Elxan Şahinoğlu: «Amerika-Türkiyə münasibətlərində yaranan sualların aradan qaldırılması üçün Gül ortaya müəyyən fəaliyyət qoyacaq»
Türkiyə prezidenti Abdullah Gül, oğlu Mehmet Əmrə Gül oxuduğu Harvard universitetində diplomların təqdimetmə mərasimində iştirak etmək üçün mayın 28-də, çərşənbə günü ABŞ-ın Boston şəhərinə yola düşəcək. Səfər mayın 31-ə qədər davam edəcək.
Dövlət başçısının mənbələrindən verilən məlumata görə, prezident Abdullah Gül öz xanımı Xayrünnisə Gül və oğlu Mehmet Əmrə Gül ilə birlikdə Harvard universitetinin diplomlarının təqdimetmə mərasimində iştirak edəcək.
Səfər çərçivəsində Gül həmçinin Türkiyə ətrafında və regionda hadisələrin inkişafı barədə universitetin tələbələrinə mühazirə oxuyacaq, ABŞ-ın aparıcı şirkətlərinin rəhbərlərini qəbul edəcək və Bostondan olan türk alimləri ilə görüş keçirəcək.
Səfər zamanı Türkiyə dövlət başçısının rəsmi şəxslərlə görüşlərinin olacağı da istisna edilmir. Çünki hazırda Türkiyədə müəyyən gərginlik müşahidə edilir, ölkə prezident seçkilərinə hazırlaşır. Belə bir dönəmdə Türkiyə dövlət başçısının ABŞ-da müzakirə edəcəyi məsələlər az deyil.
Müzakirə olunacaq mövzular arasında regiondakı durum, o cümlədən Azərbaycanla bağlı məsələlər də ola bilər. Lakin ekspertlərin bununla bağlı fikri birmənalı deyil.
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyədə vəziyyətin yenidən gərginləşdiyini, Soma faciəsinə görə cəmiyyətdə müəyyən narazılığın artdığını deyir. Eyni zamanda müxalifət-iqtidar arasında gəskinlik müşahidə edilir. Bu arada baş nazir Ərdoğan prezident seçkilərinə hazırlaşır. Amma bu o demək deyil ki, Abdulla Gül siyasi səhnədə arxa plana keçəcək. Ona görə də Güldən müəyyən proseslərə münasibətdə fəallıq tələb olunur: «Soma hadisələrinə yanaşmada Abdulla Gül ortaya doğru mövqe qoydu. Ərdoğan Somada kəskin reaksiya verərkən Gül çox yumşaldıcı açıqlamalar verdi. Dövlətin üzərinə düşən yükün həll etməyin vacibliyini vurğuladı».
Ekspertin sözlərinə görə, xarici siyasətdə də Abdulla Gül yumşaldıcı istiqamətə sadiqdir. ABŞ-a hətta qeyri-rəsmi səfərə gedirsə, bu imkandan istifadə edib müəyyən görüşlər də keçirə bilər. Çünki Amerika-Türkiyə münasibətlərində də bəzi suallar yaranıb. Bu sualların aradan qaldırılması üçün Gül ortaya müəyyən fəaliyyət qoyacaq: «Abdulla Gül gələcəkdə siyasi fəaliyyətinə davam etdirəcəksə və mümkün halda baş nazir olacaqsa, indidən onun üçün Amerika ilə çox sıx münasibətlər qurmaq çox vacibdir».
Fizzə


