“İnsan haqları sahəsindəki mənzərə dəyişməlidir”

Xalid Ağaliyev: «2014-cü ilin yanvarınadək Azərbaycandan Avropa Məhkəməsinə 1463 şikayət göndərilib»

Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetində sədrliyə başlaması ilə əlaqədar Media Hüququ Institutu “Avropa Insan Hüquqları Məhkəməsinin qərarlarının Azərbaycanda icrası” haqqında sənəd hazırlayıb.

Sənədin məzmunu və ondan irəli gələn nəticələrlə bağlı “Turan”ın suallarını MHI-nin layihələr üzrə koordinatoru Xalid Ağaliyev cavablandırır.

– Sənədə hansı suallar daxildir?

– Hesabat 2014-cü ilin mayınadək Avropa Məhkəməsinin Azərbaycana qarşı çıxardığı və Avropa Şurası Nazirlər Komitəsinin nəzarət etdiyi qərarların icrası durumunun analizini əhatə edir. Sənəddə eyni zamanda Avropa Məhkəməsi qərarlarının icrası üçün milli və beynəlxalq nəzarət mexanizmi, o cümlədən qərarların icrası üçün zəruri olan tövsiyələr yer alıb. 

– Avropa Şurası Parlament Assambleyası hesab edir ki, Azərbaycan demokratik və plüralist cəmiyyətə doğru hərəkət edir. Sizin sənəd bu qənaəti təsdiqləyirmi?

– AŞPA-nın bu qənaəti yəqin ki, yalnız Avropa Məhəkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarların və onların icra durumun analizinə əsaslanmır. Belə yüksək qənaətə gəlmək üçün xeyli geniş olan fərqli sahələrin analizi də tələb olunur. Qeyd olunmalıdır ki, Azərbaycanda demokratik və hüquqi bir dövlətin bərqərar olması üçün hələ xeyli ciddi işlər görülməli, köklü islahatlar həyata keçirilməlidir. Hesabatda da eyni yanaşma göstərilib, çünki Azərbaycana qarşı çıxarılan qərarların böyük əksəriyyəti problemlərin sistemlə bağlı olduğunu göstərir və qərarların icrası üçün həmin problemlər institusional səviyyədə islahatların həyata keçirilməsini tələb edir. 

– Azərbaycandan Avropa Məhkəməsinə daxil olan müraciətlərin sayı çoxdur?

– Muraciətlərin kəmiyyəti bu hesabatın araşdırma predmeti olmayıb. Öncə qeyd etdiyim kimi, hesabat hazırlanarkən Avropa Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı və icraya yönəldilən qərarlar araşdırılıb. Azərbaycandan Avropa Məhkəməsinə müraciətlərin az və ya çox olması ilə bağlı sualları öncəki illərin rəqəmləri ilə və ya oxşar durumda olan ölkələrə aid statistika ilə müqayisə etməklə söyləmək daha doğru olardı. Ümumi statistikaya görə. 2014-cü ilin yanvarınadək Azərbaycandan Avropa Məhkəməsinə 1463 şikayət göndərilib. Eyni dövr üçün Ermənistandan 998, Gürcüstandan isə 2488 şikayət göndərilib. Ancaq say əsas indikator deyil. Başqa indikatorları tətbiq etməklə daha dürüst müqayisələr aparmaq mümkündür. Ancaq bu daha geniş araşdırmanın mövzusu ola bilər. Bəlli olan odur ki, illər üzrə müqayisədə şikayətlərin sayı artan xətt üzrə gedir. Insanlar Avropa məhkəməsi  barədə daha çox bilgilənirlər, təbii ki, bu da şikayətlərin sayında artıma təsir edir. Lakin şikayətlərin sayının artması ilə yanaşı onların məzmun, keyfiyyət artımına da diqqət yetirmək gərəkir. Bu mövzuda bəzi tendensiyalar var ki, onların üzərində durmaq lazımdır. Konvensiyanın elə maddələri var ki, onlar üzrə AIHM qərarlarının sayı azdır. Məsələn, Azərbaycanda toplaşma azadlığı ilə bağlı ciddi problemlərin  olduğu halda bu hüququn pozulması ilə bağlı Azərbaycana qarşı ilk qərar yalnız 2013-cü ilin sonunda çıxarılıb. Hüquqlarla bağlı məhdudiyyətlərdən sui-istifadə ilə bağlı problemlər olduğu halda Avropa Konvensiyasının 18 maddəsi yalnız bu il, Avropa Məhkəməsinin Ilqar Məmmədov işində tətbiq olunub. Azərbaycanda teleradio tənzimlənməsi ilə bağlı ciddi problemlər var. Bu sahə hökumətin tam nəzarətindədir. Ancaq Avropa Məhkəməsinin bununla əlaqəli qərarı hələ yoxdur. Halbuki, 5-6 il öncə Avropa Məhkəməsi Moldovaya qarşı örnək qərar qəbul edib ki, həmin qərar Moldovada teleradio tənzimlənməsinin inkişaf etdirilməsinə xeyli töhfələr verib. Bütün bunlar belə bir mülahizə yaradır – hüququ pozulanlar üçün gərəkli vasitə, alət olaraq Avropa Məhkəməsindən kifayət qədər keyfiyyətlə istifadə olunduğunu söyləməyə də tərəddüdlər var.

