ABŞ Konqresində ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə brifinq keçirilib. Konqres üzvlərini və iri korporasiyaların təmsilçilərini bir araya gətirən brifinqin başlıca mövzusu ABŞ-la Azərbaycan arasında enerji, ticarət və inkişaf sahəsində əməkdaşlıq olub. Bu toplantı ABŞ-la Azərbaycan arasında münasibətlərin heç də yaxşı olmadığı indiki vaxtda baş tutur.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov brifinq iştirakçılarını salamlayıb və onu Azərbaycanla ABŞ arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm tədbir kimi qiymətləndirib.
ABŞ ticarət nazirinin müavin yardımçısı Metyu Murrey çıxışında Azərbaycanı və ümumilikdə Cənubi Qafqaz regionunu ABŞ üçün strateji baxımdan önəmli məkan adlandırıb. “Azərbaycanla əməkdaşlıq çoxşaxəli olmalıdır” – deyə M.Murrey bildirib. O, ölkələr arasında təkcə enerji sahəsində deyil, kənd təssərrüfatı, ələlxüsus da ərzaq emalı sahəsində də bir sıra layihələrin həyata keçirildiyini vurğulayıb. Eyni zamanda M.Murrey Azərbaycanı Ümumdünya Ticarət Təşkilatına üzvlüyü nəzərdən keçirməyə və idarəçilikdə şəffaflığı artırmağa çağırıb.
Alabama ştatını təmsil edən respublikaçı konqresmen Robert Aderholt öz çıxışında Azərbaycanı ABŞ-ın tərəfdaşı kimi gördüyünü söyləyib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasında üzv olduğunu vurğulayan R.Aderholt Azərbaycanın Rusiyanın Krımı işğal etməsinə dair BMT qətnaməsinə dəstək verməsini müsbət qiymətləndirib. Bir il bundan öncə Azərbaycanda səfərdə olduğuu deyən R.Aderholt bu ölkə haqda çox şey öyrəndiyini və yaxın gələcəkdə yenidən Bakıya səfər edəcəyini bildirib.
Brifinqin ikinci hissəsində isə BP, Azərbayncan Dövlət Neft Şirkəti, “Statoil”, “Boeing”, “Ortibal Elmlər”, “Exelis” və “Microsoft” şirkətlərinin yüksək vəzifəli nümayəndələri çıxış edib. Onlar iki ölkə arasında biznes əlaqələrinin qurulmasının tarixçəsinə nəzər salıb.
Brifinqdən sonra “Statoil”in vitse-prezidenti Jan Karl Karlsen “Amerikanın səsi”nə müsahibəsində Ukrayna ilə Rusiya arasında gərginliyin təsirlərindən danışıb. “Fikrimcə, siyasi böhranın dərinləşməməsi hamının marağındadır. Brifinq zamanı da söylədiyim kimi, biz düşünürük ki, Avropaya təchizatın çox şaxəli olmasını hamı istəyir. Bu həm istehsalçı ölkənin, həm də istehlakçıların marağındadır” – deyə Karlsen bildirib.
“Boeing” şirkətinin baş vitse-prezidenti Martin Bentrott isə AZAL-la əməkdaşlığın istiqamətlərindən danışıb və ötən bir neçə ildə şirkətin Azərbaycana bir neçə iri təyyarə satdığını vurğulayıb.
Brifinq naharla başa çatıb.





