Araz Kəsəmənli: «Bu saxta ittihamlar məni azadlıqdan deyil, artıq həyatdan məhrum etməyə yaxındır»
Tanınmış şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənlinin məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyilə çıxarılan hökmə əsasən, o, 8 il 4 ay azadlıqdan məhrum edilib. Hökm elan olunmamışdan əvvəl isə Araz Kəsəmənli məhkəmədə son sözünü deyib. Qəribədir ki, o, məhkəmə qarşısında əlləri qandallı vəziyyətdə çıxış edib. Son sözündə günahsız olduğunu, şərləndiyini və bu faktın məhkəmə prosesində də sübut olunduğunu deyən Araz hakimləri ədalətli olmağa, təqsirsiz insanı cəzalandırmamağa çağırıb:
“Insana bu qədər zülm vermək onu öldürməkdən daha ağırdır”
“Bir az əvvələ qayıtsaq, görərik ki, 1998-ci ildə mənim 21 yaşım olarkən xəbərim belə olmadığı işə görə məni 15 il azadlıqdan məhrum etdilər. Heç kimi günahsızlığıma inandırmağa çalışmıram. Allah şahiddir, bu, mənə bəs edər. Allah səbr də verdi. Bu çətinliyə dözdüm. Yaşamaq həvəsi güc gəldi. Amma 3 ay azadlığı mənə haram etdilər. Mən hələ də inana bilmirəm ki, 2014-cü ildə – ədalət prinsiplərindən bu qədər çox danışıldığı bir vaxtda baş verən ədalətsizliyə necə göz yummaq olar? Yoxsa, tutduğu vəzifədən və ölkə başçısının etibarından sui-istifadə edən, hələ də mənə məlum olmayan bu sifarişçinin qarşısını almaq mümkün deyilmi?
Bu düşmənçiliyin kim tərəfindən olduğunu bilməsəm də, bir o məlumdur ki, bu ədavət şəxsi münasibətlərdən yaranıb. Bəlkə də buna başqa bir don geyindiriblər. Amma nəzərə almaq lazımdır ki, 21 yaşından həbsdə olan və dincəlməyə 3 ay vaxtı olan bir insanın hansı qanunsuz hərəkətlərindən söz gedə bilər?
Çox çətin olsa da, özünüzü bir anlıq mənim yerimdə təsəvvür edin. Yaşamaq mənim haqqım deyilmi? Vicdanı olan hər bir insan bu baş verənlərə biganə qala bilməz. Insana bu qədər zülm vermək onu öldürməkdən daha ağırdır.
Başa düşürəm, rəhbərlik qarşısında hesabat vermək vəzifə borcunuzdur. Amma vicdanınız qarşısında hesabat vermək daha vacibdir.
Məhkəmə iclasında mənim tam təqsirsiz olmağım sübuta yetirilib. Bunu danmaq qanunu şah sayanlara yaraşmaz!
Əməllərimizi heç olmasa qurduğumuz gözəl cümlələr üzərində nizamlayaq! Heç olmasa kimdənsə asılı olmadığımızı və heç kəsdən aciz olmadığımızı sübut etməyə cəhd edək. Ədalətli qərar çıxarmağa çəkinməyək!
“Hətta yaşadığım evin yerini tapmaqda da çətinlik çəkirəm”
Dönüş yerimiz Allahdır! Kimdənsə yox, Allahdan qorxmaq lazımdır. Bu oyunu hər birimizin başına gətirə bilərlər.
Həm şahid ifadələri, həm də ekspert rəyləri mənim təqsirsiz olmağıma bir sübutdur. Ekspert rəylərində qanımdan götürülmüş analizlərdə narkotik vasitələrdən istifadə etmədiyim, sellofan paketlərdə isə mənə aid olan əl izləri olmadığı aşkarlanıb. Hal şahidi kimi dindirilən Samir Səlimov və Natiq Abdurrəhmanov məhkəmədə istintaq zamanı tərtib edilən protokolu təkzib edərək, onların adından yalan yazıldığını bildirdilər.
Narkotiklərə Qarşı Mübarizə Idarəsinin baş əməliyyat müvəkkili Pərviz Imanov məhkəmədə ifadəsində mənim üzərimdə axtarış aparılan vaxt telefon, qol saatı, üzük və sayını dəqiq bilmədiyi xeyli pul olduğunu göstərdi. Digər polislər üzərimdə 2 büküm selofan paketlərdən və 15 manatdan başqa heç bir şeyin olmadığını iddia edirdilər.
