Moskvada “Azərbaycanlıların Rusiya tarixində rolu” adlı konfrans keçirilir

Moskvada “Rusiya tarixində azərbaycanlıların rolu” adlı elmi-praktik konfrans işə başlayıb.

SalamNews-un xüsusi müxbirinin verdiyi xəbərə görə, konfransı Təşkilatın yaradılmasının 15-ci ildönümünə həsr edilmiş yubiley tədbirləri çərçivəsində Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (“AzərRos” FMMM) keçirir.

Konfransın işində iştirak etmək üçün milli ictimai birliklər, Rusiya Dövlət Duması, Rusiya və Moskva hökumətləri, Rusiya Federasiyası İctimai Palatası və KİV rəhbər və nümayəndələri dəvət olunublar.

“AzərRos” FMMM-in prezidenti Asif Məhərrəmov və Moskva Milliyyətlər evinin direktoru Nikolay Komarovun çıxış sözlərindən sonra hər iki təşkilat arasında razılaşmanın imzalanacağı planlaşdırılır.

Bundan başqa, Rusiya-Azərbaycan əlaqələri mövzusunda Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti Oqtay Hüseynov hesabatla çıxış edəcək.

Sonra İnterAz teleşirkəti tərəfindən çəkilmiş və Azərbaycanın Böyük vətən müharibəsindəki rolundan bəhs edən “Unudulmuş qəhrəman” filminin qısaldılmış variantına baxış keçiriləcək.

Konfransda yekun sözü ”Rusiya Azərbaycan təşkilatlarının ittifaqı” Ümumrusiya İctimai Birlikləri İttifaqının sədri, “AzərRos” FMMM-in Ağsaqqallar şurasının sədri, Rusiya Xalqlar Assambleyası Şurasının sədr müavini Abbas Abbasov söyləyəcək.