Poroşenko əməliyyatları davam etdirəcək

“Mənim ilk addımlarım müharibəni bitirmək, xaosa son qoymaq və birgə, azad Ukraynaya sülh gətirməyə yönələcək”, Petro Poroşenko deyib

Ukrayna prezident seçkilərinə liderlik edən namizəd Petro Poroşenko bəyan edib ki, ölkə lideri vəzifəsində ilk rəsmi səfəri Donbas regionuna olacaq.

“Mənim ilk addımlarımın məqsədi müharibəni bitirmək, xaosa son qoymaq və birgə, azad Ukraynaya sülh gətirmək olacaq”, – Poroşenko Kiyevdə keçirilən mətbuat konfransında deyib.

Petro Poroşenko Ukraynanın şərqi regionlarında xüsusi əməliyyatın keçirilməsini dəstəklədiyini bildirib.

“Mən onun davamını dəstəkləyirəm, onun formasiyasının dəyişdirilməsini tələb edirəm – [əməliyyat] daha qısa müddətli və daha effektiv olmalıdır, hissələr və bölmələr yaxşı təchiz olunmalıdır, daha yaxşı silahlar, təchizat olmalıdır”, o deyib.

Poroşenko həmçinin bəyan edib ki, Baş nazir vəzifəsində dəyişiklik etməyi planlaşdırmır və Arseni Yatsenyukla əməkdaşlıq etmək istəyir.

Ukrayna prezident seçkilərində səslərin 70 faizdən çoxu sayılıb və ilkin nəticələrə görə Petro Poroşenko liderdir

O, əsas məqsədlərindən birinin Krımın qaytarılması olduğunu bildirib.

“Prezidentin, bütün Ukrayna hakimiyyətinin vəzifəsində ilk priotetlərdən biri Krım məsələsinin həlli olacaq. Krımın Ukraynaya qaytarılması və “ukraynalılıqlarına” görə hazırda həddindən artıq çox təzyiq altında olan Krımda yaşayan ukraynalıların müdafiəsi olacaq”, bazar ertəsi keçirdiyi brifinqdə o deyib.

Petro Poroşenko ilkin nəticələrə görə prezident seçkilərində liderdir. İndiyə qədər səslərin 70 faizdən çoxu sayılıb və seçicilərin təxminən 53 faizi ona səs verib. (bbc azeri)