Qarabağ əlili özünü nazirlikdə doğradı FOTO

Rəşid Nəbiyev: «O qədər get-gələ saldılar ki, artıq bezmişəm»

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində intihara cəhd hadisəsi baş verib. Aznews.az-ın məlumatına görə, hadisə mayın 29-da günorta saatlarında nazirliyin binasında qeydə alınıb. Nazirlikdə vətəndaşların qəbulu zamanı 50 yaşlı kişi naməlum səbəbdən özünə bıçaqla xəsarət yetirib. O, qəbul otağında bıçaqla bud nahiyəsini doğrayıb. Yaralı dərhal akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə yerləşdirilib.
Mərkəzdən hadisənin baş verməsi faktı təsdiqlənib. Bildirilib ki, xəstə – 53 yaşlı əlil Rəsid Nəbiyev bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə klinikaya yerləşdirilib. Onun üzərində dərhal cərrahi əməliyyat aparılıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, R. Nəbiyevin intihara cəhd etməsinə səbəb nazirliyin əlilliyin müəyyənləşdirilməsi ilə bağlı ekspert rəyinə etiraz etməsi olub: “O ikinci qrup əlil idi. Təkrar komissiyada isə onun dərəcəsi azaldılaraq 3-cü dərəcə edildi. Əlil də buna etiraz edərək, özünü doğradı”.
Müalicəm üçün bir qəpik də pul almamışam
“O qədər get-gələ saldılar ki, artıq bezmişəm. Bədənimdə bu qədər qəlpə yarası var. Dəfələrlə həkim yoxlanışından keçmişəm. Lakin II qrup əlillik vermək istəmirlər”.
Bunu isə virtualaz.org saytına Rəşid Nəbiyevin özü deyib.
R.Nəbiyev 1993-cü ildə könüllü olaraq Qarabağ döyüşlərinə gedib. 1994-cü ilin yanvar ayında Tərtərdə minaya düşüb. Ağır qəlpə yaraları alan R.Nəbiyev Bakıya –  “Semaşko”ya gətirilib.
Orada bir neçə ay müalicə aldıqdan sonra evə buraxılan R.Nəbiyev bu günədək heç bir yerdə işləməyib. Iki qız, bir oğlan övladı var. Borca düşdükdən sonra Xutorda olan evlərini sataraq Binəqədi rayonunda – Biləcəri qəsəbəsinə köçüb. Yalnız həyat yoldaşı Sona Nəbiyeva işləyir.
R.Nəbiyev 2001-ci ilədək II qrup əlil olub. Daha sonra onun əlilliyi III qrupa salınıb: “III qrup edəndə dedilər ki, müalicə aldıqdan sonra sağalacaqsan. Elədilər II qrup. Müalicəm üçün bir qəpik də pul almamışam. 2012-ci ildə bankdan kredit götürüb Moskvaya müalicəyə getmişəm. Ancaq faydası olmadı. Sağalmadım. Həkim müalicəsindən keçəndən sonra sağ əlimin və ayaqlarımın vəziyyətinin yaxşı olmadığı bilindi.
Yenə nazirliyə müraciət etdim. Bir az süründürdülər. Dediklərimə əhəmiyyət vermədilər. Öz bildiklərini edirlər. Deyirlər III qrup vermişik, bəsindir. Dünən də qəbul etmədilər. Mən də insanam. Bu torpaqlar üçün qarşılıq gözləmədən həyatımı riskə atmışam. Artıq bezmişəm. Nəticədə də belə oldu. Başqa nə edə bilərdim? Insana bu qədər əziyyət vermək olmaz”.

“Yoldaşımı bu qədər süründürməsinlər”