– Sizin hesabatda öhdəliklər də daxil olmaqla, milli və Avropa qanunvericiliyi ilə bağlı hansı xarakterik pozuntular qeydə alınıb?

 – Sənəddə Avropa Məhkəməsinin yaşamaq hüququ, işgəncəyə məruz qalmamaq hüququ, azadlıq və təhlükəsizlik hüququ, ədalətli məhkəmə araşdırması hüququ, ifadə azadlığı, toplaşma və birləşmə azadlığı, mülkiyyət hüququ, seçki hüququ ilə bağlı icraya yönələn qərarları təhlil olunub. Sənəd çoxsaylı maddələri əhatə etdiyi üçün konkret pozuntuları sadalamaq zaman alar. Bir çox qərarlar problemlərin qanunvericilikdən və ya qanunvericiliyin tətbiqi təcrübəsindən irəli gəldiyini göstərir. Qanunvericiliyin tətbiqi təcrübəsi ilə bağlı onu xüsusilə qeyd etmək yerinə düşür ki, Avropa Məhkəməsinə müraciət üçün əsas şərtlərdən biri daxili hüquqi müdafiə vasitələrini tükəndirməkdir, yəni işlərin böyük əksəriyyəti hüquq mühafizə qurumları, məhkəmələrin hüquq pozuntularına lazımi qiymət verməməsinin nəticəsində Avropa məhkəməsinin araşdırma predmeti olur. Eyni zamanda bir çox qərarlar bir-birini təkrarlayır və bu tip işlərin icra durumu onu göstərir ki, dövlət sistemdəki problemləri aradan qaldırmağa elə də ciddi səylər nümayiş etdirmir. Kompensasiyaların təyin olunduğu bir çox işlərdə sadəcə, kompensasiyanı ödəməklə ədalət bərpa olunmur. Ədalətin bərpası daha geniş anlayışdır. 

“Vətəndaş cəmiyyəti fəal olmalıdır”

– Avropa Məhkəməsinin bir sıra qərarı var ki  rəsmi Bakı bunları yerinə yetirmir. Məsələn, Əli Insanovun, Ilqar Məmmədovun, Leyla Yunus və digərlərinin işləri üzrə. Bu cür məhkəmə qərarlarını yerinə yetirməkdən imtina etməklə hökumət nəyə arxalanır?

