Bu sözləri onun vəkili 2 gün qabaq desə də, Novella Cəfəroğu sabiq nazirin adından ərizə yazdığını deyir
Yaxın vaxtlarda dövlət başçısının əfv fərmanı imzalayacağı na dair xəbərlər intensivləşir. Ən çox müzakirə olunan məsələ isə adları siyasi və vicdan məhbusları siyahısında olan şəxslərdən kimlərin azadlığa buraxılacağıdır. Bu sirada daha çox adı çəkilənlər arasında sabiq səhiyyə naziri Əli İnsanov da var.
Bundan əvvəlki əfv fərmanları zamanı da sabiq nazirin azadlıqa çıxacağı gözlənilsə də, bu baş verməyib. Səbəb isə onun qarşısında qoyulan şərtlər olub. Həbs olunduğu vaxtdan bəri hakimiyyət Ə.İnsanovla əfv ərizəsi yazması və ölkə başçısından üzr istəməsi əvəzində azadlığa buraxılması ilə bağlı danışıqlar aparsa da, o buna razılıq verməyib və yalnız bəraət istəyib.
Qeyd edək ki, İnsan Haqları üzrə Avropa Məhkəməsi 2013-cü il martın 14-də çıxardığı qərarla Ə.İnsanovun Azərbaycanın da qoşulduğu Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu təsdiqləyib.
Buna görə də Azərbaycan Apelyasiya Məhkəməsi və Ali Məhkəmənin plenumunda onun işinə yenidən baxılsa da, sabiq nazir həbsdə saxlanılıb.
Avropa Məhkəməsinin Ə.İnsanovun azadlığa buraxılması barədə qərarı yerinə yetirməyə borclu olan hakimiyyət ona əfv ərizəsi yazdırmağa çalışır.
Hakimiyyət artıq fakt qarşısındadır və onu azadlığa buraxmalıdır.
Belə olan halda çıxış yolu kimi belə bir variant seçilib ki, Ə.İnsanov özü əfv ərizəsi yazmasa da, onun azadlığa çıxmasını istəyən hüquq müdafiəçiləri belə bir ərizə yazsınlar.
Artıq hüquq müdafiəçiləri tərəfindən prezidentin adına belə bir ərizə yazılıb.
Modern.az saytının məlumatına görə, hüquq müdafiəçisi Novella Cəfəroğlu keçmiş səhiyyə naziri Əli İnsanovun adından əfv ərizəsini yazdıqlarını bildirib: «Həmin ərizəni Əli İnsanovun, eləcə də digər məhbusların adından biz, hüquq müdafiəçiləri yazıb prezidentə göndərmişik. İctimai təşkilat olaraq bizim buna hüququmuz çatır. Əfv olacağına da əminik və gözəyirik».
Məlumata görə, bu sənəd Ə.İnsanovun ölkə başçısı tərəfindən əfv olunması üçün yetərlidir.
Odur ki, Ə.İnsanovun növbəti əfv fərmanı ilə azadlığa buraxılacağı gözlənilir.
«Yeni Müsavat» qəzetinin yazdığına görə, bunun üçün hakimiyyətin də öz şərtləri var. Belə ki, hakimiyyət kifayət qədər iddialı və qəzəbli, eyni zamanda böyük maddi imkanlara malik Ə.İnsanovun həbsdən çıxdıqdan sonra siyasətlə məşğul olacağından və müxalif düşərgəni gücləndirəcəyindən narahatdır.
Buna görə də müxtəlif kanallarla ona çatdırılıb ki, əfvlə həbsdən buraxılacağı təqdirdə ölkəni tərk etməlidir. Hətta ondan tələb olunur ki, əfvlə azadlığa çıxan kimi birbaşa hava limanına getsin və oradan da Almaniyaya uçsun. Ə.İnsanovun hələlik bu şərti tam qəbul edib-etmədiyi bilinməsə də, gələn məlumatlara görə, sabiq nazir deyib ki, həbsdən çıxdıqdan sonra ailəsini görmək və müalicə üçün xaricə getmək planı var.
Xatırladaq ki, Azərbaycanda belə bir təcrübə var. Belə ki, illər öncə separatçılıqda ittiham olunaraq ömürlük həbs cəzası alan Əlikram Hümbətov azadlıqa buraxılandan sonra birbaşa hava limanına aparılaraq ölkədən çıxarıldı.
Əli İnsanov eyni aqibətlə üzləşə bilərmi?
Məsələ ilə bağlı sabiq nazirin vəkilinin mövqeyini öyrənməyə çalışsaq da, buna nail ola bilmədik.
Xatırladaq ki, Əli İnsanovun vəkili Toğrul Babayev bir neçə gün əvvəl mətbuata açıqlamasında nə özünün, nə də Əli İnsanovun hüquq müdafiəçilərinə əfvlə bağlı müraciət etmədiklərini deyib.
Fizzə


