Iqtisadçı ekspert Nemət Əliyev öz «facebook» səhifəsində dəmir yol nəqliyyatının vəziyyətindən yazdı
“Azərbaycan nəqliyyatı” seriyasından davam edirik. Respublikanın dəmir yollarında acınacaqlı vəziyyət hökm sürür. 1990-cı illə müqayisədə dəmir yolları ilə yük dövriyyəsi 37 milyard ton/km-dən 8 milyard ton/km-ə qədər düşüb. 29 milyard azalma var. Daşınan yüklərin həcmi 141 milyon tondan 29 milyon tona enib. Azalma 112 milyon ton və ya 5 dəfəyə yaxındır. Inkişafın buralarda izi-tozu görünmür…
Buralar, bir növ “bataqlıq” təəsüratı yaradır. Buraya yatırılan milyonlar üzə çıxmır, “batır”. Dəmir yollarında vəziyyət olduqca ağırdır. Yalnız dəmir yollarına 2000-2007-ci illərdə 87,7 milyon manat, 2008-2010-illərdə isə daha 19,5 milyon manat sərmayə qoyulub. Üst-üstə 107,2 milyon manat kapital yatırılıb. Lakin, burada yükdaşımaların səviyyəsi 2012-ci ildə 7 milyon tondan çox azalıb(2006-cı illə müqayisədə). 23,5% enmə olub. Yerli əlaqələr 33%, ölkələrarası əlaqələrÿ20% zəifləyib. Görülən işlərin həcmi 2,8 mlrd ton/km azalıb. 2008, 2009, 2010-cu illərdə dəmir yollarında yük daşıma fəaliyyətindən mənfəət götürmək mümkün olmayıb. Mənfəət bir yana qalsın, ZIYANIN qarşısını kəsmək müşkülə çevrilib. 42 milyon 109 min manat zərər dəyib.
Bəs, kapital kimi yatırılan milyonlarla pullar nə üçün zərər verib? Olmaya əlavə vaqonlar, yük konteynerləri alınıb?
Heç oxşamır. Təsdiq olunan məlumatlara görə, 1995-ci ildən sonrakı dövrdə yük vaqonlarının sayı 11 min 313 ədəd, konteynerlərin sayı 13 min 676 ədəd azalıb. Sərnişin vaqonlarının sayı da düşüb. Yoxa çıxan vaqonların və konteynerlərin yeri boş qalıb.
Bu cür izaholunmaz ziddiyyətlərə gətirib çıxaran vəzifəlilərin kimliyi, məsuliyyəti müəyyən olunubmu?
Hesablama Palatasının, Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin Azərbaycan Dəmir Yollarında baş verənlərə münasibətindən xəbər tutan varmı?


