Vəkil Orxan Eyyubzadənin başına gələnlərdən danışdı

Binəqədi təcridxanasında gənc fəalı butulka üstündə otuzdurmaqla hədələyiblər

Gənc fəal Orxan Eyyubzadənin həbsindən şikayət veriləcək. O, mayın 6-sı “Nida” fəallarına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutularaq 20 sutka həbs cəzası almışdı. Cəzasını Bakı polisinin Binəqədidəki məntəqəsində çəkən fəal mayın 26-da azadlığa çıxmalı idi. Ancaq həmin gün ona cinayət işi qaldırılıb.

Binəqədi Rayon Məhkəməsi mayın 27-də Orxan Eyyubzadə barədə 1 aylıq həbs qətimkan tədbiri seçib. Bakı İstintaq Təcridxanasına salınan gənc Cinayət Məcəlləsinin 315.1 maddəsi ilə ittiham edilir. İşi Binəqədi Rayon Prokurorluğu aparır.

Cinayət Məcəlləsinin 315-ci maddəsinin 1-ci hissəsinə görə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırlır.

Mayın 29-da “Media forum” saytına danışan vəkil Əsabəli Mustafayevin sözlərinə görə, apellyasiya şikayətində fəal haqda seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi xahiş olunacaq: “Orxanın səhhətində çox ciddi problem var, qıcolma xəstəsidir, daim müalicə almalıdır. Onu həbsdə saxlamaq olmaz”.

Əsabəli Mustafayev deyib ki, Orxan Eyyubzadə Bakı polisinin Binəqədidəki məntəqəsində saxlanarkən, gəzinti zamanı polis işçisinə telefonla danışmaq istədiyini deyib. Polis işçisi “danışarsan” deyib. Bir müddət keçdikdən sonra Orxan yenidən həmin polisə deyib ki, bəs niyə şərait yaratmırsınız telefonla danışım. Bu zaman digər polis əməkdaşı ona kobud cavab verərək “mən qoymuram” deyib. Orxan evə vəziyyəti barədə xəbər vermək istədiyini bildirib. Polis işçisi çox kobud şəkildə “burda qanun mənəm, mən icazə vermirəm” deyib və Orxanın boğazından tutaraq divara dirəyib. Orxan əliylə polisi özündən uzaqlaşdırıb. Mübahisə orda bitib və Orxan saxlandığı kameraya qaytarılıb.

Bir müddət sonra məntəqə rəisi və 5-6 nəfər polis onun kamerasına gələrək fiziki zor tətbiq ediblər, əllərini arxadan qandalla bağlayaraq digər kameraya aparıblar, soyundurublar, butulka üstündə otuzdurmaqla hədələyiblər.

Sonra Orxan kameraya geri qaytarılıb. Bir müddət sakitlik yaranıb. Ardınca polis əməkdaşları Orxandan şikayət ediblər, Orxanın onlara müqavimət göstərdiyini bildiriblər”.