
Ukraynada növbədənkənar president seçkisi keçirilir. Seçki məntəqələri yerli vaxtla səhər saat 7-dən açılıb. Ukrayna KİV-in yaydığı məlumata görə, seçici fəallığı yüksəkdir. Bununla belə, separatçılığın baş qaldırdığı şərq vilayətlərində – Donetsk və Luqanskda seçki məntəqlərinin mütləq əksəriyyəti fəaliyyət göstərmir.
Ukraynanın siyasi liderləri və namizədlər artıq səs veriblər. Baş nazir Arseniy Yatsenyuk jurnalistlərə deyib ki, ölkənin legitim prezidentinin seçiləcəyinə inanır.
Prezident əvəzi Aleksandr Turçinov da səs verəndən sonra jurnalistlər qarşısına çıxıb və bildirib ki, seçkinin bütün ölkə üzrə yüksək faizlə keçdiyi müşahidə olunur. O, bəyan edib ki, Rusiya hökuməti Ukraynada, xüsusən də onun şərq vilayətlərində seçkini pozmaq üçün əlindən gələni edir, lakin bütün təhlükələrə baxmayaraq artıq minlərlə seçki məntəqəsi fəaliyyətdədir.





















