“Ölkə dar bir dairəyə sıxışdırılıb”

Zümrüd Yağmur: “Həm iqtidar, həm də xalqın zehnindəki tıxac bu gün ədəbiyyat və ciddi sənətin qarşısında div kimi dayanıb”

Müsahibimiz yazıçı Zümrüd Yağmurdur. Onunla bu yaxınlarda satışa çıxan “Yağış qadın” romanı və ədəbiyyatımızın, cəmiyyətimizin problemlərindən danışdıq.

– Zümrüd xanım, yeni romanı, “Yağış qadın”ı  çap etdiniz. Yenə ağır mövzüya toxunmusunuz. Ağır mövzular sizi yormurmu?
– Bilmirəm, bunu mənə deyirlər, sosial şəbəkələrdən yazırlar ki, çox ağır bir roman  alınıb.  Amma mövzunun özü ağrılıdır. Bir də mənim məqsədim təkçə müharibənin dəhşətini göstərmək olmayıb, həm də dünyanın necə ikiləşməsini, bir dünyada iki qütbün yaranmasını, eyni zamanda bizim kimi ölkələrdə yaşayan insanların nə düşündüyünü kimsənin maraqlandırmadığını yazmaq istəmişəm. Müharibədə təkcə millətlər deyil, bütövlükdə  insanlıq ölür. Müharibədə hansısa xalq qalib olmur, çünki xalqların gələcəyi əngəllənir. Baxın ermənilərə, onlara qalib demək olarmı? Bu gün erməni xalqı tökdüyü qanların, iştirak etdiyi qətliamların faydasını görə bilirmi? İşğal altındakı Azərbaycan torpaqları ermənilər üçün daim bir təhdid və Rusiya ağalığında qalmaq üçün səbəbə çevrilib. Əksinə, bir zaman gələcək ermənilər anlayacaqlar ki,  Qarabağda törətdikləri qətliamlar onları da bir çox  iqtisadi, siyasi fürsətləri yaxalamaqdan məhrum edib.  Müharibə olmasaydı Türkiyə və Azərbaycanla iqtisadi əlaqələr bu xalq üçün daha çox fayda verərdi. Ya da bizi götürək. Qurban gedən on minlər, didərgin  düşən insanlar, bilinən və bilinməyən faciəvi talelər… Bütün bunlar təkcə millət kimi bizim dərdimiz deyil, insanlığa qarşı törədilmiş fəlakətdir. Çünki dünyanın harasında yaşamasından asılı olmayaraq, kimsə insan kimi  bu fəlakətlərlə tanış olsa, laqeyd qala bilməz. Bu üzdən də əsəri təkcə müharibə romanı hesab etmək düz deyil. Romanda diqqət müharibənin hər iki xalqa gətirdiyi fəlakətlərə, insanlığı məhv edən faciələrə yönəlib.  İndi “Yağış qadın”ı bir oxucu kimi oxuyuram və görürəm ki, əsərdə bol mesajlar var əslində…

– Oxucu kimi romanı bəyənirsiz?
– Hələ ki, bəyənirəm, amma bir müddət sonra ona qayıdanda bəlkə də əlavə etmək istədiyim məqamlar ola bilər. Bu təbiidir…

– Özünüzə tənqidi yanaşa bilirsiniz? Təkcə yazar kimi yox, bütüövlükdə.
 – Etiraf edim ki, bu, həmişə asan olmur. Biz adətən ötüb keçənlərə, keçmişə baxanda nəyi necə edə biləcəyimizi götür qoy edərək hərəkətlərimizi qiymətləndirmək fürsəti qazanırıq. Ancaq məncə, bu, yetmir. Nəyi necə etməli olduğumuzu da kənar müşahidəçi kimi qiymətləndirib, qərar verməyə həmişə çalışıram. Nə qədər uğurlu alınır, deyə bilmərəm, ancaq bir şeyə əminəm ki, həyatda prinsip və dəyər verdiyim düşüncələrin tapdanmasına, güzəştə gedilməsinə heç vaxt müsaidə etməmişəm. Düşünürəm ki, ən önəmli olan insanın öz şəxsiyyətinin, yazıçı kimi də obyektivliyinin konturlarını dəqiq müəyyənləşdirib, onu aşağı çəkən dedi-qodulardan, mənfəətpərəstlikdən üstə dayanmağı bacarmasıdır.

