Təhsil Nazirliyinin məsul işçiləri ictimaiyyəti necə aldadıb?

12 illik orta təhsilə keçid: xəyallar və reallıqlar

Məhəmmədəli Xəlilov

Müstəqilliyimizin ilk 13 ili (1993-2006) ərzində vurnuxmalardan sonra təhsil başbilənlərimiz belə qənaətə gəldilər ki, XX əsrin son 70 ili ərzində qüvvədə olan 10 illik orta təhsil və XXI əsrin ilk illərindən qüvvədə olan 11 illik orta təhsil müasir tələblərə – inkişafetdirici təlim, elmlik, müasirlik, varislik, müvafiqlik, vahid yanaşma, fənlərarası və fəndaxili inteqrasiya, sistemlilik, əyanilik, şagirdyönlülük, şəxsiyyətyönlülük, humanistlik və s. prinsiplərinə cavab vermədiyindən təhsilimizdə “Kurikulum islahatı” adı altında ciddi islahata ehtiyac vardı.

Orta təhsilimizdə “Kurikulum islahatı”

2006-cı ildə o vaxtkı Təhsil nazirinin sədrliyi və ümumi rəhbərliyilə təhsildə islahat məqsədilə Təhsil Nazirliyi və Təhsil Problemləri Institutunun bir sıra məsul işçiləri, Milli Elmlər Akademiyasının (AMEA) 3 nəfər həqiqi, 1 nəfər müxbir üzvü, 5 nəfər elmlər doktoru, 2 nəfər professor, 3 nəfər elmlər namizədi olmaqla, fənlər üzrə 14 nəfərlik sədrlər korpusu, həmçinin 4 nəfər elmlər doktoru, 17 nəfər elmlər namizədi və müəllimlər təmsil olunmaqla, 40 nəfərlik milli məsləhətçilər korpusundan ibarət işçi qrupu yaradıldı.

Işçi qrup 9 fənn üzrə “Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları” adlı 477 səhifəlik bir sənəd ərsəyə gətirdi.

Işıq üzü gördükdən sonra həm bu sənəddə, həm də onun əsasında hazırlanan dərsliklərdə ciddi qüsurlara yol verildiyindən, ictimaiyyətin kəskin tənqidlərinə məruz qaldılar. Lakin Təhsil Nazirliyi söylənilən tənqidi fikirlərə məhəl qoymadan, bu işin davamı olan V-XI siniflər üçün fənn kurikulumlarının işlənib hazırlanmasına start verdi.

Konket olaraq, VI-XI siniflər fizika fənni kurikulumunun işlənib hazırlanması üçün 18 nəfərdən ibarət işçi qrup yaradıldı. Bu işçi qrupun fəaliyyətininin nəticəsi çətin yozulan qorxunc yuxunu xatırladırdı. Təhsilimizin başına hansı oyunların gətirildiyini təsəvvür etmək üçün bu qorxunc “yuxunun” yozulmasına çalışaq.

Işçi qrupun işləyib hazırladığı sənədin layihə variantı 2009-2010-cu illərdə mətbuat səhifələrində ictimai müzakirəyə çıxarıldı. 2011-ci ildə müzakirələri bitmiş hesab edən işçi qrup, “Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni kurikulumları (VI-IX siniflər)  adlı”, 75 səhifədən ibarət mətn hazırladı. Mətnlə tanışlığımız göstərdi ki, bu sənəd öz strukturu və yol verilən səhvlər baxımından I-IV siniflərin fənn kurikulumlarının güzgü əksidir.

Lakin mətnin kitab şəklində çoxtirajlı nəşri ləngiyirdi. Cavabdeh şəxslər ləngimənin səbəbini pul vəsaitinin olmaması ilə izah edirdilər. Buna baxmayaraq, qəbul edilmiş proqrama uyğun olaraq, 2011-2012-ci illərdə V siniflər üçün, 2013-2014-cü illərdə VI siniflər üçün kurikulumlar əsasında dərsliklərin işlənib hazırlanmasına start verilmişdi.

