəsi günüdür. Mühitin, çevrənin, şəhərin təmizliyi həm də özümüzə bağlıdır. Heç olmasa, öz sağlamlığınız üçün, yaşadığınız binanın pillələrindən və liftindən başlayaraq şəhərə doğru uzanan zir-zibil dolu yollarda bu haqda yaxşı-yaxşı düşünün. Çünki həqiqətən də, çevrənin çirkliliyi bütün anlamlarda insanların həyatına təsir edir.