Gültəkin Hacıbəylini şərləyən qadına hökm oxundu

Məhkəmə Aynur Mehdiyevanı insan alverində təqsirli bilib 8 il 6 ay həbs cəzası verdi, lakin…

Mayın 19-unda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Iradə Həsənzadənin sədrliyi ilə keçirilən Filippin vətəndaşı Llanto Fe Diaza qarşı insan alveri və əməyin istismarı cinayətləri törətməkdə ittiham olunan Aynur Mehdiyevanın mühakimə icraatı yekunlaşıb. Son iclasda Aynur Mehdiyevanın vəkili Natiq Abbasquliyev müdafiə çıxışı edib.  O, Aynur Mehdiyevanın evində çalışan qulluqçunun, binanın mühafizəçisinin və ailə dostunun sözlərini əsas gətirərək Mehdiyevanın cinayət törətməməsini əsaslandırmağa çalışdı.

Eyni zamanda vəkil Aynur Mehdiyevanın filippinli qadını polis orqanlarında çalışan qardaşı Allahverən Mehdiyevlə qorxutmasının da doğru olmadığını dedi. Vəkilin sözlərinə görə, zərərçəkən A.Mehdiyevanın daim onu təhqir etdiyini, ona qışqırdığını deyərkən düz danışmayıb: “Bu Aynur Mehdiyevanın adi danışıq tərzidir, o təmişə yüksək səslə danışır. Xəsarətlərə gəlincə, onları zərərçəkənə Aynur Mehdiyeva deyil, onun azyaşlı uşağı yetirmişdir”. Sonra replika verən zərərçəkənin nümayəndəsi Abbas Ismayılov vəkilin ifadələrinə əsaslandığı şahidlərin hamısının Aynur Mehdiyevadan maddi asılı vəziyyətdə olan və ona yaxın adamlar olduğunu deyərək, bu şəxslərin Mehdiyevanın əməllərini ört-basdır etməyə çalışdıqlarını bildirdi: “Aynur Mehdiyeva barəsində istintaq müddətində həbs qətimkan tədbiri seçilmədiyi üçün o sərbəst şəkildə bu şahidləri hazırlaşdırıra, onları yönəldə, onlara nəyi necə deməli olduqlarını izah edə bilərdi. Təqsirləndirilən şəxsdən birbaşa maddi asılılıq vəziyyətində olan bu şəxsləri ifadələri məhkəmə istintaqı üçün önəm daşıya bilməz. Istintaq zamanı bəlli oldu ki, Mehdiyeva daha öncə də iki nəfər başqa filippinlini evində işlədib və miqrasiya şərtlərini bilməyə bilməzdi. Digər tərəfdən onun iki qardaşı hüquq-mühafizə orqanlarında çalışır. Onların gözü qarşısında cinayət hadisəsi baş verib. Mehdiyeva Fe Diaza evlərinə polis formasında gələn qardaşının sıravi polis yox, bütün Bakı şəhəri polisinin böyüyü olduğunu deyirdi və Azərbaycanı tanımayan, yerli dili bilməyən təcrübəsiz bir qadının buna inanması təəccüblü deyil”.  Aynur Mehdiyeva son sözündə yalnız vəkilinin dedikləri ilə razılaşdığını bildirdi. Sonra hakimlər müşavirəyə getdilər. Müşavirədən qayıdan məhkəmə öz hökmündə Aynur Lətif qızı Mehdiyevanı Cinayət Məcəlləsinin 144.1.2.8 (ÿzərərçəkmiş şəxsə işgəncə verməklə və ya onunla qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan rəftar etməklə insan alveri) və 144.2.1-ci ( əməyin istismarı) maddələri ilə cinayət törətməkdə təqsirli bildi. Hökmdə məhkəmə istintaqı zamanı Mehdiyevanın cinayətlərinin tam sübuta yetirildiyi göstərildi və törətdiyi cinayətlərə görə Mehdiyevaya 8 il 6 ay həbs cəzası müəyyən edildi. Lakin onun ilk məhkumluğunu, qadın və üç azyaşlı uşağı olmasını nəzərə alaraq, uşaqlarının baxımsız qalmaması üçün məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə Aynur Mehdiyevaya bir il sınaq müddəti olmaqla şərti cəza təyin etdi. 

