O, Adil Əliyevin Məmmədovları məhkəməylə hədələməsinə münasibət bildirmədi
Nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Elnur Məmmədov yeni qalmaqalın əsasını qoyub. “Best of the Best” promoşn qrupunun prezidenti, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olduğu bildirilən Elnur Məmmədov lent.az-a müsahibəsində Azərbaycanda keçiriləcək növbəti layihə haqda danışıb. Onun sözlərinə görə, payız aylarına təsadüf edəcək növbəti layihə başlanğıcından möhtəşəm olacaq.
Maraqlıdır ki, Elnur və Aynar Məmmədovların yeni yaratdığı Kikboksinq Federasiyasının leqal olması barədə mübahisələr var. Azərbaycanda rəsmən qeydiyyatda olan yeganə K-1 Federasiyası var ki, onun da prezidenti deputat Adil Əliyevdir.
Hətta A.Əliyev Məmmədovların yaratdığı həmin federasiyanın bir müddət əvvəl Bakıda təşkil etdiyi turniri tənqid edərək, onların bu qurumunu qeyri-leqal adlandırmışdı.
Deputat Adil Əliyev Elnur Məmmədov tərəfindən “K-1″ döyüş növü üzrə dünya ”Qran-pri” yarışlarının gələcəkdə də təşkil olunma ehtimalı ilə bağlı məsələyə münasibət bildirib. O, publika.az-a açıqlamasında qarşı tərəfin edilən xəbərdarlığa məhəl qoymamasını istisna etməyib: “Hələ ki bilmirəm, onlar nə dərəcədə bu işi dayandırıblar. Ancaq burada söhbət ondan gedir ki, Azərbaycan Kikboksinq Federasiyası rəsmi olaraq Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb, Gənclər və Idman Nazirliyi tərəfindən isə tanınır. Yəni Kikboksinq Federasiyası Azərbaycanda bu idman növünü təmsil edən yeganə təşkilatdır. Bura müxtəlif versiyalar da daxildir. Kikboksinq bunun adıdır, ancaq bu idman növü həvəskar və peşəkar versiyalara bölünüb. Onun da öz versiyaları mövcuddur.
“K-1″ də son 5-10 ildə federasiyaya daxil edilib. ”K-1″ artıq ölmüş təşkilatdır. Çünki bunun yaradıcıları müflis olublar. “K-1″ idman federasiyası deyil, özəl şirkətdir. Yəni ”K-1″in açıqlaması Kikboksinq-1 deməkdir. Burada kikboksçular arasında idmançıların seçimi gedir. Sabah istənilən adam da gedib misal üçün “V-1″, ”V-3″ adında şirkət aça, kikboksçu idmançılarla da danışıb 100 min mükafat fondu təşkil edib idman yarışı keçirə, şou təşkil edə və pul qazana bilər. Yəni bu, özəl şirkətdir və pul qazanmaq üçün bu cür yarışlar təşkil edir”.
Deputat qarşı tərəfə son xəbərdarlığını da edib: “Bunun cəza mexanizmi də var. Bu gün bizim məhkəmə sistemimiz var. Bunlar ilk dəfə idi ki, bu yarışı keçirdi və mən də xəbərdarlığımı etdim. Əgər bu yarış ikinci dəfə də təşkil olunsa, o zaman bu, məhkəmə predmetinə çevriləcək. Mənim Gənclər və Idman Nazirliyi ilə də danışığım olub. Odur ki, Gənclər və Idman Nazirliyi bunlara ikinci dəfə belə yarış keçirməyə icazə verməyəcək. ”K-1″ mənə neçə illərdir deyir, gəl müqavilə bağlayaq və Bakıda yarış keçirək. Ancaq mən onlarla bu razılığa getməmişəm. Əvvəla, mənim elə imkanım da yoxdur ki, “K-1″ yarışını keçirim. Yarışın səviyyəsi, o yarışda verilən bahalı viski və siqarın səviyyəsi ilə ölçülmür. Yarışın səviyyəsi idmançıların adından bəlli olmalıdı. Yarışın adını və imicini idmançılar qaldırır. Yoxsa ki, mən yarışda konsert təşkil edim, bahalı içkilər və siqarlar qoydurum, sonra da deyim ki, mən yüksək səviyyədə yarış keçirə bilirəm. Həmin yarışı keçirənlərin səviyyəsi də göz qabağındadır. O yarışı keçirən idmançı indi tutulub. Halbuki həmin idmançını vaxtilə biz qovmuşuq”.
Məsələyə münasibət bildirmək üçün deputat Elton Məmmədovla əlaqə saxladıq. Deputat “Azadlıq”ın əməkdaşını dinləyəndən sonra suala cavab vermədi.
Sosial şəbəkələrdə Elnur Məmmədovun müsahibəsi son günlər Məmmədovların zədələnmiş reputasiyasının bərpasına cəhddir. Ancaq belə görünür ki, bu, əks-effekt verib. Çünki Adil Əliyevin olaya dərhal reaksiya verməsi və məhkəməylə hədələməsi bunun əyani sübutudur.
Ramin DEKO


