Sənin yanına barış təklifi ilə gələn hər kəs xaindir!
Bu həftə atəşkəs haqqında Bişkek protokolunun imzalanmasından 20 il ötdü. Indiki hadisələrin rakursundan baxanda 1994-cü ilin may ayının 14-də Qırğızıstan paytaxtında imzalanan bu protokol Qarabağın itirilməsi yönündə böyük bir addım kimi dəyərləndirilə bilər.
Hərbi praktikada atəşkəs iki halda istifadə olunur. Birincisi, tərəflərdən biri öz məğlubiyyətini etiraf edərək atəşkəs istəyir və bundan sonra sülh danışıqları başlayır. Bu hal 1945-ci il sentyabrın 2-də Yaponiya ilə baş verdi. Ölkə qarşı tərəflə atəşkəs müqaviləsi imzaladı, bundan dərhal sonra isə Ingiltərə, Amerika, Sovet Ittifaqı və Fransa ilə sülh müqaviləsi imzaladı. Sonra ruslarla bir qədər başqa cür – rus dilində alındı. Rusiya Yaponiyanın ödədiyi kontribusiyalarla kifayətlənmədi, sülh müqaviləsindən dışarı çıxaraq Yaponiya ərazilərinin əhəmiyyətli hissəsi olan Cənubi Saxalini və Kuril adalarını işğal etdi.
Ikinci halda isə atəşkəs tərəflərin hər ikisinin ağır və qanlı qarşıdurmanın gedişində heydən düşdüyü, qarşıda duran vəzifənin konkret zaman ərzində hərbi yolla həllinin mümkünsüzlüyünü dərk etdiyi zaman hər iki tərəfin istəyi ilə imzalanır. Yaxın tarixdə atəşkəsin bu növünün klassik nümunəsi keçmiş Yuqoslaviyada baş verib. Birinci mərhələdə, 1991-94-cü illərdə Xorvat hakimiyyəti arxasında Yuqoslaviya ordusunun bütün əzəməti ilə dayanan Serb separatistlərinin öhdəsindən gələ bilmədi. Iki illik atəşkəs müqaviləsi imzalandı və 1996-cı ildə Franko Tuncmanın hökuməti NATO-nun Bosniyada serbləri darmadağın etməsindən faydalanaraq hücuma keçdi və çox qısa müddət ərzində separatistləri öz ərazilərindən qovub çıxardı.
Amma Bişkekdə nə baş verdi?
Azərbaycana təcili olaraq atəşkəs müqaviləsi imzalamaq lazım idimi? Bir tərəfdən, ölkə müharibədən yorğunluq hiss edirdi, dövlət hakimiyyət orqanları formalaşmamışdı, cəmiyyət müharibə xəbərləri ilə nəfəs alırdı. Bu xəbərlər isə 1992-ci ilin yay kampaniyasını istisna etməklə qara xəbərlərdən ibarət idi. Get-gedə faciələrin siyahısına yeniləri əlavə edilirdi. Kərkicahan, Malıbəyli, Xocalı, Şuşa, Laçın, Kəlbəcər…1993-cü ilin ikinci yarısında isə Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın itirilməsi, artıq, statistika kimi qəbul edilirdi. Məhz, buna görə də ilk bir neçə il ərzində Əliyevin piar maşını atəşkəs müqaviləsini əsl diplomatik qələbə kimi təqdim edirdi – O, müharibəni qurtardı! “Qurtardı” və “dayandırdı” sözləri arasında fərqi kimsə eşitmək istəmirdi. Əgər atəş səsləri gəlmirsə, ermənilər Gəncəni təhdid etmirlərsə, deməli, bu, artıq böyük xidmətdir!
Amma başqa bir məqam da var. 1994-cü ilin may ayında Azərbaycan ordusunun bəxti gətirməyə başlamışdı. Ermənilərin Tərtər istiqamətində hücumu darmadağın edilmişdi, həm də onların itkiləri o qədər çox idi ki, Yerevanda əsgər analarının etiraz aksiyaları başlamışdı. Diqqət etmək lazımdır ki, cəbhə xəttindən hətta ən ağır xəbərlər belə Azərbacanda belə məğlubiyyət əhval-ruhiyyəsi yaratmamışdı.
Başqa tərəfdən, Azərbaycan hərbi hissələri Füzuli istiqamətində irəliləyərək Horadizə çıxa bilmişdilər. Uğurların artırılması üçün əsl fürsət idi. Amma bizim praktikamızda dəfələrlə olduğu kimi, hücumun davam etməli olduğu belə bir zamanda “dur!” əmri verildi.
Buraxılmış sülh imkanları
Və o zamandan başlayaraq, Bakı Qarabağ cəbhəsində yalnız bir səyi- diplomatik səy göstərməyə başlayır. Bu istiqamətdə ən azı 3 dəfə ciddi dönüş yaratmaq imkanı olub. Birinci dəfə, 1990-ların ortalarında o zaman BMT-nin sədri olan Butros Butros Qalinin Bakı səfərində Azərbaycan hakimiyyəti belə bir təklif etdi: “ən yüksək muxtariyyət statusu və Azərbaycanın tərkibində qalmaq şərti ilə sülh”. Bu təklif əlavələrlə də zənginləşdirilmişdi. Bakı- Ceyhan neft kəməri Ermənistandan keçirilməklə tikilə bilər. Bu, Ermənistanın bütün enerji probleminə də birdəfəlik son qoya bilərdi. Amma ermənilər buna da razılaşmadılar.
