Fövqəladə və səlahiyyətli səfir bəyan edir

Qırğızstanda Heydər parkı üzərində alver etmək istəyənlər peyda olub

Qırğızstan paytaxtı Bişkekdə Heydər parkının işi getdikcə daha dərin düyünlərə düşür. Bizə bəlli olan məlumata görə Azərbaycanın Bişkekdə səfiriyinini əl qoyduğu 5 hektarlıq bahalı ərazi yerli Azərbaycanlıların diaspor təşkilatı olan «Türkdilli dövlətlərinin siyasətinə Dəstək» adlı Fond ilə ciddi problemlər yaradıb. Ölkə mətbuatından bəllidir ki, bu ərazini əvvəlcə məhz, həmin bu təşkilat heydər parkı yaratmaq üçün alıb, daha sonra isə əraziyə və ideyaya səfirliyin gözü düşüb və… müharibə başlayıb. Həənd, səfirliyin mövqeyini dəstəkləyənlər də iddia edirlər ki, bu ərazi və park ideyası elə əvvəlcədən də səfirliyə aid olub. Baxmayaraq ki, «Türk dövlətlərinin siyasətinə Dəstək» Fondunun əlində bunun əksini sübut edən ciddi sənədlər var.

Maraqlıdır ki, bu polemikaya Azər Həsrət də qoşulub. AzNews.az saytına bu problemlə bağlı yazı verən Azər Həsrət bildirib «Türk dövlətlərinin siyasətinə Dəstək» təşkilatının ərhbəri Nüsrət Məmmədovu fırıldaqçılıqda ittiham etməklə, səfirliyin tərəfindən polemikaya qoşulub.

AzNews.az-a açıqlamasında bildirib ki, Nüsrət Məmmədov haqqında çox eşidib və hətta tədbirlərin birində görüşləri də olub: “2012-ci il mayın 7-də Bişkekdə Azərbaycan səfirliyi H.Əliyevin doğum gününü qeyd edirdi. Mən də dəvətli idim. Bu adamı orda görmüşdüm. Amma sözüm onda deyil. Elə həmin günlərdə Bişkekdə dostum, Qırğızıstanın o vaxtki ombudsmanı Tursunbek Akunla görüşə getmişdim. O, məndən üzrxahlıq edib başqa yerdə olduğunu, amma yenə də ofisə keçib, onu gözləməyimi xahiş etmişdi. Biz də Qırğızıstanın Böyük Briyaniyadakı keçmiş səfiri, yaxın dostlarımdan biri Kuban Mambetaliyevlə birlikdə Ombudsman idarəsində oturub onu gözləyirdik. Bu arada bizdən bir qədər aralıda gənc bir işçi qız bilgisayara ona diktə edilən mətni yazırdı. Diktə edən də elə mən yaşda olan bir qırğız idi. Birdən adam mənim üzümə baxıb, “Nüsrət Məmmədov sizsiniz?”, deyə soruşdu. Rusca təbii. Mən də çaşıb qaldım və dedim ki, yox. Sonra soruşdum ki, nə məsələdir? Dedi bu Nüsrətdən ombudsmana şikayət daxil olub. Hardasa 60 min dollar pul atıb bir mətbəəyə. Yanılmıramsa, H.Əliyevlə bağlı kitab çap elətdiribmiş, amma pulunu vermirmiş. Alacaqlı da daha haralara şikayət etməyib? Amma bir nəticəsi olmadığından ombudsmana müraciət edibmiş. Bu olaydan sonra bu Nüsrətin kimliyilə maraqlandım. Kaş ki, maraqlanmayaydım. Daha nələr danışmadılar mənə? İndi AzNews.az-da və digər saytlarda yazılanları oxuduqca düşünürəm ki, gərək elə o vaxt mən özüm bu məsələni ictimailəşdirəydim. Amma olsun, yenə də Əziz müəllim cəsarət tapıb bunları açıqlayıb. Doğrudan da bu adam Qırğızıstanda Azərbaycanı biabır etməklə məşğuldur. Halbuki həmin ölkədə qırğızlar azərbaycanlıların başına and içir…”.