Qarabağ əlilinin həyat yoldaşı Sona Nəbiyeva hadisədən xəbər tutduqdan sonra nazirliyə çağırılıb: “Mənə zəng elədilər ki, belə bir hadisə baş verib. Nazirliyə gedəndə yoldaşımı artıq xəstəxanaya gətirmişdilər. Allaha and olsun, günü 5 manata limonad sexində fəhlə işləyirəm. Günlüyümü alıb taksi ilə bura gəlmişəm. Xəstəxanaya getməyə pulum yox idi. Nazirliyin binasındakı nəzarətçilərdən birindən yolpulu alıb getdim”.
S.Nəbiyeva dolanışıqlarının, yaşayış vəziyyətlərinin həddən artıq acınacaqlı olduğunu söylədi: “Həyat yoldaşımın aldığı 120 manat pensiyadır. Mən də günü 5 manata fəhlə işləyirəm. Oğlumuz da əsgərlikdən gələndən iş tapa bilmir. Gündəlik işlərdə işləyir. Dünən axşam evdə bir tikə quru çörək də olmayıb ki, yeyək. Gəlin vəziyyətimizi özünüz görün. Evdə adicə quru çay da yoxdur. Səhər tezdən heç nə yeməmişəm”.
S.Nəbiyeva dünən nazirlikdə olarkən onu hədələdiklərini də deyib: “Nazirlikdə olanda nazir müavinlərindən biri məni qəbul elədi. Səhv eləmirəmsə, adı Hikmət idi. Məni bir nəfərin yanına göndərdi. Dedi ki, Məşğulluq Idarəsinə get, sənə iş versinlər. Mənə iş lazım deyil. Yoldaşımı bu qədər süründürməsinlər. Istədiyi nədir ki?! II qrup əlillik verəcəklər, vəssalam. Bədəninə baxın, qəlpə yaralarından yer yoxdur. Fiziki sağlamlığını itirdiyindən fəhlə də işləyə bilmir”.
1961-ci il, oktyabrın 11-də Ermənistanda anadan olan Rəşid Nəbiyev 1984-cü ildə ailə həyatı qurub. Nəbiyevlər ailəsi 1989-cu ildə Bakıya gəlib.

Nazirlikdən baş verənlərə reaksiya

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi III qrup əlilin özünü bıçaqla yaralamasında reaksiya verib. “Mayın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşların ümumi qəbul otağında özünə məqsədli şəkildə xəsarət yetirən III qrup əlil Rəşid Nəbiyevin buna səbəb kimi onun əlillik təyinatının düzgün aparılmaması barədə ayrı-ayrı KIV-lərdə yayımlanan fikirlərinin heç bir əsası yoxdur. Eyni zamanda bu hadisənin həmin gün Salyan şəhərində vətəndaşları qəbul edən nazir Səlim Müslümovun qəbulunda baş verməsi barədə məlumatlar tam uydurmadır”. Bu sözləri virtualaz.org saytına ƏƏSMN-nin Ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
O bildirib ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 185 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Nəbiyev Rəşid Məcid oğlu hələ 10 aprel 2001-ci il tarixdə 4 saylı zona Tibbi-sosial ekspert komissiyasına (TSEK) müraciət edib və komissiya tərəfindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz III qrup əlillik müəyyən olunub.  R. Nəbiyev 7 may 2014-cü il tarixdə əlillik dərəcəsinin gücləndirilməsi üçün 6 saylı TSEK-ə  müraciət edib. Lakin bunun üçün heç bir əsas olmadığından ona verilmiş III qrup əlillik dərəcəsi saxlanılıb. Verilən qərardan narazı qalan R.Nəbiyevin ərizəsinə əsasən 22 may 2014-cü il tarixdə Ali Nəzarət Komissiyasında onun tibbi-ekspert sənədləri diqqətlə araşdırılaraq əyani müayinə aparılıb və  R.Nəbiyevə III qrup əlillik təyin olunması barədə 6 saylı TSEK-in qərarı qüvvədə saxlanılıb. “R.Nəbiyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul otağında özünə məqsədli şəkildə qəsd etməsi faktı qanunazidd hərəkət olmaqla, dövlət orqanına bu və ya digər formada təzyiq göstərmək üçün intihara cəhd etmə kimi son vaxtlarda özünü göstərən  nalayiq meylin davam etdirilməsinin ifadəsidir. Nazirlik bəyan edir ki, belə cəhdlərlə dövlət orqanını qeyri-qanuni qərarlar çıxarmağa təhrik etmək mümkün deyildir. R.Nəbiyevin ƏƏSMN-nin qəbul otağında törətdiyi hərəkətinə hüquqi qiymət verilməsi üçün nazirlik tərəfindən hüquq-mühafizə orqanlarına müraciət göndəriləcək”, – deyə E.Babayev vurğulayıb.