1998-ci ildə Levon Ter- Petrosyan, hər halda Azərbaycanla münaqişənin Ermənistanı hansı dibsizliyə sürüklədiyinin fərqinə varmış kimi göründü. Ermənistan regionun bütün iri miqyaslı proyektlərindən kənarda qalırdı. Bakı bu proyektlərin reallaşdırılması üçün əsas şərt olaraq Ermənistanın orada olmamasını irəli sürürdü.
Iş hətta o yerə gəlib çıxmışdı ki, Ermənistanda beynəlxalq bank köçürmələri də həddən artıq məhdudlaşmışdı. Beynəlxalq bankçılıq qanunlarının prizmasından yanaşanda “Dağlıq Qarabağın Milli Bankı” ilə əməkdaşlıq Ermənistanın bank sistemini qanunsuz bank fəaliyyətində ittiham etmək üçün əsas yaradırdı. Ermənistan ÜDM-in həcminə görə dünyada ən aşağı yerlərdən birini tutur, ölkə kasıblıq içində boğulurdu. SSRI dağılandan sonra Ermənistan əhalisi sürətlə azalmağa başlamışdı. Belə bir şəraitdə Ermənistan prezidenti mediaya çıxaraq sülh danışıqlarının vacibliyini əsaslandırmağa başlamışdı. O zaman prezidentin silahdaşlarından biri belə bir qanadlı ifadə ilə yadda qaldı: “Erməni, hətta onun gözləri qarşısında qızını zorlasalar belə, Vətən naminə dözməlidir”. Eyhamın ünvanı aydın idi və burada Dağlıq Qarabağ nəzərdə tutulurdu. Amma ermənilər dözmədilər və mayın ortalarında, az qala, ümumxalq etirazı, öz çevrəsində olan qırğıların və xüsusilə də Qarabağ partiyasının lideri Robert Köçəryanın tələbi ilə Levon Ter Petrosyan istefaya getməyə məcbur edildi.
Və nəhayət, münaqişəni sülh yolu ilə etmək üçün sonuncu şans 1999-cu ilin payızında meydana gəldi. Təklif edilən bu sülh variantının detalları o qədər əhatəli idi ki, o, hər iki tərəfdə- həm Bakıda, həm də Yerevanda ciddi siyasi böhran yaratdı. Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalır, amma öz ordusunu, öz valyutasını yaratmaq hüququ ilə Bakıdan minimal asılılığı qəbul edir. Sülh müqaviləsinin prinsipi “ümumi dövlət” adlanırdı. Bu müqavilənin müəllifi Vaşinqton idi, amma kuluar söhbətlərinə görə, həm Bakı, həm də Yerevan buna razılıq vermişdi. O zamankı istefaları yada salmaq olardı. Əliyevin bütün hakimiyyəti dövründə məmurların hakimiyyətin hərəkətlərinə etiraz olaraq istefaya getməsi faktı baş verdi. Sülh zamanı da əlverişli idi. Rusiyanın başı hakimiyyətin Yeltsindən Putinə ötürülməsinə, daxili münasibətlərdə Primakovla Lujkov arasında münasibətlərin aydınlaşdırılmasına qarışmışdı, ordu isə Çeçenistanda qanlı savaşın içində idi. Hər kəs ehtimal edirdi ki, bu vurhavurda Kreml Cənubi Qafqazdakı hadisələlərə müdaxilə etmək halında deyil. Amma Ermənistan parlamentində açılan atəşlər Azərbaycanı müharibədən daha pis olan sülhdən xilas etdi. Ötəri baxışla da müəyyən etmək mümkündür ki, belə bir şəraitdə hər cür sülh Azərbaycan tərəfdən məğlubiyyətin etitafı demək olardı. Ola bilər ki, təbiidir, çünki biz hərbi əməliyyatları uduzmuş tərəfik. Və hər bir sülh müqaviləsi hərbi əməliyyatların nəticəsinin sənədləşdirilməsi deməkdir.
O qədər güclü olmaq ki…
Əlbəttə, özümüzü bu fikirlərlə də nə qədər desən təskinlik verə bilərik ki, əgər Azərbaycanda hakimiyyət dəyişsə, ölkədə elə bir cəlbedici şərait yaranar ki, ermənilər buralarda yaşamağa dörd əllə razı olarlar. Ola bilər ki, hətta indi də, kütləvi korrupsiya və total rüşvətxorluğa, məmur özbaşınalığına baxmayaraq Dağlıq Qarabağ ərazisindən, hətta Ermənistan ərazisindən də ermənilərin Azərbaycana kütləvi köçü başlasın. Amma onlar torpaqları işğal etmədən, yalın əllə gələ bilərlər.
Sülh müqaviləsi isə alınmadı. “Xaç atası” filmində deyildiyi kimi: “Sənin yanına barış təklifi ilə gələn hər kəs- xaindir”.
Çünki bütün bu 20 il ərzində atəşkəsin imkan verdiyi heç bir iş görülmədi. Nə diplomatik müstəvidə, nə də ordu quruculuğu sahəsində. Hər yer korrupsiyaya qurban verildi. Barış təklifi ilə gələnlər və gedənlər yalnız bununla məşğul oldular.
Möhsün Hacıyev