Bu qədər mötəbər açıqlamadan sonra, əslində, bəlkə də polemika bitməli idi. Amma «balaca» bir nüans onu bitirməyə imkan vermir…

Yazıda kifəyət qədər mötəbər insanların adı çəkilir, o cümlədən Qırğızstanın Britaniyada səfiri olmuş hörmətli Kuban Membataliyevin. Bu cür adamlar, ilk baxışda çətin əl çatan adamlar olmurlar. Amma biz hər halda bəxtimizi sınadıq və Kuban Membataliyevlə əlaqə saxlayıb onun bu məsələ ilə bağlı xatirələrini istədik. Kuban bəy isə bu xatirələri detallarına qədər yazdı. Biz Qırğızstanın fövqəladə və səlahiyyətli səfiri Kuban Membataliyevin yazdıqlarını təqdim edirik:

 «Bu günlərdə Azərbaycandakı AzNews saytında Azər Həsrətin bir yazısı dərc edilib.  Azər Həsrət məndən yaşca kiçik olan kolleqamdır və mən bir zamanlar “Jurnalistı OO” da çalışdığım zamanlar onunla təmaslarım olub. Mən bir neçə dəfə Bakıda olmuşam, o da bir çox dəfə Bişkekdə olub. Amma indi məsələnin mahiyyəti barədə.

Öz yazısında Azər Həsrət bildirir ki, 2012-ci ildə biz ikimiz birlikdə bizim o zamankı ombudsmen Tursunbek Akunla görüşməyə getdik, onun qəbul otağında gözlədiyimiz zaman hansısa “gənc bir oğlan” qəribə şəkildə məndən soruşdu ki, Nüsrət Məmməov sizmisiniz? Onun yazdığından belə çıxır ki, sualın bu cür qoyuluşundan bir qədər heyrətlənib və hər halda “yox” deyə cavab verib. Bundan sonra isə həmin gənc qırğız bildirib ki, Nsrət Məmmədovdan şikayət daxil olub, o, guya hansısa mətbəədə Heydər Əliyev haqqında kitab dərc etdirərək onun pulunu ödəməyib və 60 min dollar “atıb”. Maraqlıdır ki, Azər Həsrətin yazdığına görə, bu şikayət ombudsmana ünvanlanıbmış.

Əlbəttə, sual oluna bilər ki, nədən bu yazının detalları üzərində bu qədər dayanıram. Azər öz yazısında qeyd edir ki, “dollarlarla” bağlı olan bu dialoq mənim yanımda, mənim susqun iştirakımla baş verib. Buna görə də bu yazıda göstərilənlərə hökmən münasibət bildirməliyəm.

Azər məndən xahiş edib ki, mən onu Tursunbek Akunla görüşdürüm. Görüşü təşkil etdim, bir yerdə onun ofisinə getdik, amma Ombudsmen bizi dərhal qəbul etdiyi üçün  biz onun qəbul otağında gözləmədik. Mən heç bir vaxt, heç bir məmurun görüşünə öncədən xəbər verməmiş getmirəm və Tursunbek də heç zaman məni öz qəbul otağında gözlətməzdi. Bu, birincisi. İkincisi, mən Azər Həsrətin Tursunbek Akunla söhbətinin əvvəlindən axırına qədər orada olmuşam və orada nə Nüsrət Məmmədov, nə də onun kitabları haqqında heç bir söz olmayıb. Əgər məhz, bu ərəfədə ortalıqda peyda olmuş təsadüfi bir adamdan belə bir şikayət haqqında eşitmişdisə, o zaman məntiqlə Ombudsmenden bu barədə nəsə soruşmalı, dəqiqləşdirməyə çalışmalı idi, axı. Qəribədir.