“Bu qədər pulla toya getmək nə qədər inandırıcıdır?” sualına qrupun rəhbəri Elman Tərlanovun “yəqin, toya qardaşı Rəşad pul salacaqdı” deyə verdiyi cavab bir daha sübut edir ki, mən toya tək deyil, qardaşımla birlikdə getmişəm. Amma istintaq zamanı guya, saxlanılarkən tək olduğum haqda protokol tərtib edilib. Əgər bu fakt yetərli sayılmasa, mobil operatorlardan qardaşım Rəşad və dostum Valehə aid telefonların həmin vaxt hansı əhatə dairəsində olduqlarını dəqiqləşdirmək olar. Qardaşım Rəşad və dostum Valeh də həmin vaxt idarəyə aparılıb, onlardan ifadə alınıb. Hər ikisinin məhkəməyə verdikləri ifadələr də bunu təsdiq edir. Istintaq zamanı həmin ərazidə təhlükəsizlik kamerasının lentə aldığı görüntülərin yoxlanılmasını təklif etsəm də, buna ehtiyac olmadığını bildirdilər.
Bu qədər yalan danışdıqları və saxtakarlıq etdikləri sübuta yetirilən polis əməkdaşlarının heç bir sözünə əhəmiyyət vermək olmaz. Məni şəxsən tanıyan insanlar bilirlər ki, narkotik mənim əxlaqıma və əqidəmə zidd olan bir şeydir. Narkotik alverindən danışmaq isə ağlasığmaz və gülüncdür. Mən 3 ay azadlıqda olduğum müddətdə cəmi 23 gün Bakıda olmuşam. Həbsdə olduğum müddətdə şəhərin dəyişdiyini nəzərə alsaq, mənim burada tək maşın idarə etməyim real deyil. Çünki mən, hətta yaşadığım evin yerini tapmaqda belə çətinlik çəkirəm. Əksər vaxtlar Qazaxda, Ağstafada qohumlarımızın evində və Şəkidə istirahətdə olmuşam.
Belə qısa müddətdə məni narkotiklə əlaqələndirmək adıma ləkə yaxmaq və asanlıqla həbsə salmaq oyunundan başqa bir şey deyil.
Vicdanı olan hər kəs mənim həyat tarixçəmə nəzər salsa, başa düşər ki, insan taleyi ilə bu cür rəftar etmək allahsızlıqdır! Bu saxta ittihamlar məni azadlıqdan deyil, artıq həyatdan məhrum etməyə yaxındır.
Mənim bu çıxışımı özümə qarşı rəhm yaratmaq kimi başa düşməyin. Bu ittihamlarda heç olmasa, 1 faiz həqiqətə oxşar bir şey varsa, mənə Cinayət Məcəlləsinin ən yüksək həddini tətbiq edin. Əks halda, Allah rizası üçün heç nədən və heç kimdən çəkinmədən ədalətli qərar çıxarın”.
***
Xatırladaq ki, Araz Kəsəmənli CM-nin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik saxlama) maddəsilə ittiham olunurdu. Lakin onun həbsinin ilk günündən qardaşı Rəşad Kəsəmənli mətbuata açıqlama verərək, Arazın şərləndiyini bəyan edib. O bildirib ki, qardaşı saxlanılarkən o və daha bir dostları birlikdə olub, onlar maşınla toya gedirlərmiş.
“Qardaşımı şərləyənlərin Allah bəlasını versin”
Hökmdən sonra açıqlama verən Rəşad Kəsəmənli bildirib ki, qardaşının həbsinə sifariş verənlər məhkəməyə də təsir göstərərək, ədalətli qərar verilməsinin qarşısını aldılar.
“Budur haqq-ədalət? Kiminsə şəxsi prinsiplərinə görə günahsız bir insana 8 il 4 ay həbs cəzası verdilər. Hakimin də ədalətli qərar verməsinə təzyiq göstərib mane oldular. Allah bəlanızı versin. Bu qədər haqsızlıq olar? 15 il sifarişlə onu yatırtdılar, 3 ay idi ki, çıxmışdı, yenə sifariş verib tutdurdular”, – deyə Rəşad Kəsəmənli qeyd edib.
Rəşad Kəsəmənli onu da əlavə edib ki, qardaşı qarşılaşdığı haqsızlıqlardan intihar həddinə çatıb. Sadəcə, ibadətlə məşğul olması onu bu addımdan çəkindirir.
Xatırladaq ki, Araz Kəsəmənli 1998-ci ildə qeyri-rəsmi yaşadığı qətlə yetirməkdə günahlandırılaraq, 15 il azadlıqdan məhrum edilmişdi. O, ötən ilin iyununda həbsdən çıxmışdı. Lakin sentyabrın 17-də yenidən həbs olundu.
Aytən Məmmədova


