
Amerikanın siyasətini müəyyənləşdirən ekspertlərin qatlıdığı dinləmələrdən nə gözlənilir?
ABŞ Helsinki Komissiyası Azərbaycan üzrə dinləmə keçirəcək. Dinləmə iyunun 11-nə təyin olunub. ABŞ-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadi və insan haqları tərəflərinin müzakirə olunacağı tədbir haqda Helsinki Komissiyasının yaydığı məlumatda deyilir ki, Azərbaycan ABŞ-ın tərəfdaşıdır, Avropanın enerji təchizatçısıdır, Əfqanıstanda beynəlxalq qüvvələrə yardım edir.
Bunlarla yanaşı , Azərbaycan Avropanın iki aparıcı insan haqları qurumlarının üzvü olmasına baxmayaraq mütəmadi olaraq qeyri-demokratik seçkiyə, siyasi rəqibləri ədliyyə sisteminin köməyi ilə cəzalandırmağa görə tənqid olunur.
Dinləmədə Dövlət Departamentindən Tom Melia, Eric Rubin, Milli Demokratiya Fondundan Miriam Lanskoy, Corctaun Universitetindən Brenda Shaffer iştirak edəcək. (azadliq.org)
Azərbaycandakı insan haqlarının son durumunun ABŞ Helsinki Komissiyası kimi mötəbər qurumda müzaikrə çıxarılması heç şübhəsiz mühüm hadisədir. Bir sıra ekspertlərin fikrincə, Azərbaycanda demokratik prinsiplərin kobud şəkildə pozulması müzakirələrin sərt keçəcəyini deməyə əsas verir. Bundan başqa müzakirələrin nəticəsi kimi ABŞ-dan hakimiyyətin ünvanına sərt mesajlar da səslənə bilər.
Fuad Qəhrəmanlı: «Bu müzakirə ABŞ-ın Azərbaycanla bağlı siyasətini yenidən gözdən keçirmək zərurətinin yarandığı deməkdir»
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, son dönəmlər Azərbaycan hakimiyyətinin atdığı addımlar, insan haqları ilə bağlı vəziyyətin daha da ağırlaşması, siyasi represiyaların genişlənməsi, o cümlədən xarici siyasətdə Rusiyaya reveransların artması ABŞ-da ciddi narahatlıqla izlənilir. Hakimiyyətin addımlarının ABŞ-a Azərbaycanla bağlı yürütdüyü siyasətə yenidən nəzər salmağa vadar etdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, səfir Morninqstarın söylədikləri Amerikanın narahatlığının ifadəsi idi: «Amma hakimiyyət belə təbliğat aparmağa çalışdı ki, guya səfir öz şəxsi mülahizələrini ifadə edib. Ona görə səfirə qarşı hakimiyyət bir kampaniyaya da başladı. Amma görünən odur ki, bu səfirin mülahizələri deyil. ABŞ Helsinki Komissiyasının da Azərbaycanla bağlı mötəbər müzakirəyə start verməsi Amerikanın Azərbaycanla bağlı siyasətini yenidən gözdən keçirməsi zərurətinin yaradıldığı deməkdir».
F.Qəhrəmanlının qənatəincə, əgər müzakirələr zamanı o nəticəyə gəlinsə ki, hakimiyyət demokratik dəyərlərin sıxışdırılması ilə bağlı geriyə addım atmağa niyyəti yoxdur, Qərbə inteqrasiyada maraqlı deyil, o zaman daha açıq, birmənalı, adekvat siyasət yürüdülməsinə ehtiyac yaranacaq. «ABŞ siyasətinin mahiyyəti ondan ibarətdir ki, yürüdüləcək siyasət geniş müzakirə olunduqdan sonra müəyyənləşir. Artıq Azərbaycan iqtidarı atdığı addımlarla o səviyyəyə gəlib çıtıb ki, ABŞ ölkəmizlə bağlı siyasətinə yenidən baxmağı düşünür», deyə F.Qəhrəmanlı vurğuladı.
Leyla Yunus: «Helsinki Komissiyasının son çağrışı nəzərə alınmadığından qurumun toplantısından sonra sərt bəyanatın verilməsini gözləmək olar»
Hüquq müdafəiçisi Leyla Yunus isə ABŞ Helsinki Komissiyasının bir müddət əvvəl verdiyi bəyanatı xatırlatdı. ABŞ Helsinki Komissiyasının mayın 30-da keçirilən toplantısında Azərbaycandakı insan haqlarının durumu ilə bağlı kfiayət qədər sərt bəyanatın səsləndirildiyini deyən L.Yunus vurğuladı ki, bəyanatda birmənalı şəkildə qeyd olunurdu ki, hüquq-mühafizə orqanları onun və ərinin barəsində atdıqları addımlarda qanunun tələblərini pozmasınlar: «Eyni zamanda Rauf Mirqədirovun barəsində seçilən həbs qəti-imkan tədbirinin dəyişdirilməsi istənilmişdi. Amma bəyanatdakı məqamların heç birinə riayət olunmayıb. ABŞ Helsinki Komissiyası mənə şəxsən bu bəyanatı göndərəndən sonra Azərbaycandakı insan haqları ilə bağlı onları məlumatlandırmağımı istəmişdi. Eyni zamanda Rauf Mirqədirov və mənimlə bağlı baş verənlərə xüsusi diqqət ayırmağım vurğulanmışdı. Artıq mən ABŞ Helsinki Komissiyasına iki geniş hesabat göndərmişəm. Hesabatda ölkədəki insan haqlarının vəziyyəti, Rauf Mirqədirov barəsindəki qərarın dəyişdirilməməsi əksini tapıb. Sənəddə eyni zamanda vurğulanıb ki, Rauf Mirqədirovun atasının vəfatı məhz hüquq-mühafizə orqanlarının qeyri-qanuni hərəkətlərinin nəticəsidir. Eyni zamanda Mətanət Əzizovanın oğlu ilə birgə Azərbaycandan buraxılmaması, prokurorluq orqanlarının mənim və həyat yoldaşımın fəaliyyət azadlığını məhdudlaşdırması da hesabatlarda əksini tapıb».
Prokurorluq orqanlarının əməkdaşlarının onun sərbəst hərəkət azadlığını açıq şəkildə məhdudlaşdırdığını deyən L.Yunus vurğuladı ki, ötən həftə prokurorluğun işçilərinin onların mənzilinə daxil olmasına yalnız jurnalistlərin axşama qədər binanın önündə qaraul çəkməsi mane olub: «Mən buna görə bütün jurnalistlərə təşəkkürümü bildirirəm. «Azadlıq» qəzetinin əməkdaşı Seymur Həzi gecə saat 11-ə qədər bizim binanın önündən heç yerə ayrılmadı. Mən ona minətdaram. ABŞ Helsinki Komissiyasında Azərbaycandakı mövcud durum ətraflı müzakirəyə çıxarılacaq. Mən ABŞ Helsinki Komissiyasına siyasi məhbusların siyahısını da göndərmişəm. Azərbaycan hakimiyyətinin insan haqları sahəsindəki son addımları nəzərə alınarsa ABŞ Helsinki Komissiyasının toplantısından sonra kifayət qədər sərt bəyanatın verilməsini gözləmək olar. Çünki qurumun bundan əvvəlki çağrışı da nəzərə alınmayıb».
Xəyal


