Rusiya ilə yaxınlaşma nəyə hesablanıb?

Fuad Qəhrəmanlı: «Hakimiyyət Rusiyaya reverans etməklə, qərbin demokratiya çağırışlarından sığortalanmaq istəyir»

Son günlər Azərbaycan hakimiyyətinin antiQərb mövqeyi yenidən güclənib və Qərbdən gələn demokratiya çağırışlarını müxtəlif “arqument”lərlə əsaslandırmağa start verilib. Eyni zamanda hakimiyyətin Rusiya ilə yaxınlaşması müşahidə olunur. Ukrayna hadisələrindən sonra hakimiyyət təmsilçilərinin Putinə müraciəti oldu, SSRI-nin bərpasını arzulayanlar ortaya çıxdı, Rusiya qoşunlarının Azərbaycana yerləşdirilməsi təklifi səsləndirildi və s.

Son günlər isə Rusiya ilə yaxınlaşma daha rəsmi formada və mütəmadı xarakter alıb. Belə ki, Moskvada “Parlamentskaya qazeta”nın mətbuat mərkəzində “Yeni Azərbaycan: uğurlar, çağırışlar, perpektivlər” adlı dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Rusiya Ictimai Palatasının Beynəlxalq əməkdaşlıq və ictimai diplomatiya komissiyasının sədri, politoloq Sergey Markov, Dövlət Dumasının deputatları Dmitri Savelyev və Mixail Nenaşev iştirak ediblər. Polad Bülbüloğlu çıxışı zamanı Rusiya ilə münasibətlərin Azərbaycan üçün önəmindən danışıb: “Azərbaycan-Rusiya münasibətləri xüsusi münasibətlərdir. Rusiya bizim ən böyük şimal qonşumuzdur. Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi ölkə kimi çıxış edir. Qeyd etmək istəyirəm ki, Azərbaycanda rus dilinə hörmət çox böyükdür. Sövetlər Ittifaqı dağılandan sonra Azərbaycanda heç bir rus məktəbi və universiteti bağlanmayıb. Əksinə, yeni rusdilli orta məktəblər, ali məktəblər fəaliyyətə başlayıb”- deyə Polad Bülbüloğlu bildirib.

Eyni zamanda Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev 1-3 iyun tarixində Azərbaycana səfərə gələcək. Səfər çərçivəsində rusiyalı nazirin Azərbaycan hökumətinin bir sıra üzvləri ilə görüşəcəyi planlaşdırılır. Bununla yanaşı, A.Ulyukayev “Sumqayıt Texnologiyalar Parkı”na da baş çəkəcək.

Rusiya ilə münasibətlərin istiləşməsini göstərən başqa misallar da göstərmək olar. Ancaq səfirin məlum tədbirdə Azərbaycanın mövqeyini bu formada ifadə etməsi və ardınca rusiyalı nazirin Bakıya gəlməsi faktı bu yaxınlaşmanı dəqiq ifadə edir.

AXCP sədri Fuad Qəhrəmanlı hesab edir ki, hakimiyyət Rusiyaya yaxınlaşmaqla, Qərbi təhdid etməyə çalışır: “Rusiya ilə yaxınlaşma Qərblə münasibətlərin kəskinləşməsi fonunda baş verir. Hakimiyyət Rusiyaya reverans etməklə Qərbin demokratiya çağırışlarından yayınır. Eyni zamanda Qərbə mesaj verirlər ki, demokratiya tələbləri artarsa, Azərbaycan xarici siyasət orientasiyasını kəskin dəyişə bilər. Yəni Rusiya faktoru ilə, Qərb şantaj olunur”.

Ekspert onu da əlavə etdi ki, belə bir yaxınlaşmanın digər səbəbi hakimiyyətin mahiyyəti ilə bağlıdır: “Hakimiyyət siyasi və mənəvi baxımdan Rusiyaya daha yaxındır və Rusiyaya sığınmaqla öz avtoritar rejimini qarantiya altına almaq istəyir. Ümumiyyətlə, mövcud hakimiyyət bütün dövrlərdə dövlət maraqlarını, şəxsi maraqlara qurban verib. Indiki məqamda da demokratiya sahəsində addımlar atmağı hakimiyyətləri üçün təhlükə hesab edirlər. Qərb amili Ilham Əliyev hakimiyyəti üçün neft bazarı və korrupsiya pullarının yerləşdirildiyi məkan kimi xarakterizə olunur. Yaranmış vəziyyət onu göstərir ki, hakimiyyətin qorxusu atdıqca, repressiyaları daha da gücləndirir və dövlətin siyasi kursunu dəyişməyə cəhd edir.

Akif