Praktikada rast gəlinməyən qəribə situasiya yaranmışdı: məhsulun (dərsliklərin) keyfiyyət göstəricilərini normallaşdıran normativ-hüquqi sənəd hələ hazır olmadığı halda, məhsul hazırlanırdı.

V sinif dərslikləri hazırlandı, Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) tərəfindən bəyənildi. Təhsil nazirinin əmrilə təsdiq edildi, çox tirajla çap edildi, məktəblərə paylandı. 2012-ci il sentyabrın 15-dən tədris edilməyə başlanıldı, lakin normativ-hüquqi sənəd hələ də ortada görünmürdü.

Nəhayət, 2012-ci ilin dekabrında sənəd kitab şəklində çap edildi. Toplumun fizika fənni kurikulumları üzrə bölümü ilə tanış olduqda heyrətimizdən donub qaldıq.

Sənəd müəllifləri hələ I-IV siniflərin fənn kurikulumlarında tam həllini tapmamış “məzmun standartlarının şərhi”, “təlim strategiyası”, “şagird nailiyyətlərinin qiymətləndirilməsi” və s. kimi vacib məsələlərin tam həllini verə bilməyəcəklərini bəri başdan duymuş, çıxış olaraq, həmin məsələlərdən bütünlüklə imtina etmiş, 2009-2010-cu illərdə ictimai rəydən keçmiş 75 səhifədən ibarət sənədi 5 dəfə ixtisara salmış, təyinatı aydın olmayan 14 səhifəlik mətnlə əvəzləmişdilər.

Təhsil Nazirliyi bu dəyişikliklərin səbəbkarı olaraq, Nazirlər Kabinetinin 233 saylı 30 oktyabr 2006-cı il tarixli qərarının 103 saylı 3 iyun 2010-cu il tarixli qərarı ilə əvəzlənməsini göstərirdi.

3 iyun 2010-cu il tarixli 103 saylı qərarın hansı zərurətdən qəbul edildiyini dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin müvafiq strukturuna müraciətimizə cavab olaraq bildirildi ki, həmin sualın cavabını Təhsil Nazirliyinin özündə axtarmaq lazımdır.

Bununla da sübut olundu ki, yuxarıda göstərilən qərarların əvəzlənməsi, heç də Nazirlər Kabinetinin təşəbbüsü ilə olmamış, bütünlükdə Təhsil Nazirliyinin maraqlarına xidmət etmiş, onun təşəbbüsü ilə hazırlanmış və həyata keçirilmişdi.

Beləliklə, Təhsil Nazirliyinin bəzi məsul işçilərinin ictimaiyyəti növbəti dəfə aldatdıqlarının şahidi olduq.

Sənəd standartın prinsiplərinə uyğundurmu? 

Məlumdur ki, standartlar, əsas etibarilə, sənayedə və kənd təsərrüfatında tətbiq edilir. Standart mənsub olduğu məhsulun keyfiyyət göstəricilərinin təsnifatını, bu göstəricilərin səviyyəsinin yolverilən aşağı (minimum) və yolverilən yuxarı (maksimum) hədlərini, bu hədləri təyin etmək üçün üsulları, lazım olan sınaq avadanlığını, ləvazimatları, tərtibatları, nəzarət-ölçü cihazlarını və s. müəyyən edən tələblər sistemindən ibarət dövlət sənədidir.

Lakin məhsulun keyfiyyət göstəricilərinin tələb edilən səviyyəsinə necə və hansı üsullarla nail olunması standartın təyinatına daxil deyil.

