Gənclər forumunun Azərbaycan gəncliyinə aidiyyəti yoxdur

Dadaş Sadiqli: «Nəinki gənclərin 7-ci forumu, 27-ci forumu da keçirilsə, bunun ölkə gəncliyinə heç bir müsbət təsiri olmayacaq»

Ölkə başçısı Ilham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan gənclərinin 7-ci forumu başlayıb.

Forumda Prezident Administrasiyasının rəsmiləri, millət vəkilləri, respublikanın ayrı-ayrı yerlərindən olan gənclər iştirak ediblər. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini Intiqam Babayev bildirib ki, foruma 1783 nümayəndə seçilib, onlardan 1739-u tədbirdə iştirak edir. Ümumiyyətlə, bu forumların Azərbaycan gəncliyinin həyatında hansısa müsbət rolu varmı? Gənclərlə bağlı dövlət proqramı bu günə qədər hansı problemləri həll edib?

AXCP GK-nin Idarə Heyətinin üzvü Dadaş Sadiqli hesab edir ki, bu forumlar bir qayda olaraq hakimiyyətin mədh olunmasına və gənclərə qayğının imitasiyasına həsr olunur: “Bu gün ölkədə 2 milyondan çox gənc var. Ancaq Azərbaycanda böyük işsizlər ordusu var və ordunun əsas hissəsini gənclər təşkil edir. Obyektiv araşdırılma aparılsa məlum olar ki, tikintilərdə fəhlə işləyənlərin, bazarda alver edənlərin, şəhərin müxtəlif yerlərində taksi fəaliyyəti göstərənlərin böyük əksəriyyəti ali təhsilli gənclərdi. Müstəqil fikirli, normal cəmiyyətdə yaşamaq istəyən gənclər isə, hakimiyyətin qəzəbinə düçar olur. Gənclərə qayğı göstərilən ölkədə yüksək təhsilli gənclər şərlənərək həbs olunmaz. Təbii ki, belə forumlar ictimaiyyəti çaşdırmaq, hakimiyyətin gənclərə qayğısını göstərmək üçündür. Reallıq ondan ibarətdir ki, bu forumlarda hakimiyyəti mədh edən, müəyyən qrant layihələrindən pay uman, məmurlara yaxınlığı ilə seçilən gənclər təşkilatları iştirak edir. Yəni belə tədbirlərə müstəqil fikirli, problemləri dilə gətirən, haqsızlığa etiraz edən gənclər və gənclər təşkilatları dəvət olunmur. Diqqətlə analiz etsək aydın olacaq ki, bu forumlarda iştirak edən təşkilatların böyük əksəriyyətinin adı ictimaiyyətə məlum deyil. Bir sözlə, bu gün təşkil olunan ”şou-forum”lar ölkə gəncliyinin həyatına heç bir müsbət təsir göstərə bilməyib. Yaltaqlığın, saxtakarlığın, hüquqsuzluğun dəyərə çevrildiyi ölkədə, gənclərə qayğıdan danışmaq absurddur. Ona görə də nəinki, gənclərin 7-ci forumu, 27-ci forumu da keçirilsə, bunun heç bir əhəmiyyəti yoxdur”.

Akif