Qırğız gəncləri, tər-təmiz etik mülahizələrə görə, mənim yanımda  xarici ölkədən gələn hər hansı qonağıma bu cür xoşagəlməz suallar ünvanlaya bilməzlər. Belə bir şey heç zaman olmayıb və güman edirəm, heç zaman da olmaz.

Azərin yazısının mahiyyəti tamam başqa bir məsələ ilə bağlıdır və görünür, mənim adımın orada hallandırılması da bir kompramat bəyanatına “avtoritetli” qoşulma məqsədi daşımışdır. Görünür, qırğız-azərbaycan münasibətləri ilə bağlı olan hansısa personalar üçün Nüsrət Məmmədov ciddi “əngəllər” yaradır. Görünür, Nüsrət Məmmədov kimlərinsə boğazında sümüyə çevrilib.

Nüsrət Məmmədov bizim üçün çox tanınmış azərbaycanlılardan biridir. O, “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək” Fondunun rəhbəridir. Bu cür fondlar bizim yerlərdə çoxdur, amma məhz, bu Fond bütün başqaları ilə mqayisədə olduqca çox işlər görüb. Bir vaxtlar, o, Çingiz Aytmatovun Bakıya səfərini və İlham Əliyevlə görüşünü təşkil etdi. Çıngız Aytmatova orada Azərbaycanın “Dostluq” ordeni təqdim edildi. Həmin görüşlərdə isə Nüsrət Məmmədovun iştirakı protokola daxil edilmişdi. Mən şübhe etmirəm ki, “şübhəli” reputasiyalı insanları bu cür görüşlərə daxil etməzlər.

Sonra Nüsrət Məmmədov Qırğız mədəniyyət və ictimai xadimlərinin Azərbaycana səfərini təşkil etdi. Daha sonra deputat Qırğızstan Parlamentinin deputatlarının  Azərbaycan prezidentinin qəbul etməsi ilə nəticələnən daha bir  heyətinin Bakı səfərini təşkil etdi.

Fondun maliyyə dəstəyi ilə Azərbaycan dilindən Qırğız dilinə 50-dən artıq kitab tərcümə edilib. “Manas” dastanı bu Fondun maliyyə dəstəyilə Azərbaycan dilinə tərcümə edilib. 

Bəyəm, bütün bunlar kifayət deyilmi ki, bu Fondun olduqca pozitiv işlərlə məşğul olduğunu, Azərbaycan-Qırğızstan mədəni əlaqələrində müstəsna rol oynadığını görəsən? Belə bir Fondun rəhbəri hansısa bir kitab üçün ödəmə etməkdən boyun qaçırarmı? Bu, məntiqsizlikdir və absurddur. Əgər belə bir olay baş versəydi, o zaman istər Bakıda, istərsə də Bişkekdə hüquq mühafizə orqanları bu faktla məşğul olardılar, ədaləti bərqərar edərdilər.

Rəsmi olaraq bildirirəm ki, mənim iştirakımla Azər Həsrətin qələmə aldığı hadisə baş verməyib. Burada iki hal ola bilər. O, ya mənim iştirakım olmadan oraya ikinci dəfə tək gedib, ya da belə bir epizodda mənim iştirakımı uydurub. Hesab edirəm ki, Azərbaycan mətbuatı cənab Tursunbek Akuna müraciət edib bu halları da dəqiqləşdirə bilər.

Bütün hallarda isə məsələ aydındır. Qırğız-Azərbaycan münasibətlərində kiminsə kommersiya maraqları bu ssenarini uydurur. “Türkdilli dövlətlərin siyasətinə Dəstək” Fondu bir zamanlar Bişkekdə Heydər Əliyev parkının salınması üçün torpaq sahəsi ayrılmasına nail olub. Bu, indi kimlərinsə tərəfindən mübahisəli proyekt elan edilib.

Kuban Membataliyev, Qırğızstanın Fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru,,.

 azadliq.info