Qazax sakini müalicəsi üçün kömək istəyir
Qazax rayonu Nəriman Nərimanov qəsəbəsi, bina 13, mənzil 12 ünvanında yaşayan Ramiz Əliyev “Azadlıq” qəzetinə müraciət ünvanlayıb. “Mən 2013-cü il təxminən iyul-avqust aylarında Qazax stomatoloji poliklinikasının həkimi Elçin Xəlfəquluyevə dişlərimi çəkdirmişəm. Aradan 2-3 ay keçəndən sonra səhhətimdə problemlər yaşandı və mən həkimə müraciət etməli oldum.
Həkimlər mənə hepatit analizi verməyi məsləhət bildilər. Gürcüstanda, Bakıda və Qazax Diaqnostika Mərkəzində müxtəlif vaxtlarda analizlər verdim, bütün cavablar eyni idi – Hepatit C. Bundan sonra müalicə kursu götürdüm, ancaq xeyri olmadı və mənim də pulum qurtardı. Buna görə də Elçin Xəlifəquluyevə müraciət etdim ki, məni bu xəstəliyə sən yoluxdurmusan, indi müalicəmə kömək et. O isə məni tanımadığını bildirdi, tələbimi rədd etdi”,- deyə şikayətçi məktubunda qeyd edir.
Ramiz Əliyev bir sıra dövlət qurumlarıyla yanaşı ölkə başçısına da müraciət etdiyini yazır: “Mən məcbur qalıb başda prezident olmaqla bir çox yuxarı instansiyalara dəfələrlə müraciət ünvanladım. Iki aya yaxındır ki, mənə müəyyən cavablar gəlir – ”tədbir görüləcək”. Hələlik heç nə yoxdur və Elçin Xələfquluyev də “harasa şikayət etmə, müalicəni təşkil edəcəm” desə də, aidiyyəti qurumlar məni dindirsə də, heç bir nəticə yoxdur. Mən dişimi çəkdirəndə Elçinin diş alətlərini elektrik sobasından çıxardığını gördüm. O, elektrik sobasını sterilizator kimi işlədirdi. Mən bunu ona irad tutsam da xeyri olmadı. Sonda da bu hadisə baş verdi. Bunu bilən tanışlar da məni danladı ki, sən görmürdünmü ora it günündədir, başqa yer qəhət idimi? Mən başqa stomatoloji kabinetlərlə tanış olanda dəhşətə gəldim. Şərait ayrı, avadanlıqlar standartlara uyğun, təmizlik, səliqə-sahman yerində.
Mən hardan biləydim ki Elçinin çörək sobası mənim evimi yıxacaq? Hardan biləydim ki, adi qırıq dişi çəkmək üçün tez-tez dəyişdiyi alətlər sterilizə olunmayıbmış. Mən işsiz adamam. Hətta göstərdiyim ünvan da bacımın evidir, mən orda sığınacaq tapmışam, evim də yoxdur. Həyat mənim üçün də şirindir, mən də yaşamaq istəyirəm. Əlaqədar təşkilatlardan kömək gözləyirəm”.


