“Rusiya Ukraynanın ərazi bütövlüyünə təminat vermir”

Rusiya Ukraynanın ərazi bütövlüyünə təminat verə bilməz və təminat verməyəcək, çünki heç vaxt öz üzərinə belə bir öhdəlik götürməyib. Bunu Rusiyanın Baş naziri Dmitri Medvedev Bloomberg telekanalına müsahibəsində deyib.

“Biz heç nəyə təminat verməməliyik, çünki heç vaxt bu məsələdə öz üzərimizə heç bir öhdəlik götürməmişik. Ancaq biz hesab edirik ki, əsas məsələ – kiməsə nəyəsə dair təminat vermək deyil, Ukrayna ərazisində vəziyyəti sabitləşdirməkdir”, – deyə Medvedev bildirib.

Rusiyanın baş naziri həmçinin bildirib ki, Rusiyanın Ukraynanın hansısa ərazisini özünə birləşdirmək niyyətinin olduğuna dair iddialar təxribatdır, Krımdakı vəziyyətlə müqayisə isə yersizdir.

Qeyd edək ki, Ukraynanın nüvə statusuna dair 1994-cü il Budapeşt memorandumuna görə, Rusiya, Amerika Birləşmiş Ştatları və Böyük Britaniya Ukraynanın suverenliyinə və təhlükəsizliyinə qarant-ölkələr kimi çıxış etmək öhdəliyini öz üzərinə götürüb.