«Sərhədçilər prokurorluğun qərarına istinad edərək belə bir addım atdıqlarını deyiblər»
«Baxmayaraq ki, qanunvericiliyə əsasən, ölkədən çıxmağa qadağa yalnız məhkəmənin qərarı ilə ola bilər»
Dünən axşam saatlarında Azərbaycanın Gürcüstanla sərhəddində Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın oğlu Camal və həyat yoldaşı Eldar Əzizov saxlanılaraq ölkədən buraxılmayıblar.
Bu barədə «Azadlıq»a Sülh və demokratiya İnstitutunun direktoru Leyla Yunus məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, sərhədçilər prokurorluğun qərarına istinad edərək belə bir addım atdıqlarını deyiblər. Baxmayaraq ki, qanunvericiliyə əsasən, ölkədən çıxmağa qadağa yalnız məhkəmənin qərarı ilə ola bilər. Prokurorluq Azərbaycan vətəndaşlarına ölkədən çıxmağı qadağan edə bilməz: «Aprelin 28-də hava limanında qanunsuz olaraq mən və həyat yoldaşım Arif Yunus saxlanıldıq və prokurorluğunu müstəntiqi İbrahim Ləmbəranski heç bir qanuna əsaslanmadan bizim pasportlarımız əlimizdən aldı. İndiyə qədər də əsassız olaraq pasportlarımız bizə qaytarılmayıb. Eyni şey Mətanət Əzizovanın aliəsinə qarşı baş verir. Hava limanında bizə yazılı şəkildə heç bir məhkəmə qərarı təqdim olunmadı. Çünki bizim ölkədən çıxmağımızı qadağan edən belə məhkəmə qərar ümumiyyətlə olmayıb. Eynilə Mətanətin ailəsinə Gürcüstanla sərhəddə ölkədən çıxmağı qadağan edən yazılı qərar təqdim olunmayıb».
L.Yunusun sözlərinə görə, beləliklə tam aydın olur ki, prokurorluq Mətanət Əzizovanın ailəsini, oğlunu hüquq müdafiəçilərinə təzyiq və şantaj vasitəsi kimi istifadə etməyə çalışır. Bütün bunlar Avropa Şurasının baş katibi Yaqlandın, AŞPA sədrinin Bakıda olduğu vaxtda baş verir: «Bu hadisə Avropa Şurası ilə Azərbaycan arasında 2014-2016-cı illərdə demokratikləşmə ilə bağlı birgə fəaliyyət planı imzalanan vaxtı baş verir. Hüquqi özbaşınalıq bu planı, Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığını və Avropa Şurasının demokratiya ideallarını heçə endirir».
Mətanət Əzizovanın anası, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da xəbəri təsdiq edib. Hüquq müdafiəçisi deyib ki, kürəkəni ilə nəvəsi Gürcüstana gedəndə sərhəddə saxlanılıblar: “Onları saxlayan sərhədçilər deyiblər ki, sizin ölkədən çıxmağınıza icazə yoxdur. Konkret səbəb isə göstərilməyib. Sadəcə deyiblər ki, bu, prokurorluğun göstərişidir”.
Qeyd edək ki, sabah saat 12-də RATİ-də hüquq müdafiəçiləri Leyla Yunus və Mirvari Qəhrəmanlı hüquq müdafiəçilərinin fəaliyyətinə qarşı uşaqların istifadə olunması, ailə üzvlərinin şantaj edilməsi və prokurorluğun qanunsuz əməlləri ilə bağlı mətbuat konfransı keçirəcəklər.
Fizzə


