Müzəffər Baxışov: «Zor tətbiq edilərək ifadə alınması cəhdi cinayət məsuliyyəti yaradır»
Hakimiyyət siyasi oponentlərinə qarşı mübarizədə qanunları kobud şəkildə pozmaqdan belə çəkinmir. Bunu müxalifət lideri AXCP sədri Əli Kərimliyə qarşı dəfələrlə ifadə almağa çalışılması da təsdiq edir. «Bizim Yol»un əməkdaşı, AXCP Ali Məclisinin üzvü Pərviz Həşimlinin məhkəmə prosesində bu barədə söylədikləri, AXCP üzvü Kəmalə Bənənyarılaya polis bölməsində işgəncə verilərək ondan Ə.Kərimli əleyhinə ifadə alınmasına çalışılması da bunu təsdiq edir. Bunban başqa gənc cəbhəçi Türkel Əlisoy da həbs olunarkən ondan partiya sədrinə qarşı zor yolu ilə ifadə almağa çalışmışdılar. Bəs hüquq-mühafizə orqanlarında çalışanların bu cür davranışları hansı məsuliyyəti yaradır?
Hüquqşünas Müzəffər Baxışovla məsələnin hüquqi tərəfinə aydınlıq gətirməyə çalışdıq. M.Baxışov bildirdi ki, kiməsə qarşı məcburi şəkildə ifadə alınması cinayət məsuliyyətinə səbəb olan əməldir: «Təzyiq göstərmək, zor tətbiq etməklə kimdənsə ifadə almaq birmənalı qaydada qanun pozuntusudur. Bizim qanunvericilik kiməsə təzyiq göstərməklə, zor tətbiq etməklə ifadə alınmasını qadağan edir. Cinayət Məcəlləsinin 299-cu maddəsinə görə, əgər şəxsdən zor tətbiq etməklə iradəsinə zidd ifadə alınırsa, bunun cəzası iki ildən beş ilə qədər həbsdir. Yox, şəxsə həyatı üçün təhlükəli zor tətbiq edilirsə, o zaman üç ildən yeddi ilə qədər həbs cəzası müəyyən edilib».
Xəyal


