Bankirlə iş adamı arasında mülk qalmaqalı davam edir

Cahangir Hacıyevdən Rauf Kərimovun anasının yazdıqlarına reaksiya gəldi

Iş adamı Rauf Kərimovun anası Zemfira Hüseynovanın Beynəlxalq Bankın sədri Cahangir Hacıyevə ünvanladığı ittihamlara reaksiya gəlib. Qeyd edək ki, Zemfira Hüseynova Bizim Yol qəzetinə yazdığı məktubda bildirib ki, oğlu Cahangir Hacıyevin sifarişilə həbs olunub. Iş adamının anası məsələnin kökündə Cahangir Hacıyevin ona məxsus evi ələ keçirmək niyyətinin dayandığını bildirib. Zefira Hüseynova deyib ki, Içərişəhərdə yerləşən evi Beynəlxalq Bankda ipoteka yükümlü olub. Lakin banka olan borc və hətta dəbbə də qaytarılsa da, Cahangir Hacıyevin evə iddiasından əl çəkməyib.

“Beynəlxalq Bank” “Bizim Yol”a ünvanladığı məktubda ittihamlara cavab verib. Həmin məktubu olduğu kimi təqdim edirik. Məktubda bildirilir: “Iddiaçı Azərbaycan Beynəlxalq Bankı, cavabdehlər ”M&SH” MMC-yə və Hüseynova Zemfira Əli qızına qarşı “əlavə faiz və cərimənin tələb edilməsi” tələblərinə dair mülki işə 19 sentyabr 2013-cü ildə Bakı şəhəri Səbail rayon məhkəməsində açıq məhkəmə iclasında baxılmışdır. Azərbaycan Respublikası adından çıxarılan Qətnamədə göstərilir: “Azərbaycan Respublikası Mülki Məcəlləsi”nin “Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət” başlıqlı 449-cu maddəsində aşağıdakı müddəalar nəzərdə tutulmuşdur: “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1 maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər”.

Daha sonra Qətnamədə deyilir: “Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən faizlərin hesablanması məhkəmə qərarının çıxarılmasından sonra, yəni Bakı Apelyasiya Məhkəməsinin 12.07.2007-ci il tarixli qətnaməsi üzrə cavabdeh ”M&SH” MMC tərəfindən iddiaçıya ödənilməli olan cəmi 1.945.850 ABŞ dolları pul vəsaitinin ödənilməsi üçün sonuncu ödəniş olaraq 06 avqust 2012-ci il tarixə olan dövrü əhatə edir. Bu səbəbdən kredit müqaviləsindən irəli gələn öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədiyi üçün tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 943.590.58 ABŞ dolları məbləğində faiz borcu cavabdeh “M&SH” MMC-dən tutulub iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələblərinin ödənişi gecikdirməyə görə hesablanmış 1.364.693.58 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsi qismən təmin edilməlidir” 

Qətnamədə qət edilmişdir ki, ödəmə 17 yanvar 2006-cı il tarixli Ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Hüseynova Zemfira Əli qızına məxsus olan Bakı şəhəri, Səbail rayonu, A.Zeynallı küçəsi,43 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin, həmin ev açıq hərracda satılsın, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilsin, satışdan əldə olunan pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi cavabdeh Hüseynova Zemfira Əli qızına verilsin.

Bakı Apelyasiya Məhkəməsi 29 may 2014-cü il Qətnaməsi ilə, yaranmış 943.590.58 ABŞ dolları məbləğində faiz borcu və 500 min ABŞ dolları məbləğində dəbbə pulunun cavabdeh “M&SH” MMC-dən tutulub iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-yə  ödənilməsi və ödəmənin 17 yanvar 2006-cı il tarixli Ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Hüseynova Zemfira Əli qızına məxsus olan Bakı şəhəri, Səbail rayonu, A.Zeynallı küçəsi,43 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsini qət etmişdir”.