«ABŞ prezidenti güc tətbiqinə üstünlük verənlərlə onların öz dilində danışmalıdır»
ABŞ prezidenti Barak Obama dünyada hazırda gündəmdə olan mühüm hadisələrlə bağlı maraqlı mesajlar verib. ABŞ prezidenti Barak Obama mayın 28-də Vest-Point Hərbi Akademiyasında çıxış edib. “Azadlıq” radiosunun məlumatına görə, prezident deyib ki, son dörd ildə dünyanın mənzərəsi tamamilə dəyişib: “Biz qoşunlarımızı İraqdan çıxarmışıq. Əfqanıstandakı müharibənin intensivliyini azaldırıq. Əfqanıstan və Pakistan arasındakı sərhəd bölgəsində “Əl-Qaidə” liderliyi on dəfə zəifləyib və orada Üsamə bin Laden yoxdur.
Bütün bunlar əsas diqqəti Amerikanın qüdrət mənbəyi olan iqtisadiyyata yönəltmək imkanı verib”.
ABŞ prezidenti Barak Obama Krımın işğalından sonra ölkəsinin beynəlxalq ictimai rəyə təsir etməklə Rusiyanın təcridinə nail olduğunu deyir. Obama ABŞ-ın beynəlxalq rəyi formalaşdırmaq imkanlarının dərhal Rusiyanın təcrid olunmasına kömək etdiyini bildirib. “Məhz ABŞ-ın liderliyi sayəsində beynəlxalq aləm Rusiyanın hərəkətlərini pislədi, Avropa və “Böyük yeddilər” sanksiyaların tətbiq edilməsində bizə qoşuldular, NATO Şərqi Avropa qarşısında öhdəliyini möhkəmlətdi, ATƏT müşahidəçiləri dünyanın Ukraynanın qeyri-sabit vilayətlərinə nəzər salmasına nail oldular”, – deyə Obama bildirib – “Biz situasiyanın necə inkişaf edəcəyini bilmirik. Ciddi çağırışlar olacaq. Ancaq müttəfiqlərimizə verdiyimiz dəstək Ukrayna xalqına öz gələcəyini seçməyə şans verdi” – deyə ABŞ prezidenti əlavə edib.
Prezident Amerikanın tənəzzüldə olduğunu və liderliyin onun əlindən çıxdığını düşünənlərin səhvə yol verdiyini söyləyib: “Amerika iqtisadiyyatı həmişəki kimi güclüdür, Vaşinqton Avropadan Asiyaya sarsılmaz ittifaqlara rəhbərlik edir, ölkə mühacirət üçün cəlbedici olaraq qalır və onun enerji müstəqilliyi güclənir. Filippini fırtına vuranda, Nigeriyada qız uşaqları oğurlananda, Ukraynada maskalılar bir binanı zəbt edəndə bütün dünyanın gözü Amerikanı axtarır. Bu, ötən əsrdə də belə olub və yəqin ki, gələn əsrdə də belə olacaq”.
Barak Obama vurğulayıb ki, dünya yüksək sürətlə dəyişir və bu, yeni təhlükələr gətirir: “Rusiyanın keçmiş sovet respublikalarına təcavüzü Avropa paytaxtlarını ruhdan salır, Çinin iqtisadi yüksəlişi və hərbi qüdrətinin artması isə onun qonşularında narahatlıq yaradır”.
ABŞ lideri qeyd edib ki, Amerikanın xarici münaqişələrə müdaxiləsinə dair iki bir-birinə zidd mövqe var: özünütəcrid tərəfdarları bu münaqişələrə qarışmamağa, müdaxilə tərəfdarları isə bunun əksinə çağırırlar: “Hər iki mövqe ayrılıqda kamil deyil. Müasir dünyada ABŞ özünütəcridlə məşğul ola bilməz, lakin hər bir problem də hərbi yolla həll edilməməlidir.