– “Axar.az” saytında işləyirdiniz, ayrıldınız. Bilmək olar niyə?
– Ayrılmağıma səbəb şəxsi motivlər deyil. Bu saytda işə başlayanda belə razılaşdırılmışdı ki, mən ədəbiyyat bölməsinə baxacam və bu istiqamətdə yazacağam. Ancaq ədəbiyyata yer ayrılmadığı üçün bir müddət ictimai mövzularda köşə yazmaqla məşğul oldum. Problem də yazılarımın zərrəbdinlə yoxlanılması idi. Orda hakimiyyətə, məmurlara yönəlik tənqidə senzura qoyulmuşdu. Anar bəy mənim yazılarımın getməsi üçün kifayət qədər səy göstərsə də, elə məsələlər var idi ki, onluq deyildi. Saytı maliyyələşdirənlər üçün mənim iqtidara qarşı tənqidi mülahizələrim arzuolunmaz idi. Elə hallar olub ki, hətta ədəbiyyatla bağlı yazımda hakimiyyət əleyihinə hansısa tənqidi məqamlar tapıb qarşısını alıblar. Belə bir şəraitdə yaradıcılıq  azadlığımın məhdudlaşdırılmasını qəbul edə bilmirdim. Güman edirəm ki, mənim saytdan ayrılmağım redaktor kimi Anar bəyə də olan təzyiqlərin azalmasına gətirib çıxaracaq. İşlədiyim müddətdə də Anar bəydən ehtiram görmüşəm və şəxsi zəmində heç bir incikliyim yoxdur. O məni orda çox qoruyub və buna görə də ona minnətdaram.

– Amma Aynur Camal siz ordan ayrılandan sonra Facebook-da yazmışdı ki, birinin işdən ayrılanda ona deməməsi təbriyəsizlikdir. Yoxsa bu, sizə ünvanlanmışdı?
– Bu, məni maraqlandırmır. Mən siyasi mövqeyimi dəyişib o saytda  işləməyə razılıq verməmişəm. İşlədiyim müddətdə də prinsiplərim və mövqeyim əleyhinə heç nə etməmişəm. Sonda da yaradıcılıq azadlığının olmamasına görə ayrılmaq qərarı verdim. Saytda da işə başlayarkən Pərviz Cəbrayılla, Anar bəylə danışmışdım. İşlə bağlı mənim bu xanımla heç bir danışığım olmayıb. Ona görə də istefa qərarımı da Anar bəyə bildirib saytdan ayrıldım. Aynur Camalın bu hikkəsi yersizdir. 

– Qayıdaq ədəbiyyata. Sizcə, Azərbaycan ədəbiyyatı bu gedişlə dünyaya çıxa biləcəkmi?
– Bunu hardan bilə bilərəm? Mən yazaram, ədəbiyyatın dünyaya çıxması mənim işim deyil.  Amma ümumi görütsək, bu yanaşmalar, qorxaqlıqlar davam edərsə, yox. Bizdə əsil ədəbiyyat nümunələri bir yanda qalır, ədəbiyyat qaralamaq istəyənlər ingiliscəyə tərcümə olunub toplu şəklində dərc olunur. Yaxında dərc olunacaq belə bir topluya elə adamlar daxil edilib ki, heyrətlənməkdən başqa əlindən bir şey gəlmir. Amma oraya müxalif fikirli yazarları daxil etməyə qorxublar. İndi siz deyin, belə dünyaya çıxmaq olar, ya yox. Ədəbiyyat hara, qorxu hara? Bir də ədəbiyyat indi ədəbiyyat dəllalarının əlində əsir qalıb. Yanaşmalarımız dəyişməyincə,  belə də qalacaq. Biz bir-birimizin uğuruna sevinmirik. Məsələn, oxudum ki, Əli Əkbərin əsərləri İsvecdə dərc olunacaq. Nə gözəl! Onun yanaşma və ya yazılarını bəyənməyə bilərəm, amma bu fakta münasibətdə mənim yanaşmam əsas deyil. Əksinə, buna açılan yol kimi baxmaq lazımdır. Orda bir Azərbaycan yazarı uğur qazanarsa, bu, həm də digər istedadlı yazarların önünü açmış olacaq. Çünki artıq bir ölkənin ədəbiyyatı haqqında təsəvvür yaranmış olacaq. Məsələn, Orxan Pamuk belə bir açılımı etdi. İndi artıq dünyada bir Türkiyə ədəbiyyatı brendi var.

