Arif Hacılı: “Nəyin bahasına olursa olsun, ən qısa müddətdə qurultay keçirilməlidir”
Müsavat Pafrtiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı iyunun 28-nə təyin etdikləri qurultayla bağlı “Teleqraf.com”un suallarını cavablandırıb. Müsahibəni ixtisarla təqdim edirik:
– Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi qurultayın iyunun 28-də keçirilməsi barədə qərar verib. Qurultayla bağlı hansı gözləntiləriniz var? Bakı meriyasının təklif etdiyi Səttar Bəhlulzadə adına Mədəniyyət evi qurultay keçirmək üçün sizi qane edirmi?
– Bu, mənim subyektiv mövqeyimlə müəyyənləşmir. Təşkilat Komitəsi və Müsavat Partiyasının rəhbərliyində daha uğurlu zalın seçilməsi və əgər belə bir zal verilməzsə qurultayın keçirilməməsi mövqeyi üstünlük təşkil edir. Ancaq bu məsələ yenə də müzakirə olunacaq və yəqin ki, yaxın günlərdə bu barədə yekun qərar qəbul ediləcək.
– Əgər Sizi qane edən yer verilməzsə, Müsavatın qurultayı 2015-ci il parlament seçkilərindən sonraya qədər təxirə salına bilər?
– Qurultayın gecikdiyi hər gün Müsavat Partiyasının mənafelərinə ciddi zərbədir. Qurultayın ləngiməsi partiya strukturlarının yeniləşməsi və onun fəaliyyətinə maneçilik törədir. Partiyanın bir çox rəhbər strukturları yarımçıqdır. Qurultayın keçirilməməsi də bu strukturların işinə maneçilik yaradır. 5 ilə yaxın müddətdir ki, Müsavatda seçkiöncəsi yaranan vəziyyət partiya strukturlarında gərginlik yaradır. Bu da partiyanın fəaliyyətinə ciddi maneçilik törədir. Hesab edirəm ki, nəyin bahasına olursa olsun, ən qısa müddətdə qurultay keçirilməlidir. Müsavatın qurultayının keçirilməməsinin səbəbi yer verilməməsi ilə bağlıdır. Hakimiyyət Müsavat daxilindəki qeyri-müəyyən situasiyanın bundan sonra da davam etməsində maraqlıdır.
– “Müsavat daxilində qeyri-müəyyən situasiya” deyəndə nəyi nəzərdə tutursunuz?
– İstənilən seçkiöncəsi vəziyyət qeyri-müəyyən situasiya kimi dəyərləndirilməlidir. Yəni partiyanın Məclis üzvləri yenidən seçilməlidir, Mərkəzi Nəzarət Təftiş Komissiyasında, Məclisdə, Divanda boş yerlər mövcuddur. Bu qurumlarda fəaliyyət göstərmək imkanları olmayan, Müsavat Partiyasını tərk edən adamların da hesabına boş yerlər mövcuddur. Partiya rəhbərliyində kimlərin qalacağı və ya gedəcəyi ilə əlaqədar qeyri-müəyyənlik mövcuddur.
Müsavat Partiyası indiyəcən 7 qurultay keçirib. Sonuncu qurultay 2006-cı ildə olub. Müsavatın 8-ci qurultayının gündəliyində əsas məsələ başqan seçkisidir. Partiya nizamnaməsi eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır.


