İnsan Hüquqları İnstitutunun elmi dəst-xətti nədir?

Azər Həsənli

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yazırdı ki, Azərbaycan Milli Elmlər Akademiyasının Insan Hüquqları üzrə Institutu ölkə rəhbərliyinin siyası qərarı ilə yaradılarkən qarşıya qoyulan məqsədlər həyata keçmədi: “Hələ indiyədək institutun elmi dəst-xətti bəlli deyil”.

Bu sözlər 2009-cu ilin sonunda yazılsa da, aktuallığını indiyə qədər itirməyib. Çünki bu institutun elmi dəst-xəttində qeyri-müəyyənlik azalmaq əvəzinə daha da artıb.

Bioetikanın insan hüquq və azadlıqlarına aidiyyəti varmı?

Direktor Aytən Mustafayevanın 2009-cu ilin yazından bəri rəhbərlik etdiyi institutun aparıcı elmi mövzusu bioetika olub. Bioetika elmi təbabətdə yaranan etik müşkülləri araşdıran elmdir. Insan hüquq və azadlıqları kimi geniş tədqiqat sahəsinə əslində, bioetikanın birbaşa aidiyyəti yoxdur.

Nəticədə institutun fəaliyyətində əsas insan hüquq və azadlıqları mövzusu çox dar çərçivədə yer alıb. Hərçənd, indiki inkişaf dövrü üçün məhz insan hüquq və azadlıqları mövzusu xüsusi aktuallıq kəsb edir.

Müasir dövrdə mütərəqqi sivil sərmayədarlıq cəmiyyəti  istiqamətində inkişafımızın sürətləndirilməsi üçün AMEA-nın humanitar sahədə çalışan müxtəlif institutlarının, o cümlədən də Insan Hüquqları üzrə Institutun peşəkar elmi araşdırmaları mühüm rol oynaya bilər. Təəssüf ki, bu mənada Insan Hüquqları üzrə Institutun elmi töhfəsi demək olar, yox dərəcəsindədir.

Kadr problemi

Bildiyimiz kimi, müasir dünyada onlarla iqtisadi, sosial, mədəni, milli, siyasi, vətəndaş, ekoloji və digər insan hüquq və azadlıqları mövcuddur. Onların Azərbaycanın müasir keçid şəraitində nə cür təzahür etməsi, necə idarə olunacaqlarını ilk növbədə məhz Insan Hüquqları üzrə Institutun mütəxəssisləri araşdırıb dövlət strukturlarına müvafiq elmi araşdırmalar, tövsiyələr şəklində təqdim ertməlidir. Təəssüf ki, bu institut həmin işləri yüksək səviyyədə icra etməyə qadir deyil. Bunun əsas səbəbi isə institut rəhbərinin elmi işləri düzgün təşkilatlandıra bilməməsi və həddindən artıq kadr axınına yol verməsindən irəli gəlir. Son beş ildə institutun heyəti ciddi elmi əsaslar olmadan dəfələrlə direktor tərəfindən dəyişdirilib. Məsələn, əlimdə müdafiə üçün tam hazır olan namizədlik dissertasiyanın olmasına baxmayaraq, direktor Aytən Mustafayeva 2010-cu ildə məni institutdan xaric edib.

Aytən Mustafayevanın bu cür kadr siyasəti nəticəsində institutda insan haqları mövzusu ilə peşəkarcasına məşğul ola biləcək mütəxəssislər qalmayıb.

Şəxsi-qərəzin nəticəsi

Hazırda institutda insan haqları üzrə peşəkar kadrların olmaması faktı bu yaxınlarda dissertasiyam üzrə keçirilmiş ilkin müzakirə zamanı tam aydınlıqla üzə çıxıb. Dissertasiyam insan haqları sahəsində əsas təsisatlardan biri olan Ombudsman təsisatına həsr edilmişdi. Elmi işimdə Azərbaycanın Ombudsman haqqında qanununu təhlil edərək müəyyənləşdirmişdim ki, bu qanunun 40-a yaxın səhvi var. Hətta bu qanunda Konstitusiyamızın iki bəndini pozan müddəalar mövcuddur. Dissertasiyamda daha mükəmməl olacaq “Xalq Müvəkkili” (mühtəsib) haqda yeni qanun layihəsi təklif olunur, ombudsmanla bağlı mükəmməl hüquq-müdafiə sistemi təqdim edilir.

