Inter+ MMC-nin banka 6 milyonluq borcu 40 nəfərin çörəksiz qalması ilə nəticələnə bilər
“Bizim işlədiyimiz firmanın Beynəlxalq Banka borcu var. Bank da borcun əvəzində maşınlarımızı əlimizdən alır”. Bu sözləri “Azadlıq”a taksi sürücüsü Elxan Kazımov deyib. Onun sözlərinə görə, illərdir ki, Inter+ MMC-də işləyir: “Bu taksi firmasıdır. Mən də uzun müddətdir burada işləyirəm.
Bu firmanın gətirdiyi taksilərdən birinin sürücüsüyəm. Müqaviləm var. Hər gün plan vermişəm. Müqaviləyə görə müəyyən müddətdən sonra avtomobil mənim olacaq. Amma indi Beynəlxalq Bank gəlib firmanın taksilərini alır”. Elxan Kazımov deyir ki, MMC-nin Beynəlxalq Banka 6 milyon manat borcu var: “Biz bilmirik bu borc necə yaranıb. Bircə onu bilirik ki, firmanın rəhbərliyi işini düzgün aparmayıb. Əvvəl qarajda 200-ə yaxın maşın var idi. Amma indi 40-ı qalıb. Digər maşınlar hamısı yararsız vəziyyətdə qarajdadır. Belə çıxır ki, bankdan götürülən pulu təyinatı üzrə xərcləməyiblər. Yeyib dağıdıblar. Bank da borcunu almaq üçün qarajın maşınlarını müsadirə edir. Mən bankın nümayəndəsi Ceyhun müəllimə dedim ki, bəs bizim işimiz nə olacaq? Axı biz illərdir bunlara pul veririk, çekimiz var. Dedi ki, onu firmanın müdirindən soruşun. Firmanın müdiri Nazim müəllimi isə tapa bilmirik. Yoxa çıxıb, telefonuna da zəng çatmır”.
Elxan Kazımov qəzetimiz vasitəsilə müvafiq qurumlara müraciət edərək kömək istəyib: “Biz taksi sürücüsüyük. Ailəmizə çörək pulu qazanırıq. Bizim maşınlarımızı əlimizdən alandan sonra nə edəcəyik? Kimsə hansısa bankın pulunu yeyibsə, niyə bunun ziyanı bizə dəyməlidir? Niyə biz kiminsə borcunu ödəməliyik. Mən müvafiq qurumlardan xahiş edirəm ki, bu məsələyə diqqət ayırsınlar”.


