Milli Şura yaxın gələcəklə bağlı qərarlar verib

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzi dünən növbəti yığıncağını keçirib. Milli Şuranın mətbuat katibliyindən “Azadlıq”a verilən məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, ötən dövrdə qəbul edilmiş qərarların icrası təhlil edilib, həmçinin qurumun gələcək fəaliyyət planları müzakirə olunub.

Müzakirələrdə bildirilib ki, Azərbaycan hakimiyyəti siyasi repressiyaları daha da gücləndirir və ictimai fəallığı boğmaq üçün hər cür qanunsuzluqlara əl atır, ölkədə siyasi və ictimai fəaliyyəti tamam yox etmək istəyir. Artıq qapalı zallarda da tədbirlər keçirmək qadağan edilir, siyasi məhbusların sayı durmadan artır. Nəinki siyasi təşkilatlara, eləcə də müstəqil QHT-lərə və vətəndaş cəmiyyəti təmsilçilərinə də basqılar artıb. Milli Şura bu cür siyasi repressiyaları ölkənin taleyinə ağır zərbələr vuran cinayətlər sayır, lakin hesab edir ki, son nəticədə hakimiyyət məqsədinə çata və ölkədə demokratiya hərəkatını dayandıra bilməyəcək.

Koordinasiya Mərkəzi hesab edir ki, bütün basqılara rəğmən Milli Şura və demokratik təsisatlar fəaliyyətini daha effektli davam etdirməli, siyasi basqılara, insan haqlarının pozulmasına müqavimət göstərməlidir. Bununla bağlı yeni təkliflər müzakirəyə çıxarılıb.

Koordinasiya Mərkəzi Milli Şuranın yaxın dönəm üçün fəaliyyət planlarını da müzakirə edib. Həmçinin qurumun növbəti sessiyasının keçirilməsilə bağlı təkliflərə baxılıb. Milli Şura Avropa qurumları ilə bağlı aparılan işi müzakirə edib, siyasi məhbusların azadlığa çıxması, vətəndaş cəmiyyəti təmsilçilərinə basqıları dayandırmaq üçün tədbirlər barədə qərar verilib.

Yığıncaqda cari məsələlərlə bağlı da qərarlar da qəbul edilib.