Jurnalistin məhkəmədə bəyanatla çıxış edəcəyi gözlənilir
Bu gün saat 11:00-da Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədirliyi ilə “Zerkalo” qəzetinin müxbiri, Ermənistanın xeyrinə casusluqda ittiham olunan Rauf Mirqədirovun şikayətinə baxılacaq.
Vəkil Elmar Süleymanov “Turan”a bildirib ki, şikayət Səbail Rayon Məhkəməsinin qərarından verilib. Belə ki, Rauf Mirqədirovun yaxın qohumları ilə görüşünə və telefon danışığına, habelə onun seçimi ilə qəzet və jurnallarla tanış olmaq hüququna müstəntiq Ibrahim Ləmbəranski məhdudiyyət qoyub və məhkəmə bunu qüvvədə saxlayıb.
Bu arada mətbuatda yayılan məlumata görə, R.Mirqədirov istintaqa ifadə vermək qərarına gəlib. Bu barədə onun vəkillərindən biri Elmar Süleymanov bildirib.
Xatırladaq ki, aprelin 21-də həbs olunduqdan sonra o, ifadə verməkdən imtina etmişdi, çünki casusluq ittihamını absurd sayırdı. “Lakin indi jurnalist bəzi məqamlara aydınlıq gətirmək niyyətindədir”,- vəkil qeyd edib. O deyib ki, vəkillər R.Mirqədirovun bu niyyəti ilə bağlı istintaqa müraciət edəcəklər. Vəkil iyunun 5-də R.Mirqədirovun apelyasiya şikayətinə baxılarkən məhkəmədə bəyanatla çıxış edəcəyini də istisna etməyib.
Ilkin istintaqın gedişini şərh edən E.Süleymanov bildirib ki, praktiki olaraq R.Mirqədirova qarşı istintaq aparılmır. “Indiyədək istintaq jurnalistə qarşı heç bir sübut irəli sürməyib”, – vəkil açıqlama verib.
Onun sözlərinə görə, istintaq R.Mirqədirova qarşı ifadə almaq üçün jurnalistləri və fəalları çağırır. Lakin hələlik onunla hər hansı üzləşmə aparılmayıb.
“Bu, dolayısı ilə göstərir ki, heç kim R.Mirqədirova qarşı ifadə verməyib”,- vəkil vurğulayıb.
R.Mirqədirovun digər vəkili Fuad Ağayevlə isə müdafiə etdiyi şəxsin ifadə verməməklə bağlı qərarını niyə dəyişdiyinə aydınlıq gətirməyə çalışdıq. F.Ağayev bildirdi ki, bu, ittiham olunan tərəfin müstəsna hüququdur: “Bu bir müdafiə taktikasıdır. Ifadə vermək təqsirləndirilən şəxsin hüququdur. Bu onun vəzifəsi deyil. Müdafiə tərəfi də münasib bildiyi vaxtda o hüquqdan istifadə edə bilər”.
Xəyal