– Hesabatda da icra olunmayan işlərlə bağlı məlumat var. Ümumiyyətlə, Avropa Məhkəməsi qərarlarının icrası iki tip tədbirləri nəzərdə tutur: xüsusi və ümumi tədbirlər. Xüsusi tədbirlərə kompensasiya, işdən asılı olaraq onun yenidən araşdırılması aiddir. Azərbaycanda adətən kompensasiyaların ödənilməsi ilə bağlı problemlər olmur. Amma Avropa Məhkəməsinin qərarından sonra işin yenidən araşdırılmasında ərizəçilərin narahatlıqları qalmaqda davam edir. Məsələn, hesabatda da qeyd olunduğu kimi, Avropa Məhkəməsinin qərarından sonra aparılan daxili araşdırmaların Əli Insanovla bağlı qərarda tanınmış pozuntuların aradan qaldırılması ilə bağlı narahatlıqlar var və bu məsələ Nazirlər Komitəsinin nəzarətindədir. Avropa Məhkəməsinin Azərbaycanla qərarlarının presedent olaraq milli məhkəmələrdə tətbiqində də ciddi narahatlıqlar var. Məsələn, Avropa Məhəkəməsi Akif Muradverdiyev, Qənimət Zahidin işlərində tanınmiş ictimai-siyasi xadimlərin məhkəməyəqədər həbsdə tutulmasının pozuntu olduğunu tanıyıb. Ancaq yerli məhkəmə təcrübəsi dəyişmir ki, dəyişmir. Heç bir ictimai-siyasi fəalın işində bu təcrübə tətbiq edilməyib, istər Əvəz Zeynallı, istər Anar Məmmədli, istər Ilqar Məmmədov, istərsə də Tofiq Yaqublu məhkəməyə qədər zəruri əsaslandırma olmadan həbsdə saxlanılıblar. Ilqar Məmmədovun işinə gəldikdə, bu iş üzrə qərar yalnız qüvvəyə minəndən sonra icraya yönəldiləcək, o səbəbdən onun icrasından danışmaq tezdir. Amma təbii ki, hökumət pozuntuları indiki mərhələdə də aradan qaldıra bilər. Ümumilikdə, hökumətin arxayınlığını azaltmaq üçün vətəndaş cəmiyyəti qurumları, medianın fəallığı çox önəmlidir, onlar bu məsələləri daim gündəmdə tutmağa çalışmalıdırlar. 

– Sizin sənəd AŞ Nazirlər Kabinetinin tövsiyələrini əhatə edir?

 – Bəli, hesabat Nazirlər Kabinetinin tövsiyələrini də əhatə edib. Bəzi qərarların icrası yalnız kompensasiyaların ödənilməsi ilə kifayətlənmir. Nazirlər Komitəsi dövlətdən qərarların icrası ilə bağlı durumu, yəni pozuntunu aradan qaldırmaq üçün dövlətin fəaliyyət planı haqqında cavab gözləyir. NK-nın Azərbaycanla bağlı qərarların icrasından bəhs edən veb-səhifəsinə nəzər saldıqda görürük ki, bəzi qərarların icrası ilə bağlı hökumət hələ də məlumat verməyib və ya tam məlumat verməyib. Bu baxımdan NK-ya iş üzrə ərizəçilərlə yanaşı vətəndaş cəmiyyəti qurumları da yardımçı olmalı və mütəmadi olaraq aidiyyatı üzrə məlumatlar, hesabatlar göndərməlidir. Məsələn, media ilə, xüsusilə ifadə azadlığı ilə bağlı Media Hüququ Institutunun hazırlayıb təqdim etdiyi bilgilər NK-nin qərarların icrası ilə bağlı veb-səhifəsində yerləşdirilib. Bu, NK-ya aidiyyatı olan tövsiyələri hazırlamağa və dövlətin öz öhdəliklərini necə yerinə yetirməsinə nəzarət etməyə yardımçı olur. Bu hesabatda konkret maddələr üzrə tövsiyələr də yer alıb.