Standartın aşağıdakı özəl xüsusiyyətləri var:

– Standartın təyinatı olmalıdır. Bu, standartın atributlarından biridir;

– Standartda anlayışlara verilən adlar bütün hallarda, hətta başqa standartlarda işlədikdə də öz ilkin adı ilə adlandırılır, hər hansı dəyişikliyə məruz qoyulmur;

– Standartın tələbləri anlaşıqlı, konkret və birmənalı olur. Burada hər hansı ümumiləşdirməyə və tövsiyəyə yol verilmir;

– Standartın tələbləri felin əmr formasında yazılır və “malıdır”, “məlidir” şəkilçilərindən biri ilə bitir. Məsələn, sənaye standartlarından birində deyilir: Maşının faydalı iş əmsalı 93 faizdən az olmamalıdır (məhsulun iqtisadi göstəricisinin yolverilən aşağı həddi), yaxud, maşın işləyərkən onun yaratdığı səs-küyün səviyyəsi 84 db-dən (detsibel) yuxarı olmamalıdır (məhsulun ekoloji göstəricisi səviyyəsinin yol verilən yuxarı həddi).

Buradan görünür ki, sənaye standartı məhsulun parametrinin xüsusiyyətindən asılı olaraq, keyfiyyət göstəricisinin yalnız aşağı, yaxud da yuxarı yol verilən həddini müəyyən edir. Yəni, parametrin aralıq qiymətlərini normalaşdırmır.

Standartın birinci səhifəsində yazılır:

“Bu standartın tələblərinə riayət edilməməsi qanunla cəzalandırılır”.

Standartların təhsilə tətbiqi yaxşı haldır. Lakin standartın prinsiplərilə təhsilin özəllikləri uzlaşdırılmadıqda arzu olunan nəticəni əldə etmək mümkün olmur.

Yanlış “təlim məzmunu”, absurd “təlim nəticələri”

Istər I-IV siniflərin fənn kurikulumlarında, istərsə də baxdığımız fənn kurikulumunda, vaxtilə mübtəda ilə xəbərin yerini dəyiş-düyüş etməklə “Poeziyada novatorluq” iddiasını xatırladan, reallıqlarla uzlaşmayan bəzi “yeniliklər” diqqəti cəlb edir. Bu sıraya “Fizika təliminin məzmunu” və onun tərkib hissələri olaraq təqdim edilən:

Ümumi təlim nəticələri; Məzmun xətləri; Məzmun xətləri üzrə təlim nəticələri; Fəaliyyət xətləri; Siniflər üzrə məzmun standartları, əsas standartlar, alt standartlar və s. anlayışlarını aid etmək olar.

“Fizika təliminin məzmunu” anlayışı haqqında sənədin “Tezaurus” (səh. 73) paraqrafında deyilir:

“Təlimin məzmunu” şəxsiyyətin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin (təlim standartlarının) məcmusudur.

Şərhdən görünür ki, fərqli məna kəsb edən “Təlimin məzmunu”, “Təlim nəticələri” və “Təlim standartları” anlayışları eyniləşdirilir və ciddi səhvə yol verilir.

Digər tərəfdən təlim nəticəsinin yalnız bacarıqlarla ifadə edildiyi bildirilir. Bu hal, bir tərəfdən sənəd müəlliflərinin “standart” anlayışını yanlış dərk etməsilə şərtlənirsə, digər tərəfdən dilimizin qrammatikasını kifayət qədər bilmədikləri ilə izah edilir.

Halbuki, fənnin təliminin məzmunu zəruri bilik və bacarıqların, həmçinin bu bilik və bacarıqların şagirdə öyrədilməsində istifadə edilən metodların, yanaşmaların, vasitələrin, vəsaitlərin məzmunlarının məcmusu olub, fənnin tədris proqramına uyğun olaraq hazırlanmış dərslikdə ehtiva edilir.

Müxtəlif adlar altında təqdim edilmiş anlayışlar, əslində eyni məzmunlu mətnlərin təkrarlanmasından, təhrif edilməsindən və manipulyasiyasından savayı bir şey deyil.

(Ardı var…)