Rza İbadovun axtarışı davam etdirilir`

DİN-dən eks-deputatla bağlı məsələyə aydınlıq gətirildi 

Bakı Şəhər Baş Polis Idarəsi Milli Məclisin keçmiş deputatı Rza Ibadovun adını axtarış siyahısından çıxarıb. Modern.az bildirir ki, qurumun rəsmi saytında eks-deputatın axtarılması ilə bağlı elan artıq yoxdur.

Eks-deputat barədə axtarış elan olunmasından doqquz ilə yaxın vaxt keçsə də, bir nəticə əldə olunmayıb. Rza Ibadovun hazırda Ingiltərə paytaxtı Londonda yaşadığı bəlli olsa da, Azərbaycanın Daxili Işlər Nazirliyi səviyyəsində Londonun hüquq-mühafizə orqanlarına heç bir müraciət göndərilməyib. Rza Ibadov Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinir. Bu maddələr üzrə hüquq pozuntularında iştirakı ilə əlaqədar ifadə vermək üçün məhkəməyə gəlməkdən boyun qaçırdığına görə onun barəsində axtarış elan edilib. Rza Ibadov 1995-ci ildə 1-ci çağırış Milli Məclisə keçirilən seçkilərdə mandat qazanaraq deputat seçilib. O, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının rəhbəri olub.

Milli Məclisdə deputat olduğu dönəmdə eks-spiker Rəsul Quliyevə qarşı sərt tənqidləri ilə fərqlənib. 2005-ci ildə parlament seçkilərinə qatılan Rza Ibadov qalmaqallı kampaniyası ilə yadda qalıb. Rəqibi olan ARDNŞ-in prezidenti Rövnəq Abdullayevlə yarışan eks-deputat seçki kampaniyasının pozulduğunu əsas gətirərək, seçkini yarımçıq qoymuşdu. Bundan sonra R.Ibadov Azərbaycanı tərk edib. Sonralar onun Böyük Britaniyada yaşadığı bəlli oldu. Rza Ibadov mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub. O, sonuncu dəfə geniş müsahibəsini 2012-ci ildə modern.az-a vermiş və Azərbaycanın hüquq-mühafizə orqanlarını şəklini “qara siyahı”dan çıxarmağa çağırmışdı.

Həmin müsahibəsində heç bir siyasi iddiasının olmadığını deyən Ibadov “mən bir aydan sonra Ingiltərə vətəndaşı olacağam. Bundan sonra Azərbaycanda nə bir vəzifə tuta, nə də deputat ola bilərəm” demişdi. R.Ibadovun sözlərinə görə, o, Londonda əmlak məsələləri ilə bağlı biznes sahəsində çalışır. Hərdən futbolçu transferləri ilə bağlı işlərlə də məşğul olur.

DIN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə Azadlıqa açıqlamasında bildirib ki, Rza Ibadov hələ də axtarışdadır: “Onun adının axtarış siyahısında olmaması texniki məsələdir. Rza Ibadov Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələrilə axtarışdadır”.