– Əsərləriniz həmişə belə ağır mövzularda olacaq? Oxucular sizdən sevgi romanı da gözləyə bilərlərmi?
– Ən ağır mövzu elə sevgidir. Bunu unutmayaq… Hələ “Diriləri basdırın”dan əvvəl bir əsər yazmışam – “Əlvida, mən gedirəm”. Sevgi üzərinə yazılıb. Amma bir az fərqli yöndən. Hələ də üzərində işləyib tamamlaya bilmirəm. Nəsə əskik gəlir orda mənə, bitkin olmasına nəsə mane olur. “Yağış qadın”dan sonra işləyəcəyimi düşünürdüm, amma yenə başqa bir roman düşüncələrimi əsir alıb. Yəqin ki, onu başlayacam nə zamansa. Bu roman yenə qaldı…

– Bu romanın mövzusu nədir?
– Bir insanın özünü bitirməsi, mənəvi və əxlaqi çəhətdən tükətməsi və özünü sürüklədiyi bataqlıq… Bir də insan və günah arasındakı rabitəni izləməyi düşünürəm. İnsan qəlbi təmizlənməyə, katarsisə, özünü təmizləməyə nə qədər açıqdır, bunu bilmək istəyirəm. Baxaq, alınacaqmı…

–  Siz həm də köşə yazırdınız. Daha yazmırsınız deyəsən?
– Davam edəcəm. Hələ bir az dincəlirəm. Düşüncələrimdə və beynimdə nizam yaratmam lazımdır. Məncə, yazar hərdən dayanmalıdır, özünə uzaqdan baxıb hesabat verməlidir ki, nəyi düz, nəyi yalnış edib. Düşünürəm ki, indi mənim o zamanımdır. Bir az düşünməliyəm və  sonra yola davam… Bəzən qəlbimizi, duyğularımızı dincə qoymağa ehtiyac var. Ümumiyyətlə, imkanım olsaydı, Bakını bir müddətə tərk edərdim, tam tədric edərdim özümü, bilirəm ki, yenilənmiş halda və daha yeni düşüncələrlə qayıdardım. Bakı məni çox yorub…

– Nə mane olur getməyinizə?
– Azərbaycanda yazar olmaq. Necə bilirsiniz, bir azərbaycanlı yazarı bu komfortu özünə necə yarada bilər? İndi Azərbaycanda yazarlar saytlarda ömür çürütməklə, yaza biləcəkləri zamanı xəbər oxumaqla keçirirlər. Yazar yazmalıdır, işləməlidir. Onun işi yazmaq və oxumaqdır. Amma biz hardasa iş tapıb işləməliyik ki, acından ölməyək. Bütün bunlar maneə deyil?..
Həm iqtidar, həm də xalqın zehnindəki tıxac bu gün ədəbiyyat və ciddi sənətin qarşısında div kimi dayanıb. Ölkə dar bir dairəyə sıxışdırılıb. Biz qapalı dairəyə həbs edilmişik. Gücümüz ancaq daxili azadlığımızda və düşüncələrimizdədir. Biz indi kimsəyə lazım deyilik – nə yazdıqlarımızla, nə dediklərimizlə. Hətta xitab etdiyimiz xalq belə, bizi dinləmək istəmir. Ona hansısa bayağı müğənnini dinləmək daha xoşdur. Çünki onu düşünməyə, nəsə etməyə təhrik etmir.

Akif