Dissertasiya işim Ali Attestasiya Komissiyası tərəfindən qoyulmuş bütün tələblərə cavab versə də, institutun direktoru Aytən Mustafayeva tərəfindən heç bir elmi əsas gətirilmədən müdafiəsinə yol verilmədi.

Ali Attestasiya Komissiyasının sədri, akademik Arif  Mehdiyev 8 yanvar 2014-cü ilə tarixli 4 saylı əmrilə dissertasiyam müdafiə üçün 31 maya qədər Insan Hüquqları üzrə Instituta, birdəfəlik dissertasiya şurasına verilib. Bu mərhələdə dissertasiyamın müdafiəsi üçün öncə seminar, sonra isə əsas müdafiə baş tutmalı idi. Lakin direktor Aytən Mustafayevanın özbaşınalığı və mənə qarşı anlaşılmaz şəxsi-qərəzi nəticəsində dissertasiyamın müdafiəsi baş tutmadı.

Dissertasiyamın baxılması sürəci elə seminar mərhələsində Aytən Mustafayeva tərəfindən Ali Attestasiya Komissiyasının müəyyən edilmiş bütün qaydaları pozularaq, dayandırıldı.

Qəribəsi odur ki, nə direktor Aytən Mustafayevanın, nə də institutun elmi şurasının üzvlərinin seminarın keçirilməsi qaydası haqda heç təsəvvürləri yox imiş. Martın 5-də institutda dissertasiyam üzrə elmi şuranın iclasında əslində, seminar deyil, artıq çoxdandır ki, arxada qalmış mərhələ – ilkin ekspertiza, yaxud ilkin müdafiə mərhələsi təkrarlandı. Bu qəribə hal iclasın videoçəkilişində tam aydınlıqla müşahidə olunur.

Naşılıq

Videoçəkilişdən göründüyü kimi, dissertasiyamın elmi şurada müzakirəsinin gedişatı məyusluq yaradır. Iclas iştirakçıları sözümü yarımçıq kəsərək, qoyulan suallara dolğun cavab verməyə imkan yaratmırlar. Elmi işimdə əks olunan ombudsman təsisatı kimi zəngin mövzu üzrə bir dənə də olsun konkret, peşəkar sual verilmədi. Suallar ümumi, mücərrəd, qeyri-konkret, yaxud texniki səciyyə daşıyırdı. Iclas iştirakçıları ombudsman təsisatının nəzəriyyəsindən, incəliklərindən sanki bixəbər idilər. Ombudsman təsisatı insan hüquqları sistemində mərkəzi təsisatdır. Ona dair elmi şuranın üzvlərinin bilgiləri səthidirsə, onlar çalışdıqları Insan hüquqları üzrə Institutda insan haqlarına dair mövzuları nə səviyyədə işləyə bilərlər?

Elmi şuranın iclasında səsvermə zamanı dissertasiyamın müdafiəyə buraxılmaması haqda qərar qəbul olundu və bu qərar qeyri-qanunidir. Birincisi, bu qərarın qəbulu üçün kvorum yox idi, səsvermə anına qədər şura üzvlərinin azı yarısı iclası tərk etmişdi. Ikincisi, mövcud qanuna görə, seminarı keçirmək üçün elmi şuraya izn verilmir. Seminarı keçirmək ancaq dissertasiya şurasının səlahiyyəti çatır. Yəni, dissertasiyam üzrə seminarın elmi şura tərəfindən aparılması ilə Ali Attestasiya Komissiyasının “Dissertasiya şuraları haqqında Əsasnamənin” 2.1. və 2.2. bəndləri kobud surətdə pozulub. Əcaba, Insan Hüquqları üzrə Institutda hələ də bilmirlər ki, dissertasiya üzrə seminarı keçirməyə elmi şuranın səlahiyyəti yoxdur? Üstəlik, onlar seminarın aparılması qaydasından da bixəbərdilər. Bu dərəcədə naşılıq olarmı?