Argentinada innovativ texnologiya sayəsində əlil uşaq üçün 3D çap üsulu ilə protez əl hazırlanıb. 11 yaşlı Felipe Miranda velosipedi hər iki ilə idarə edir.
Əllərindən biri, sol əli protezdir. Ancaq bu, zavod və ya fabrikdə istehsal olunmuş bir ənənəvi protez deyil. Bu, unikal vasitə Buenos Ayresin “3D Ləb” adlı müəssisəsində istehsal olunub.
Sənaye dizayneri Qonzalo Sançes və onun iş yoldaşları müxtəlif obyektlər hazırlaya bilmək üçün 3D printer dəzgahları alıb.
Maraqlıdır ki, Felipenin anası onların müəsissəsinə müraciət edənə qədər, heç vaxt protez əl yaratmayıblar. “Soruşdu ki, bununla bağlı kömək edə bilərsiniz?. Dedik, baxarıq. İnternetdən aidiyyatı üzrə müxtəlif faylar yüklədik və onların əsasında sınaqlara başladıq. Nəhayət, həmin modifikasiyanı ərsəyə gətirə bildik”, – deyə Sançez bildirib.
Onlar buna görə uşağın anasından cəmi 200 dollar zəhmət haqqı alıb. Halbuki, Felipeyə ənənəvi protez əl qoymaq üçün ondan tibb müəssisəində 40 min dollar istəyirdilər.
Sol əlində anadangəlmə barmaqsız doğulmuş Felipenin yeni protez əli ənənəvi protez qədər mükəmməl olmasa da, o, yeni süni əlin barmaqları ilə ona lazım əşyaları sıxa, saxlaya və aça bilir. (anspress.com)