Bu hökm Azərbaycanda törətdiyikləri daha yüngül cinayətlərə görə məhbəs həyatı yaşayan yüzlərlə qadına münasibətdə tam bir hüquqi diskriminasiyadır. Xatırladaq ki, iş üzrə zərərçəkən kimi tanınan filippinli qadının heç bir maddi tələbi ödənmədən Mehdiyevaya qarşı bu “güzəşt” Azərbaycanda artıq Konstitusiya və dövlət qanunlarının deyil, cəngəllik qanunlarının işlədiyini sübut edir. Mehdiyevaya 9 il 4 ay həbsin qarşılığında bir il sınaq müddəti olmaqla şərti cəzanı dövlət ittihamçısı istəmişdi və bu Azərbaycan prokurorluğu tarixində bir ilk idi. Bu da təbiidir. Dörd il əvvəl öz əmri ilə fərariliyə və prokurorluq orqanı əməkdaşına yaraşmayan əməllərə görə orqanlardan qovduğu M.Mehdiyevi dəvət edib adı bizə bəlli olan idarə rəisləri vasitəsilə təlimatlandıran, ona “keçirəcəyi” mətbuat konfransının materillarını hazır şəkildə təqdim edən və göstərəcəyi xidmətlər müqabilində yüksək vəzifə söz verən Baş Prokurorluq qarşısında “gözükölgəli” olduğu Mahmud Mehdiyevin bacısına necə həbs istəyə bilərdi? 

Bu məhkəmə hökmü ilə həm də dolayısı ilə A.Mehdiyevanın qardaşları Xətai rayon prokurorluğunun müstəntiqi Mahmud Mehdiyevin və DIN-in zabiti Allahverən Mehdiyevin ağır cinayətləri bilib qarşısını almamağa görə, sonuncunun isə hətta bu cinayətlərə şərait yaratmağa görə məsuliyyəti təsdiq olunur.

Aynur Mehdiyeva ona yaradılan bu faktiki cəzasızlıq mühitinə görə heç şübhəsiz ki, Milli Şura üzvü Gültəkin Hacıbəyliyə borclu olmalıdır. Belə ki, hakimiyyətin G.Hacıbəyliyə qarşı şərləmə və qarayaxma kampaniyasında əsas rolu A.Mehdiyeva, qardaşı, bu kampaniyanın ən iyrənc işini gördüyü üçün dörd il əvvəl qovulduğu prokurorluq orqanlarına müstəntiq təyinatı alan Mahmud Mehdiyev və anaları Nəhayət Məmmədova oynayırlar. Bacı-qardaşın şikayəti əsasında hətta Yasamal rayon məhkəməsində Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında saxta  icraat aparılır. A.Mehdiyeva bir müsahibəsində KIV-lərə istinadən onun saxlanması xəbərini xatırladan Gültəkin xanımı ona böhtan atmaqda ittiham edir, “heç vaxt saxlanılmadığını, təqsirləndirilən şəxs qismində cəlb edilmədiyini” deyir. Dünənki məhkəmə hökmündə isə Mehdiyeva dövlət tərəfindən cinayətkar kimi tanınır və törətdiyi əməlin qarşlığı olaraq 8 il 6 ay həbs cəzası müəyyənləşir. Beləliklə, Yasamal rayon məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə doqquz ay ərzində davam edən icraatın saxta və əsassız olması məhkəmə hökmü ilə öz təsdiqini tapdı. Əslində, Aynur və Mahmud Mehdiyevlər Gültəkin Hacıbəyliyə böhtan atdıqları, məhkəməni aldatdıqları, saxta iddia ilə çıxış etdikləri, dəfələrlə zərərçəkən qismində yalan ifadələr verdikləri, məhkəmədə Hacıbəylini təhdid etdikləri üçün cinayət məsuliyəti daşımalıdırlar. Bəlli olur ki, 9 ay boyu Yasamal məhkəməsində “şərəf və ləyaqət” davası döyən Aynur Mehdiyeva G.Hacıbəyliyə böhtan atmaqla yanaşı, özü şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə ən ağır cinayətlər törədib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dövlət onun şərəf və ləyaqətinə artıq birmənalı hüquqi qiymət verib. Mahmud Mehdiyevə gəlincə, onun düz bir il əvvəl- mayın 17-də öz oğlunun anasına qarşı keçirdiyi və onu Cinayət Məcəlləsinin 12  maddəsi ilə ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham etdiyi  mətbuat konfransının səsi hələ də qulaqlardadır.