Obama Putini Poroşenko ilə görüşməyə çağırdı

ABŞ prezidenti Barak Obama Avropada 4 günlük səfərdədir. Səfər iyunun 2-də başlayıb.
Obama iyunun 3-də Polşaya gəlib. Varşavada o, bəyan edib ki, Vaşinqton Polşanın, eləcə də özünün Şərqi və Mərkəzi Avropadakı tərəfdaşlarının təhlükəsizliyinə sadiqdir, çünki bu, ABŞ-ın özünün təhlükəsizliyinin özülüdür. Obama Şərqi Avropanın təhlükəsizliyini ABŞ üçün müqəddəs adlandırıb.
Obama Varşavadakı açıqlamalarında həmçinin, Rusiya-Ukrayna münasibətlərinə də toxunub. O, rusiyalı həmkarı Vladimir Putini Ukraynanın yeni seçilmiş prezidenti ilə görüşməyə çağırıb. Onun fikrincə, Putin Ukrayna hökuməti ilə federallaşma tərəfdarları arasında dialoqun qurulması üçün səylər göstərməlidir.
“Putinin seçimi var. Ukrayna ilə sərhəddən qoşunları geri çəkmək, Ukraynanın şərqində separatçılar üzərində nüfuzundan istifadə etmək, baş tutmuş prezident seçkilərini tanımaq və prezident seçilmiş Pyotr Poroşenko ilə görüşmək. Biz Putinlə görüşsəydik, mən ona məhz bunları deyərdim. Ümid edirəm ki, həmkarlarım Devid Kemeron və Fransua Olland ona bu haqda Fransada ikitərəfli görüşlər zamanı deyəcəklər”, – deyə ABŞ prezidenti vurğulayıb.
Obama həmçinin ittifaq qoşunlarının Normandiyaya yeridilməsinin 70 illiyi münasibəti ilə keçiriləcək tədbirlər zamanı Putinlə görüşünü istisna etməyib.
ABŞ prezidenti Polşadan sonra Belçika və Fransaya səfər edəcək.