Amerika dünya səhnəsində həmişə aparıcı rol oynamalıdır. Bunu biz etməsək, başqa heç kim etməyəcək. Hərbi qüvvə bu liderliyin bel sütunudur. Amma hərb Amerika liderliyinin yeganə və hətta birinci komponenti olmamalıdır. Çəkicimiz yaxşıdır deyə hər problem mismar ola bilməz. ABŞ hərbi qüvvəyə, lazım gələrsə, təməl maraqlarımız bunu tələb edəndə – adamlarımız təhlükə ilə üzləşəndə, söhbət həyatımızdan gedəndə, müttəfiqlərimizin təhlükəsizliyi hədələnəndə əl atacaq. Beynəlxalq rəy nəzərə alınacaq, lakin Amerika öz xalqını, vətənini və həyat tərzini müdafiə etmək üçün heç kəsdən icazə almayacaq. Amerikaya birbaşa təhlükə olmayanda, lakin belə bir təhlükə ümumilikdə dünyaya qarşı olduqda Vaşinqton öz müttəfiqləri ilə birlikdə hərəkət etməlidir”.
Prezident deyib ki, bəziləri beynəlxalq təsisatlarla işləməyi və ya beynəlxalq qanunlara riayət etməyi zəiflik əlaməti sayır və bu səhv yanaşmadır. Barak Obama misal olaraq Ukraynada baş verənləri göstərib: “Rusiya tanklarının hərəkətə keçməsi gərginlik yaratsa da, bu, soyuq müharibə deyil. ABŞ müttəfiqlərinin dəstəyi ilə Rusiyanı təcrid etməyi bacarıb. Amerikanın liderliyi sayəsində bütün dünya Rusiyanın hərəkətlərini pisləyib. Avropa və böyük 7-lər sanksiyalara əl atıblar. İranın təcrid olunması da məhz bu cür bəhrə verib”.
ABŞ lideri qeyd edib ki, onun ölkəsi bütün beynəlxalq aləmdə nümunə olmalıdır: “Mən Amerikanın müstəsnalığına inanıram, lakin bu müstəsnalıq bizim beynəlxalq normalardan və qanunun aliliyindən yan keçə bilmək səriştəmizdən yox, onları öz hərəkətimizlə təsdiq etmək istəyimizdən qaynaqlanır. Amerika liderliyinin mühüm elementlərindən biri də insan ləyaqətinin qorunmasıdır. Amerikanın demokratiya və insan haqlarını dəstəkləməsi idealizmdən daha uzaqlara gedir. Bu bizim milli təhlükəsizliyimiz deməkdir. Yer kürəsi boyunca paytaxtlarda, Amerikanın bəzi müttəfiqləri də daxil olmaqla, vətəndaş cəmiyyəti üzərinə hücumlar olur. Korrupsiya xərçəngi çox sayda hakimiyyətləri varlandıraraq insanları qəzəbləndirir. Lakin unutmayın ki, məhz Amerikanın yardımı, həm də hərbi qurbanları bahasına edilən səyləri sayəsində bu gün bəşər tarixinin hər hansı dövründə olduğundan daha çox insan seçilmiş hökumətlərin idarəsi altında yaşayır”.
Siyasi ekspertlər hesab edir ki, Obamanın sonuncu çıxışı əsasən ABŞ-ın tarixdə oynadığı rola, Amerikanın dünyada gedən proseslərə bugünki münasibətinə və yaxın gələcək üçün atmalı olduğu addımlara həsr olunub: «Məlum olduğu kimi Rusiyanın Krımı işğalından sonra ABŞ-ın dünyadakı mövqeyi və dünyadakı real gücü, imkanları ilə bağlı ciddi müzakirələr gedir. Bəziləri ABŞ-ın hətta fövqəldövlət statusunu itirdiyini də bildirirlər».
Ekspertlərə görə, məsələ burasındadır ki, ABŞ Rusiyanın aqressiv addımları ilə bağlı sərt addımlar atmadığından bu zəiflik kimi qiymətləndirilir: «Çıxışın məzmunundan görünür ki, Obama ölkəsinə qarşı yönəlmiş ittihamların o qədər də əsaslı olmadığını sübut etməyə çalışır. Və qeyd edir ki, onların mövcud problemlərin həllinə fərqli münasibəti var. Vurğulamaq lazımdır ki, ABŞ-ın iki çox nüfuzlu qəzetləri «New Times» və «Washington Post» bu çıxışla bağlı tənqidi materiallar çap ediblər. Onlar hesab edir ki, ABŞ prezidenti diplomatiya dilini başa düşməyən və güc tətbiqinə üstünlük verənlərlə onların öz dilində danışmağın vacibliyi ilə bağlı açıq və sərt mesajlar verməlidir».
Xəyal


